"Tarix boyunca periodik olaraq müxtəlif dövrlərdə infeksion xəstəliklər yayılıb. Adətən belə xəstəliklər kəskinləşdikdə epidemiya, pandemiya formasını alıb. Pandemiya həddinə çatan infeksion xəstəliklərin qarşısını isə əsasən peyvəndlərlə almaq mümkün olub".
Bunu Azərbaycan Tibb Universitetinin (ATU) Klinik Diaqnostik Laboratoriyasının şöbə müdiri, tibbi mikrobiologiya və immunologiya kafedrasının baş müəllimi Yavər Hacısoy bildirib.
Mikrobioloq alim bildirir ki, bütün infeksiyaların profilaktikasında peyvəndləşmə hər zaman bir nömrəli rol oynayıb:
"Koronavirusa qarşı peyvəndləşmənin əhalidə bu qədər qorxu yaratması isə sadəcə təəssüf doğrur. Axı bütün dünyada, eləcə də Azərbaycanda hər bir insan anadan olan kimi mütləq şəkildə bəzi xəstəliklərdən peyvəndlənir. Vaksinlərin fəsadları, yan təsiri ilə bağlı qorxular əsassızdır.
Gündəlik həyatda demək olar hər gün müxtəlif tərkibli ağrıkəsicilər, təzyiq dərmanları, müxtəlif dərmanlar qəbul edən insanlar kifayət qədərdir. İstənilən dərmanın təlimatını oxuduqda, onun kifayət qədər yan təsiri olduğunu görmək olar. Amma insanlar heç buna fikir vermirlər. Bir həkim yoldaşımızın da qeyd etdiyi kimi, vaksinin yan təsiri aspirinə nisbətən daha azdır. Halbuki indiki dövrdə bir çox insan asanlıqla bu dərmanı içsə də, vaksinləşməyə tərəddüd edir”.