Prezidentin general rütbəsi verdiyi zabitlər kimdir? - DOSYE

ÖLKƏ
10:41 / 18.08.2021
3229

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin 4 hərbi qulluqçusuna - general-mayor Cavid Mirhəmzə oğlu Abdullayevə, Elşən Ələkbər oğlu Verdiyevə general-leytenant, polkovnik Babək Vahid oğlu Qurbanova, Faiq Həmzəağa oğlu Məmmədova general-mayor ali hərbi rütbələr verilməsi haqqında sərəncam imzalayıb. 

Qaynarinfo sözügedən generalların kimliyi ilə bağlı araşdırma edib:

General-leytenant Cavid Mirhəmzə oğlu Abdullayev - Lənkəranda anadan olub. Cavid Abdullayev ikinci Qarabağ müharibəsində göstərdiyi böyük şücaətə görə "Qarabağ" ordeninə layiq görülüb. Xidmət illəri ərzində "İgidliyə görə" medalı ilə, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Hazırda DSX-nin Maddi-Texniki Təminat Baş İdarəsinin rəis müavini vəzifəsində çalışır.

General-leytenant Elşən Ələkbər oğlu Verdiyev - Yardımlıda anadan olub. O, uzun illər Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi olub. Ötən ilin may ayında Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatda saxlanılan DSX Sahil Mühafizəsinin rəisi general-leytenant Nağıyev Əfqan Vəli oğlu saxlanıldıqdan sonra, onun yerinə təyinat alıb. Elşən Verdiyev hazırda Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi İdarəsinin rəisi vəzifəsində çalışır. Xidmət illəri ərzində bir sıra orden və medallarla təltif edilib.

General-mayor Babək Vahid oğlu Qurbanov - 1982-ci ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub. Polkovnik kimi Vətən müharibəsində iştirak edən B.Qurbanov Prezident İlham Əliyev tərəfindən "Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Eyni zamanda "Cəbrayılın azad olunmasına görə”, "Zəngilanın azad olunmasına görə” medalları ilə də təltif edilib. Maraqlıdır ki, Babək Qurbanovun əkiz qardaşı Bayram Qurbanov da hərbçidir. Babək Qurbanovdan fərqli olaraq, əkiz qardaşı Xüsusi Təyinatlı Qüvvələrin zabitidir. Polkovnik-leytenant Bayram Qurbanov da qardaşı kimi Vətən Müharibəsinin iştirakçısı olub və Prezident tərəfindən Şuşanın, Kəlbəcərin, Cəbrayılın azad olunmasına görə, eləcə də "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib. 

General-mayor Faiq Məmmədov - Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə qoşunlarında xidmət edib. Faiq Məmmədov uzun müddət HHQ və HHM qoşunlarının Bakı yaxınlığındakı hərbi hissələrindən birinin komandiri olub. Sabiq komandan, general-leytenant Rail Rzayevin ən yaxın adamlarından biri kimi tanınıb. F.Məmmədov 2013-cü ilin noyabr ayında Müdafiə Nazirliyində təxris olunandan sonra, Dövlət Sərhəd Xidmətində xidmətini aviasiya sahəsində davam etdirib. DSX-da xidmətdə olarkən F.Məmmədov Prezident İlham Əliyevin sərəncamı ilə, 2014-cü ildə "Vətən uğrunda” medalı ilə, 2016-cı ildə "İgidliyə görə” medalı, 2020-ci ilin dekabr ayında 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

0