Astara rayonundan olan 110-dan artıq ziyalı yerli əhəmiyyətli, XIX əsrə aid memarlıq abidəsi olan “Kərbəlayi Həmid Abdulla Hamamı” və “Ləm”in müvafiq qurumların biganə münasibəti səbəbindən uçulub-dağılma təhlükəsinin olması və abidələrlə bağlı təcili addımların atılmasına dəstək göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya müraciət edib.
Ziyalılar müraciəti Qaynarinfo vasitəsilə ediblər. Müraciətin mətnində deyilir:
“Hörmətli Mehriban xanım Əliyeva,
Yüksək yaradıcılıq və təşkilatçılıq qabiliyyətiniz sayəsində xalqımızın mədəniyyətini dünya ictimaiyyətinə tanıtmaq istiqamətində böyük işlər görmüsüz. Sizin qarşıya qoyduğunuz vəzifələrdən biri də bütün bəşəriyyətə məxsus olan tarixi və mədəni abidələrin bərpasıdır. Hörmətli, Mehriban xanım , rəhbərliyiniz və diqqətiniz sayəsində ölkəmizdə tarixi memarlıq abidələrinin qorunması və bərpası istiqamətində də işlər görülür. Yüzlərlə tarixi abidələr bərpa edilərək öz tarixi görkəmlərinə, missiyalarına qaytarılmaqla canlanırlar.
Respublikamızda olan abidələr sırasında Astara rayonunun Ərçivan qəsəbəsində olan iki tikili “Kərbəlayı Həmid Abdulla hamamı” və “Ləm” abidəsi də də vardır.
“Kərbəlayı Həmid Abdulla hamamı”
Hamam 1806-cı ildə Kərbəlayi Həmid Abdulla (4116 invertar) tərəfindən tikilib. Səkkiz günbəzdən ibarət olan hamam yumurta sarısı və ocaq külünün qarışığından hazırlanmış məmulatla çiy kərpicdən hörülüb. Bir zamanlar ərçivanlılara, həm də qonşu kəndlərin sakinlərinə xidmət edən hamamdan həftənin iki günü qadınlar, qalan günləri isə kişilər istifadə ediblər.
“Ləm” abidəsi 1906-cı ildə (4091 invertar) inşa edilib
Cənub zonasında "ləm" adlanan yay evləri də xüsusi orijinallığı ilə seçilir. XVIII-XIX əsrlərdən qalan bu tikililərə, ən çox Lənkəran, Astara və Masallı rayonlarının ərazisində rast gəlinir. Vaxtilə, təkcə Astaranın Ərçivan qəsəbəsində 50-yə yaxın "ləm" olub. Zaman keçdikcə, təbii fəlakətlərin təsirindən və yaxud da baxımsızlıqdan bu tikililər dağılıb. Bölgədə hazırda, "Ulduz" filminin əsas səhnələrindən olan, Məhəmmədlə Zuleyxanın dialoqunun çəkildiyi “ləm” abidəsidir. Astaraya gələn yerli və əcnəbi qonaqlar, daim filmin çəkildiyi həyətə baş çəkirlər.
Şərq üslubunda tikilmiş və ötən əsrin sonlarına kimi fəaliyyət göstərən hamam və "ləm" 2001-ci ildən Nazirlər Kabinetinin qərarı ilə yerli əhəmiyyətli tarixi abidə kimi qorunsa da, bu abidələrin mühafizəsi heç də ürəkaçan deyil. Bu gün hər iki abidənin arzuolunmaz vəziyyətdə olması ən çox yerli sakinləri narahat edir. Mədəniyyət Nazirliyindən məsələni diqqət mərkəzində saxladıqları bildirilsə də, hələlik ortada real iş yoxdur.
Hörmətli Mehriban xanım, Sizin dediyiniz kimi, tarix və mədəniyyət abidələri xalqımızın milli sərvətidir. Biz, ziyalılar, abidələrin əsaslı şəkildə restavrasiyasına yardım etməyinizi Sizdən xahiş edirik. Əgər bu abidələr yaxın vaxtlarda təmir olunmazsa, uçulmaq təhlükəsi ilə üz-üzə qalacaqdır”.