Son günlərdə ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım müşahidə edilir. Bununla əlaqədar paytaxt Bakı şəhərində vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun yayılmasının qarşısının alınması üçün genişmiqyaslı kompleks tədbirlər həyata keçirilir.
Əhali arasında virus əleyhinə vaksinasiya tədbirlərinin səviyyəsinin monitorinqi və vəziyyətin yerində öyrənilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi ilə birgə yaşayış məhəllələrində, komplekslərində, həyətlərdə reydlərə başlanılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən HİT.az-a verilən məlumata görə, gün ərzində nümayəndələr sakinlərlə görüşür və mənzillərdə fərdi söhbətlər aparırlar.
Reydlər zamanı yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə vətəndaşlara ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir. İlkin nəticələr onu göstərib ki, bəzi insanlar arxayınlaşaraq vaksinasiya məsələlərinə laqeyd yanaşır və heç də hər yerdə maarifləndirmə işləri lazımı səviyyədə deyil. Bununla əlaqədar işlərin zəif olduğu rayonlara kömək məqsədi ilə məsul əməkdaşlar təyin edilib.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bir sıra paytaxt rayonları başçılarına iradlar bildirilib, onlara vətəndaşlarla maarifləndirmə və fərdi söhbətlərin aparılması işlərin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.
Bir daha bildiririk ki, koronavirus pandemiyası ilə mübarizə millətin təhlükəsizliyi məsələsidir. Pandemiyadan xilas olunmaq üçün vətəndaşlarımız ilk növbədə vaksinasiya olunmalı, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etməlidirlər.