İmam Hüseyn (ə) və 72 şühəda ayına təsadüf edən ömrün 72-ci baharı

ÖLKƏ
13:49 / 23.08.2021
3781
1949-cu ilin yayı idi, hava çox isti olduğundan quraqlıq baş alıb gedirdi. Cil kəndinin otlaq sahələrində otlar saralmış, dilsiz heyvanlar susuzluqdan əziyyət çəkirdi. 26 avqust səhəri yağan bərəkətli yağış Cümə gününün əzəmətininin müjdəçisi idi. Həmin gün Hümmət kişinin evində 5 qızdan sonra oğul övladının dünyaya gəlməsi bayrama çevrildi. Talış bölgəsində oğul övladı ata evinin çıraq yandıranı kimi qəbul edildiyindən Hümmət kişi bu xəbəri eşidəndə gözlərinə işıq gəldi. Əllərini İlahi dərgahına qaldıraraq "evimin çıraq yandıranı, həyanım olan oğul övladını mənə verdiyin üçün şükürlər olsun Sənə. Adını Allahşükür qoyuram, ömrünü və ruzisini Sən ver.”  Anası Kafiyə xanım oğlunu Allah yolunda, Xanım Fatimə (s.ə) və İmam Hüseyn (ə) yolunda nəzir dedi. Ana qəlbi həssas olar. Həmin dövrdə bağçadan, universitetlərə qədər hər yerdə ateizm təbliğ olunur, din xadimi olacaq bir şəxsin gələcəyi demək olar ki, uçuruma gedəcəkdi. Görəsən, ana ürəyinə bu səda hardan gəlmişdi. Demək bu böyük Allahın istəyi idi. 
 
Kafiyə ana Hümmət kişinin alın təri ilə qazandığı ruzi ilə övladını ərsəyə çatdırır. Yazıb, oxumaq yaşına çatanda, kənddə yaşayan Molla İzzətdən Quran dərsini almağa göndərir. Veravul kəndində orta məktəbdə dərslərə mükəmməl hazırlıqlı gəlməsi nə müəllim, nə də sinif yoldaşları tərəfindən dini dərs alması hiss olunmurdu. Sonralar Masallının Babaser kəndində yaşayan Şeyx Qüdrətdən dərs almağa başlayır. Şeyx Qüdrət Axund gənc tələbəsinin dərrakəsinə, Quran ayələrini Hicaz avazı ilə oxumağa cəhd etməsinə heyran olurdu. Onun bu cəhdləri, verilən tapşırıqları səylə, düzgün yerinə yetirməsi böyük gələcəyi olacağından xəbər verirdi. Sevimli tələbəsi Allahşükürə Özbəkistanın Buxara şəhərindəki "Mir-Ərəb” mədrəsəsinə dini təhsil almaq üçün getməyə zəmanət verərkən onun üçün Allahdan zehin aıqlığı istəmiş və "oğlum Əhmədi də sənə əmanət edirəm. Bir-birinizdən muğayat olun, dərslərnizi birlikdə öyrənin.” tapşırığını vermişdi.
 
 
1968-1970-ci illərdə Özbəkistan Respublikasının Buxara şəhərində "Mir-Ərəb” mədrəsəsində təhsilini başa vuran Allahşükür Paşazadə Vətənə qayıtdıqdan sonra təhsilini kamilləşdirməkdən ötrü 1971-ci ildə İmam əl-Buxari adına Daşkənd İslam İnstitutunun ilahiyyat fakültəsinə daxil olmuş və 1975-ci ildə bu ali ruhani təhsil ocağını müvəffəqiyyətlə bitirərək tam ali dini təhsilə yiyələnmişdir.
 
 İlk iş yeri Zaqafqaziya Müsəlmanları İdarəsində məsul katib, daha sonra "Təzə Pir” məscidinin axundu, sədrin müavini olan Allahşükür Paşazadə ona verilən etimadı doğrultmuş, 1980-ci ildə isə Zaqafqaziya Müsəlmanları İdarəsinin sədri seçilmişdir. Bu vəzifədə on ikinci Şeyx olmaq onun tale qisməti olmuşdur.
 
Şeyxülislamlıq dönəminin ilk çağları sovet rejiminin gərgin illərinə təsadüf edirdi, daim daxilində olan təlatüm Vətən-millət sevgisi onu böyük imperiyada allahsızlıq ideyalarının-ateizmin tüğyan etdiyinə baxmayaraq İdarə nəinki özünün mahiyyətini dəyişmədi, hətta daha da genişlənərək, möhkəmlənərək regionun ən güclü dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinə çevrildi. 
 
1989-cu ildə ilk müsəlman din xadimi kimi SSRİ Ali Sovetinə xalq deputatı seçildi. Orada qətiyyətlə özü üçün namaz otağı tələb etdi və hər gedişində də sivil geyimdə deyil, din xadimi kimi geyinirdi. Bunun özü də din düşmənlərinə böyük göz dağı idi. 
 
1991-ci ildə Beynəlxalq İslam Konfransının Dakar zirvə toplantısında Azərbaycanı böyük risk hesabına Şeyxülislam Hacı Allahşükür Paşazadə təmsil edirdi.  Dünyanın 47 müsəlman ölkəsinin təmsil olunduğu bu böyük konfransda Azərbaycanın müstəqilliyinin tanınması, məhz Allahşükür Paşazadə tərəfindən tanıdılması, respublikanmızın bu quruma müsəlman ölkəsi kimi qəbul edilməsi, Qarabağ probleminin beynəlxalq müstəviyə çıxarılması demək idi. Toplantıda iştirak edən Türkiyə, Səudiyyə Ərəbistanı Krallığı, Əlcəzair, Misir və iyirmiyə yaxın ölkənin dövlət rəhbərləri ilə şəxsi görüşləri sayəsində Şeyxülislam həzrətləri Azərbaycanı həm İslam Əməkdaşlıq  Konfransı Təşkilatının, həm də İslam İnkişaf Bankının tamhüquqlu üzvü seçilməsinə nail olmuşdu. Məhz həmin toplantıda Pakistanın Baş Naziri Nəvaz Şərif ölkəsinin Azərbaycanın müstəqilliyini tanıdığını ilk olaraq rəsmən bəyan etmişdi.
İslam Əməkdaşlıq Təşkilatına üzv olmaq Şeyxülislamın ilk uğurlu addımı deyildi, ondan əvvəl 1988-ci ildən başlayan Ermənistan-Azərbaycan münaqişəsi, 1990-cı ildə 20 yanvar faciəsi zamanında da qətiyyətli fikirləri ilə seçilirdi. Necə ki, İtaliyanın məhşur "Reppublika” qəzetinə 24 yanvar 1990-cı ildə verdiyi müsahibəsində deyirdi, "...Bakıya qoşun yeritmək haqqında qərar səhv, özü də dəhşətli səhv idi. Mən tankların əleyhinəyəm və elə düşünürdüm ki, Qorbaçov da əleyhinədir. Yenidənqurmanın taleyi də bu qədər günahsız adamın ölümünə haqq qazandırmaz.” Şeyxülislam həmin müsahibədə Qarbaçovu amansızcasına tənqid edir. Qərbi o cümlədən İtaliyanı həmrəyliyə səsləyir: " Mən müharibə istəmirəm. Evimizdə uzun müddətdir ki, uzaq müharibənin izi görünür: atam cəbhədə bir ayağını itirmiş, üç dəfə yaralanmışdır. Mən tələb edirəm ki, xristian qardaşlarımız həqiqəti bilsinlər. İnanıram ki, Vatikanın səsini eşidəcəyik. Bütün dünyadan xahiş edirəm ki, bizi başa düşsünlər, bizə tərəfdar çıxsınlar və bizimlə əlaqə saxlasınlar ki, indiki təklənmədən yaxamızı qurtara bilək.”
 
 
Şeyxin Qorbaçova yazdığı məktubu bir daha nəzərdən keçirək: ""Nə qədər olsa da mənim sözlərim Azərbaycan xalqının sonsuz kədərini, milyonlarla insanın ürəyinə hakim kəsilmiş müsibəti heç cür çatdırmaq iqtidarında deyil.
 
Mən bunları ona görə demirəm ki, Siz bizim dərdimizə şərik olasınız, kədərimizi bölüşəsiniz. Bu, mənim bütün xalqım üçün təhqir olardı. Yanvarın 19-dan 20-ə keçən gecə və sonrakı günlər Bakıda törədilən vəhşiliklər heç bir ölçüyə sığmır. Şəhərin küçələri yüzlərlə günahsız qurbanların qanına boyanıb. Bunların arasında uşaqlar, qadınlar və qocalar var. Onların tankların tırtılları altında qalmış, pulemyot və avtomatlarla tikə-parça edilmiş cəsədləri insanı dəhşətə gətirir. Bir dövlət başçısı kimi sizin imzanızla törənən bu qanlı qırğına, bu dəhşətli cinayətə heç bir bəraət ola bilməz. Qoşunların yeridilməsi üçün uydurulmuş bütün səbəbləri Azərbaycan xalqı nifrət və qətiyyətlə rədd edir. Həmin səbəblərdən biri də guya Sovet dövləti üçün təhlükə sayılan qondarma "İslam faktoru" ortaya atılmışdı. Bununla əlaqədar mən aşağıdakıları bildirirəm. İman əhli olmaq, o cümlədən, islama mənsubiyyət, əslində, günah hesab edilən şovinizmdən, milli lovğalıqdan uzaq olmaq deməkdir. Çox yaxşı bilirsiniz və bunu mənim sizə vaxtilə dediklərim də sübut edir ki, Zaqafqaziyanın müsəlman ruhaniləri siyasi və millətlərarası münaqişələrdə dindən silah kimi istifadə etmək niyyətində olmayıb. Çox yaxşı bilirsiniz ki, diyarımızda baş verən hadisələrin ən ağır anlarında islam ağıla və bütün məsələlərin dinc yolla həllinə çağırmışdır. Belə olduğu halda, uydurma "islam faktorunu” hərc-mərclik törədən bir səbəb kimi ortaya atmaq qəzəb doğurmaya bilməz. Tamamilə aydındır ki, bununla müəyyən məqsəd güdülüb. Demək, müsəlmanları xristianlara qarşı qoymaqla millətlərarası toqquşmaları daha da kəskinləşdirmək niyyəti güdülüb. Siz bilin ki, bu faciə ilə bağlı əsl həqqəti dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni edəcəyik. Çünki o dövlət ki, imperiya hökmranlığı niyyəti ilə millətlərarası çaxnaşmaları aradan qaldırmaq əvəzinə onu daha da qızışdırır, o dövlət ki, öz ordusunu öz vətəndaşlarının qatilinə çevirir, o dövlət ki, öz adamlarına layiqli güzərandan daha çox ölmək hüququ verir, belə dövlət ancaq nifrətə layiqdir. Bakıda canlı insan ürəklərinə tuşlanmış güllələr milyonlarla insanın yenidənqurmaya olan son ümidlərini məhv edən bir atəşidi. Özlərini əsl işğalçı kimi aparan, cəza qoşunlarını Bakıya yeritməklə siz sovet hökumətini rüsvay etdiniz və bununla təsdiq etdiniz ki, müstəqillik və xalqların ləyaqəti kimi anlayışlar bu hökumətə tamamilə yaddır. Siz bununla özünüzü bir siyasi xadim və bacarıqsız dövlət başçısı kimi ifşa etdiniz. Sizin haqqınızda yaranmış bir əfsanə də puç oldu, çünki bir əli ilə xarici məmləkətlərdə sülh sazişi, o biri əli ilə öz vətəndaşlarına qarşı cəza tədbirləri imzalayan adamı "Sülh uğrunda mübariz” adlandırmaq ən azı ləyaqətsizlikdir. Ən qanlı müharibələrdə həkimlərə, tibbi yardım göstərənlərə atəş açılmayıb. Sizin əmrinizlə Bakıya hücum edən qoşunlar isə yaralılara kömək göstərən iki həkimi də güllələyiblər. Bütün Azərbaycan xalqının iradəsini ifadə edərək, mən Bakıdan qoşun hissələrinin dərhal çıxarılmasını qətiyyətlə tələb edirəm. Heç bir xalqla, həmçinin, azərbaycanlılarla silah gücüylə danışmaq olmaz. Bu, 10 gün, yaxud Əfqanıstandakı kimi 10 il davam edə bilər. Amma gec-tez ədalət və haqq işi qələbə çalmalıdır. Allah-Təalanın izni ilə, bu haqq işi Azərbaycanda da qalib gələcək. Məhz buna görə mənim xalqımın ən yaxşı oğul və qızları özlərini sovet qoşunlarının güllələrinə sipər etdilər. Dərin inamla və iman hissilə üzümüzü Allah-Təalaya tutur və onun ulu dərgahından bu gün şəhid olan balalarımız üçün rəhmət diləyirik. Qoy Allah-Təala bu fəlakəti mənim xalqımın başına gətirənləri, bu işə rəvac verənləri zəlil eləsin.Ya Rəbb! Vətənimin, elimin bu ağır günündə bizlərə özün kömək ol. AMİN!"
 
 
SSRİ-nin müxtəlif dövlət qurumlarından göstərilən təzyiqlər Şeyxülislamı Mixail Qarbaçova ünvanlanmış məşhur bəyanatını yazmağa vardar edir. Bəyanat "Təzə Pir” məscidinin həyətinə yığılmış şəhid vermiş valideynlərə, minlərlə insana oxunduqdan sonra bütün Bakı küçələrinə yapışdırıldı. Məhz bundan sonra müsəlman dünyası Azərbaycanın müdafiəsinə qalxıb. Küveytdə, Türkiyədə, Misirdə müsəlmanlar küçələrə axışaraq azərbaycanlılara dəstək göstərdilər. 
 
Şeyxülislam bu bəyənatı verməzdən əvvəl yanvarın 20-də dərhal şəhəri işğal etmiş sovet rəhbərliyinin müdafiə naziri Dmitri Yazovun Bakıda yerləşdiyi mənzil qərərgahına gedir. Ona ağır sözlər deyərək Sovet İttifaqının xalqımıza qarşı yürütdüyü məhvetmə siyasətinə etiraz edib. Nazir qışqıraraq yalnız əmrə tabe olduğunu bildirib. Şeyx isə kəskin tonla ona deyir ki, "Rusiya patriarxının yanında belə qışqıra bilərdinmi? Tutduğun əməllərə görə Allahın hüzurunda cavab verəcəksən”.
 
O zamanlar SSRİ daxili işlər naziri işləyən Vadim Bakatin də Yazovun yanında imiş və o, Yazova deyib: "Mən sənin yerində olsaydım, üzr istəyərdim”. Ertəsi gün Bakatin yazılı üzr məktubu ilə Şeyxin yanına gəlib.
 
Həmin vaxt şəhəri nəzarətə götürmüş sovet rəhbərlərinin gah şəhərin "bircə çevriliş etməyin, biz hər şeyə hazırıq” gah da SSRİ rəhbərlərindən biri olan Yevgeni Primakov Şeyxə təklif edib ki, "hakimiyyəti götürsün”. Allahşükür Paşazadə isə bunun tələ olduğunu dərhal anlayıb. Bu hiyləgərcəsinə edilmiş təklif Moskvanın Azərbaycanı dağıtmaq üçün qurduğu xüsusi plan olub. Primakovun həmin günlərdə Şeyxə "istərsən hakimiyyəti götür” deməsi böyük qırğınlara səbəb ola bilərdi. 
 
Biz dindarlar o dövrdə dövlətin ikinci dərəcəli vətəndaşları sayıldığımızdan mənim reaksiyam onlar üçün gözlənilməz oldu. Onlar siyasətə əl atdılar və 20 yanvarda baş verənləri İslam inqilabı kimi qələmə vermək üçün taktika işlətmək istədilər. Hətta SSRİ-nin rəhbərlərindən biri olan Yevgeni Primakov mənə dövləti idarə etməyi öz əlimə götürməyi təklif etdi. Məqsədləri məni tora salmaq, öz törətdiklərinə dini çevriliş donu geyindirmək idi. Biz bunu başa düşdük və mənım onlara cavabım belə oldu: "Mən din adamıyam, dövlət adamı deyiləm. Mənim 2 rükət namazım sənin verdiyin dövlətdən daha artıqdır”.
 
 
Qorbaçov məhz bunu nəzərə alaraq "islam ekstremizmi”ndən söhbət edirdi. Amma plan alınmadı. "Mən şirniklənib deməliyidim ki, dövlət mənəm. Sonra məni yıxmalıydılar və Azərbaycanı dağıtmalıydılar. Dövlət qalmamalıydı. Məhv olub getməliydik. Onların planında belə idi. Mən onlara imkan yaratmadım”,- deyə Şeyxülislam həmin günləri xatırlayır. Şeyxülislam həmin hadisələri hələ də unutmayaraq qeyd edir ki, "-Bilirdim ki, məni öldürəcəklər və bundan heç qorxmurdum. Hər şeyi göz önünə almışdım. O vaxta kimi dini liderin dövlət rəhbərinə, həm də SSRİ kimi dövlətin rəhbərinə belə müraciəti hələ olmamışdı.
 
Yanvar hadisələrində Şeyxülislam həm də 20 yanvar hadisələri zamanı Bakıda, Sumqayıtda, Gəncədə, Lənkəranda, Neftçalada və digər yerlərdə günahsız həbs olunmuş insanların, yaradıcı ziyalıların, fəhlə gənclərmizin bütün mümkün vasitələrdən istifadə etməklə azad olunması üçün çalışır,  süni yollarla yaradılmış problemlemləri həll etməyə tələsirdi. 
 
Yanvarın 22-də dəfn prosesinə rəhbərlik edən Şeyxülislam "Bu ağır gündə biz bir yerdə olmalıyıq” deyərək Azərbaycanda təmsil olunan dini konfessiyaların rəhbərlərini də dəfn prosesində yanına dəvət edib. Şahidlər xatırlayır ki, əlində ağ dəsmal olan Allahşükür Paşazadə göz yaşları içində boğulurmuş. Yüz minlərlə insanın qatıldığı dəfn mərasimi dinc və heç bir toqquşma olmadan keçib. Şeyx insan selinin qarşısında özü gedərək xalqı Şəhidlər Xiyabanına aparırdı. Şeyxin rəhbərliyi ilə 40 gün ardıcıl olaraq hüzn mərasimi keçirilmiş din xadimləri ilə birlikdə Qurani-Kərimdən ayələr oxunmuşdu. 
 
Dəfn prosesi Qafqaz müsəlmanlarının liderini xeyli sarsıtmışdı. Belə ki, müsahibələrinin birində qeyd edir ki,  "Faciə çox dərin idi. Qol gətirmişdilər, sahibi bilinmirdi, göz gətirmişdilər, kimin olduğu bəlli deyil. Şəhidlər Xiyabanında bir qəbir var, naməlum qəbiri, orada baş da var, qol da var, qıç da. Hamısını bir yerə yığaraq dəfn etmişik”.
 
Uzun illər keçsə də  son dövrdəki müsahibələrinin birində "44 günlük Vətən müharibəsi dövründə xalqımızın birliyi dəmir yumruğa çevrildi və şəhidlərimizin qisası alındı. Bu gün Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə qələbə qazandı. Bu qələbənin qədrini bilməliyik. 20 Yanvar qırğınının baiskarları, o cümlədən Mixail Qorbaçov cəzasını almalıdır. Mixail Qorbaçov bu yaxınlarda açıqlama verdi, ikibaşlı danışdı. O, hələ də ermənilərin maraqlarına xidmət edən açıqlamalar verir” deyərək günahkarların, şəhidlərmizin qatilllərinin unudulmadığını və unudulmayacağını fikirlərini bildirir. Xalqımız qanlı yanvar qırğınından sonra Azərbaycanda hakimiyyətsizlik olduğu günlərdə Şeyxülislam həzrətlərinin xalqın təsəllisi, nənahı olduğunu həmin günlərdə onun böyük zəhmətini unutmayacaqdır. 
 
Yuxarıda qeyd etdiyim kimi Qafqazda on ikinci şeyx seçilməsi onun tale qisməti olmuşdur. Bu heç də təsadüfi deyil, həyatda baş verən hər bir şey zərurətdən və uca Allahın əmri ilə baş verir. 57-ci surənin 2-ci ayəsində oxuyuruq: "...O, hər şeyə qadirdir!”. Ayədən də göründüyü kimi Allahın istəyi ilə hər şey baş verir, tənzimlənir, çünki O, özü ən böyük nizamlayıcıdır.
 
Şeyx həzrətləri dünyada tanınmış görkəmli din xadimi və böyük şəxsiyyətdir. Onun dedikləri, tövsiyələri bizim üçün örnəkdir. Hər sözündə dərin məna vardır. Bir ərəb şeyxinin çıxışında deyildiyi kimi:- Şeyx ilk baxışdan sakit dənizi xatırladır, ancaq dərinliklərinə varanda inci və mərcanla dolu bir xəzinə olduğunu görürsən
 
Bu gün isə 40  ildən artıq ömrünü Allah yolunda, islam yolunda, xalqın rifahı yolunda iman işığında müsəlman qardaşlarmızın, digər müxtəlif dinlərə inanclı insanlarla birgəyaşayış tolerantlıq şəraitində yaşaması üçün əlindən gələni etmiş Şeyximizin 72 yaşı tamam olur. Ömrünü bərəkətli keçirmiş dini liderimizə, mənəvi rəhbərmizə Allahdan sağlam ömür payı arzulamağla mövludunu təbrik edir,- doğum gününüz mübarək olsun deyirik!
 
 
Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, AMEA-nın doktorantı, ilahiyyatçı-alim Samid Quliyev
0