Azərbaycanın üç əsrlik qəzeti yeni formatda - VİDEO

ÖLKƏ
11:17 / 05.09.2021
754

Azərbaycanın üç əsrlik tarixi olan "Kaspi” qəzeti təkmilləşdirilmiş variantda hazırlanaraq oxucuların istifadəsinə verilib.

Qəzet artıq həm görünüş, həm də məzmun baxımından hər iki dildə (Azərbaycan və rus) tam yenilənmiş formatda işıq üzü görüb. Belə ki, yenilənmiş forma ilə qəzetdə hər şeyi ağ-qara görmək mümkün olmayacaq. Qəzet müasir dizaynda, dövrün çağırışlarına uyğun və rəngli şəkillərlə çap olunacaq.

Qəzetin ərsəyə gəlməsində 30-dan çox işçinin əməyi keçir. Rəngli formatda təqdim olunan qəzet 11 başlıq altında həftədə bir dəfə çap olunur. 

Qeyd edək ki, "Kaspi" və "Каспiй" qəzetlərinin təsisçisi "Global Media Group”dur.

"Kaspi” qəzeti 1881-ci ildən rus dilində nəşr olunmağa başlayıb. 1897-ci ildən mesenat Hacı Zeynalabdin Tağıyev tərəfindən alınan qəzetin baş redaktoru Əlimərdan bəy Topçubaşov olub. Qəzetdə Həsən bəy Zərdabi başda olmaqla, Məhəmməd ağa Şaxtaxtinski, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Ceyhun Hacıbəyli, Nəriman Nərimanov kimi Azərbaycanın maarifpərvər ziyalıları çalışıb. 1907-ci ilə kimi "Kaspi”nin 300-dən çox sayı Həsən bəy Zərdabinin imzası ilə işıq üzü görüb.

1918-ci ildə erməni vandallarının Bakıda törətdiyi soyqırımı zamanı "Kaspi" qəzetinin keçmiş Nikolayevski, indiki İstiqlaliyyət küçəsində yerləşən mətbəəsi (hazırda həmin yerdə Sabir bağı yerləşir) yandırılmış və qəzetin nəşrində fasilə yaranmışdı.

"Kaspi” 1919-cu ildə fəaliyyətini dayandırıb. İşıq üzü gördüyü 40 ilə yaxın dövr ərzində qəzetin on mindən çox nüsxəsi çıxıb. 1999-cu ildə "Kaspi” qəzeti bərpa olunub.

0