Ceyhun Musaoğlu
Vəziyyət həqiqətən acınacqlıdır. 2 həftə əvvəl COVİD-19-a Azərbaycanda 272 nəfər yoluxmuşdusa, bu gün 1736 rəqəmi ilə üzləşmişik. Bir ay öncə 46 nəfərə qədər azalan yayılma, sürətlə artdı.
Hələ koronavirusun müxtəlif qorxulu adlar altında növbənöv peyda olmasını da bu sıraya daxil etsək, faciəvi vəziyyətə düşdüyümüzün fərqinə vararıq.
Əslində fərqinə varmalıydıq. Görünən odur ki, bu dəhşətli xəstəliklə yenə ciddi rəftar etmirik. Mübarizəyə çox yaxşı başlamışdıq. Qapanmalar, məhdudiyyətlər dadımıza çatmışdı. Adamlar da vəziyyətin kritik olduğunu dərk edərək, qadağaları qaçılmaz variantlar kimi qəbul edirdilər. Metro işləmirdi, həftənin sonuncu günləri küçəyə çıxmaq yasaq idi, toy etmək olmazdı, küçədə maska taxmayanlar cərimələnirdi. Bütün bu kimi tədbirlər virusun dəhşətli bəlalar törədəcək gücdə olduğunu bizə təqliq edirdi. Əlbəttə, qapanma qərarı verənlər vətəndaşların əziyyət çəkdiyini də bilirdilər, elə o üzdən mərhələli şəkildə yumuşalma tədbirləri həyata keçirilirdi.
Heç unutmarıq: sürətlə modul tipli xəstəxanalar tikilirdi, pandemiya ilə mübarizə üçün zəruri infrastruktur yaradılırdı, bütün texniki-təşkilati məsələlər uğurla həll edilirdi, tibb işçiləri sutkalarla yatmadan xəstələrin müalicəsinə çalışırdı, təcili-tibbi yardım maşınlarının bir dəqiqə dayanmağı olmurdu, virusa yoluxanlar evdən bayıra çıxmırdı, çıxanlarsa cərimələnirdilər, polisin nəzarətindən yayınmaq da mümkün deyildi, Opertaiv Qərargah həftədə br dəfə toplanırdı. Dünyanın əksər ölkələri Azərbaycanın koronavirusla mübarizəsini nümuanə kimi göstərirdilər. ÜST bu mövzuda açıqlamalar yayarkən dəfələrlə ölkəmizin adı ön sıralarda çəkilib.
Sonra çox giley etdik, yasaqlar içində çətinlik çəkdiyimizi söylədik. Hökumət də nəzərə aldı, həftə-həftə yumuşalma qərarları çıxdı. Hətta vəziyyət o yerə qədər dəyişdi ki, toylaraın keçirilməsinə icazə verildi.
Xəstəlik xain, biz arxayn. Nahaq belə etdik. Məhdudiyyətlər yumşalanda ondan sui-istifadə etməzlər axı. Toylara 50 nəfər, məsafəli davranış sərgiləməklə icazə verilmişdi, biz əksini etdik. Hamı ard-arda toy etməyə, özü də qonaqları iki-üç dəfə artıq çağırmağa başladı. Metrodan istifadə edənlər, basabası görüb iki qatarı buraxmaq əvəzinə, əksinə, sıxlığı özlərinə məskən seçdilər. Maska çənədən də aşağı sürüşdü. Axı kim demişdi ki, xəstəlik qurtarıb? Belə bir arxayınlıq yaradan ifadə heç kim işlətməmişdi.
Buyurun, Rusiya, İran, Gürcüstan COVİD-19-un məngənəsində çırpınır. Biz həmişə bu ölkələrdən daha yaxşı nəticələr əldə etmişdik. Vaksinasiya prosesini də uğurla aparanlardanıq. Çox təəssüf bu prosesə də xələl gərirənlər oldu. Tibb işçiləri ilə sövdələşməyə girənlər, peyvənd olunmadan pasport almaq istəyinin güdazına düşdülər – həm tibb işçiləri cəzalandı, həm də iynə vurdurmayanların yoluxma riski birə beş artdı. Minlərlə insan göstərə bilərik ki, əksəriyyəti peyvəndlənmədən sonra virusa tutulmayıb, tutulan olubsa da çox yüngül keçirib. Bütün ölkələr vaksinasiyanı bir xilas yolu kimi dərk etdiyi, hər kəs könüllü şəkildə peyvənd olunaraq müsbət nəticələr yaşadığı halda, bizdə vaksin ətrafında xoxan obrazı yaratmaqla mübarizəmizin effektivliyinə zərbə vurduq. Kütlə psixologiysına uyğun olaraq “o vaksinin tərkibində ziyanlı şeylər var” düşüncəsinə pərçimlənməyimizin nəticəsində başqa dövlətlərin xilas kimi baxdığı vasitəyə dodaq büzdük. Guya biz yaxşı hesablamğı bacarırıq. Əslində biz heç nəyi hesablamalı deyilik. Dövlət var, hökumət var. Onlar nəyi necə etdiklərini gözəl bilirlər.
Faktiki vaksinasiya prosesi sürətlə aparırılır. Sadəcə bu proseslə yanaşı, qadağalara, xüsusən də maska taxmağa, məsafəli davranmağa, gigiyenik qaydalara əməl etməyə ciddi səy göstərsək, virusla birgə mübarizə aparmış olarıq. Belə olmaz: sən, o, onlar qadağalara əməl edir, mən qulaqardına vururam. Bircə nəfərin məsuliyyətsizliyi yüzlərlə inasanın sağlamlığını təhlükəyə atır.
İnsafla yanaşsaq, görərik ki, biz nə istədik hökumət onu etdi. Çox təəssüf hökumət nə istədi, biz onu etmədik. Halbuki onun istədiyi bizim sağlamlığımızın qorunması idi.
Təəssüf xəstəxanalara düşənlərin sayı artır, reanimasiyalar yenə dolmağa başlayır, ölüm halları çoxalıb. Yeganə çıxış yolu vətəndaşların vaksinasiya prosesinə daha fəal cəlb olunmasınn, qapalı məkanlarda maskadan istifadənin, ara məsafənin saxlanmasının, gigiyenik qaydalara riayət olunmasınının vacibliyini dərk etmək, bu tələbləri səmimiyyətlə yerinə yetirməkdir.
Virusun yeni yarandığı dövrdə apardığımız mübarizə əzmini yenidən qaytarmalıyıq. Jurnalistlər, xüsusən TV-lər, saytlar, bloqlar, sosial şəbəkələr maarifləndirici roliklər hazırlamalı, ziyalılar, ictimai xadimlər, mütəxəssislər verilişlərə dəvət olunmalı, el dilində əhaliyə vəziyyətin acınacaqlı olduğunu izah etməlidirlər.
Əvvəllər xəstəxana və reanimasiya şöbələrindən reportajlar hazırlanardı, laqeydliyin və təhlükəsizlik tədbirlərinə riayət olunmamağın hansı ağır nəticələrə gətirib çıxardığı xəstələrin timsalında bariz nümunə kimi göstərilərdi. Bu kimi mübarizə tədbirlərini yenidən başlatmağın vaxtı çoxdan çatıb.
Qonşu ölkələrə baxaq: Tkiyədə gündəlik yoluxma son 3 ayıda maksimum həddə yüksəlib. İyul ayı ilə müqayisədə yoluxanların sayı 6 dəfə artıb. İyunda bu rəqəm 5-7 min idisə, indi isə 22-25 min təşkil edir. Gürcüstanda son sutkada 3344 nəfər yoluxub, 30 nəfər vəfat edib. Rusiyada yalnız paytaxt Moskvada son sutkada yoluxanların sayında 20 faizlik artım qeydə alınıb. İranda yoluxmada son vaxtların maksimum göstəricisi yaşanıb – bir gündə 39 min 619 yoluxma halı.
Virusun yeni ştammı yayılır. Artıq neçə adda desən ştamma rast gəlinir. ÜST ekspertləri deyiblər, yeni ştamlar yarana bilər, onların sayı o qədər arta bilər ki, yunan əlifbasında hərflər çatmaz. ABŞ-ın Milli Allergik və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauci isə belə deyib: “Peyvənd edilənlərin sayının artması daha da təhlükəli koronavirus növlərinin ortaya çıxmasının qarşısını ala bilər, əks halda peyvəndlərin verdiyi qorunmanı aşa biləcək yeni bir infeksiyanın ortaya çıxması mümkündür”.
Görün virusa yolxma nəticəsində kimləri itirdik: yaxınlarımızı, əzizlərimizi, xalqın sayılıb-seçilən insanlarını. Hələ bu dəhşətli dövrdə 30 illik yurd həsrətimizə də son qoyduq. Mənfur düşmən üzrəində 44 gün içərisində qələbə qazanıb, Qarabağımıza qovişduq. Bizə - qalib xalqa virusa məğlub olmaq yaraşmaz. Cəbhədə düşmənə qarşı bir nəfər kimi birləşib qalib gəldik. Arxa cəbhədə də virusa qarşı belə birləşməliyik. Əks təqdirdə faciələr yaşamağımız qaçılmaz olacaq. Biz dövlətə kömək etməsək, bu dövləti idarə edən hökumət yenidən sərt qapatma rejimi tətbiq etməklə bizə kömək olacaq. Prosesin qapanmaya doğru sürətlə irəlilədiyi bir məqamda onun yolunu dəyişmək bizim məsuliyyətimizdən və tələblərə yüzdə yüz əməl etməyimizdən bir başa asılıdır.