Azad olunmuş ərazilərdə ilk hərbi təlim: Nədən məhz Laçında?

ÖLKƏ
22:40 / 06.09.2021
1893

Azərbaycan və Türkiyə Laçında birgə hərbi təlimlərə başlayıb. Bu təlimlər iki kontekstdə əhəmiyyətlidir.

Birincisi, Ankara və Bakı ilk dəfə işğaldan azad olunmuş ərazilərdə hərbi müstəvidə addım atır;
İkincisi, işğaldan azad olunmuş ərazilərdə ilk hərbi təlim məhz Laçında keçirilir.

Bu iki amil özündə mühüm mesajları da ehtiva edir:

1. Türkiyə bu təlimlərlə Qarabağda bundan sonra hərbi müstəvidə baş verə biləcək proseslərdə Azərbaycanla birgə hərəkət edəcəyini əyani şəkildə göstərir;
2. Bakı Laçın dəhlizinə vizual nəzarəti gücləndirir: Türkiyə ilə birgə təlimlərin dəhlizin keçdiyi bölgədə keçirilməsi Azərbaycanın bu nəzarətdən geri çəkilməyəcəyi, əksinə daha da artıracağı deməkdir və təlimlər bu prosesdə Bakının əlini gücləndirməyə hesablanıb;
3. Təlimlər həm də bir həftə öncə (30 avqust) Laçın dəhlizində "təhlükəsizliyi təmin etmək” və PUA hücumlarına qarşı təlim keçirən rus sülhməramlılarına cavab hesab oluna bilər: Bakı və Ankara dəhlizin keçdiyi Laçında "əzələ nümayişi” edir.

İki ölkənin Bakıda sentyabrın 2-də başlayan və 12-nə qədər davam edəcək hərbi təlimləri paralel şəkildə azad edilmiş ərazilərə də köçürməsi diqqət çəkir: rəsmi Bakı diplomatik masada tələblərində israr edir və təlimlərlə "hərbi varianta” da hazır olduğunu nümayiş etdirir.

Asif Nərimanlı

0