Ucarda şam ağacları baxımsızlıqdan quruyub.
APA-nın xəbərinə görə, rayonun Heydər Əliyev prospektində yolun sağ və sol hissəsindəki 100-ə yaxın şam ağacı quruyub. Şikayətçi sakinlər deyirlər ki, təqribən 10 il bundan qabaq min bir əziyyətlə əkilən şam ağacları kimlərinsə işinə biganə yanaşması səbəbindən bu gün quruyub məhv olurlar: "Ucar rayonunda su qıtlığı yaranandan bu günə kimi ağaclar demək olar ki, suvarılmır. Əvvəllər bu əraziyə borularla su gəlirdi. O zaman özümüz həftədə 2-3 dəfə ağaclara su verirdik. Son zamanlar su boruları bilinməyən səbəbdən yoxa çıxdı”.
Sakinlər onu da qeyd ediblər ki, aidiyyətı qurumlar ümumiyyətlə, bu məsələ ilə maraqlanmırlar: "Son vaxtlar bu ərazinin suvarılmasının şahidi olmamışıq. Əgər ağaclar vaxtında suvarılsaydı, bu hal baş verməzdi. Ağacların əsas quruma səbəbi susuzluq olub”.
Sakinlər bildiriblər ki, rayon rəhbərliyi və digər aidiyyatı qurumların nümayəndələri gün ərzində bu ərazidən dəfələrlə keçir, ağacların kütləvi qurumasının şahidi olurlar: "Görünən odur ki, bu məsələ onları heç də narahat etmir. Əgər onlar bir balaca narahat olsaydılar, üzərilərinə düşən vəzifəni icra etsəydilər, bu qədər ağac quruyub məhv olmazdı. Hətta İcra Hakimiyyətinin beş addımlığında olan ağaclar da quruyub”.
Torpaq qatının həddən artıq quru olması onu deməyə əsas verir ki, quruyan ağaclar uzun müddətdir suvarılmır.
Ucar rayon Kommunal Müəssisələri Kombinatının müdiri Asəm Kazımov bildirib ki, məsələdən xəbərdardırlar: "İki aydır ki, bu vəzifəyə təyin olunmuşam. Ağaclar isə çoxdan qurumağa başlayıb. Bütün bunlara baxmayaraq, həftə ərzində adı çəkilən ərazidə olan ağaclara üç dəfə su verilir. Bunun üçün müvafiq qurumlar tərəfindən bizə vasait də ayrılıb”.
A. Kərimov ağacların suvarıldığını desə də, çəkiliş apardığımız vaxt müdirin dediklərinin şahidi olmadıq. Kimin haqlı, kimin haqsız olduğından asılı olmayaraq, görünən odur k,i 100-ə yaxın şam ağacı quruyub məhv olur.