Bakıda Beynəlxalq TURAZ Akademiyası Konqresi işə başladı - FOTOLAR

ÖLKƏ
17:18 / 09.09.2021
1441

Bakıda Beynəlxalq TURAZ Akademiyası Konqresi işə başlayıb.

Səfirlikdən HİT.az-a verilən məlumata görə, Türkiyənin Radio və Televiziya Ali Şurası (RTÜK), TURAZ Elmi Birliyi, İnönü Universiteti və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə “Zorakılıq və media” mövzusunda məişət zorakılığı, qadınlara və uşaqlara qarşı zorakılıq və istismar məsələlərinin müzakirə edildiyi Beynəlxalq TURAZ Akademiyası Konqresi işə başlayıb.

Azərbaycan Tibb Universitetində keçirilən “Zorakılıq və media” mövzusundakı konqresdə RTÜK sədri Ebubekir Şahinlə yanaşı, Səhiyyə Nazirinin müavini Elsevər Əliyev, Ombudsman Səbinə Əliyeva, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, media nümayəndələri, elm adamları və mütəxəssislər iştirak ediblər.

E.Şahin konqresdəki çıxışında media və zorakılıq mövzusu gündəmə gətirildiyi üçün iştirakçılara təşəkkür edib:

“Vacib hesab etdiyimiz və Türkiyədə hər fürsətdə gündəmə gətirdiyimiz media və zorakılıq mövzusu gündəmə gətirildiyi üçün təşəkkür etmək istəyirəm. Çünki RTÜK olaraq biz “qırmızı xətt” adlandırdığımız və bir çox sahədə də birlikdə fəaliyyət göstərdiyimiz medianın zorakılığa təsirini və ya zorakılığın media vasitəsi ilə insan sağlamlığına təsirini hər zaman ön planda tutmuş, araşdırmalar aparmış və bu günə qədər təşkil etdiyimiz bütün tədbirlərimizdə gündəmə gətirmişik. Türkiyədə keçirdiyimiz hər media görüşlərində zorakılığın təsirlərini dilə gətiririk”, - deyə o bildirib.

Cəmiyyət üzərində ciddi təsirləri olan medianın zorakılıq mövzusuna sosial həssaslıqla yanaşmalı və şiddətin xəbərlərdə necə işıqlandırıldığına diqqət yetirməli olduğunu qeyd edən Şahin sözlərinə belə davam edib: “Şiddət ehtiva edən xəbərlər cəmiyyətin bütün təbəqələrini narahat etməli və dövlət idarələri, elm adamları və qeyri-hökumət təşkilatları əl ələ verərək şiddət mövzusunu sosial bir problem olaraq ortadan qaldırmalıdır”.

Qarabağ müharibəsində şəhid olan əsgərləri yad edən Şahin “Son zamanlarda bütün dünyanın qibtə ilə baxdığı Qarabağ zəfəri səbəbiylə başda Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev olmaqla hörmətli iştirakçılarımızın qarşısında hamınızı hörmətlə salamlayıram. Burada şəhidlərimizi yad edirəm. Həm azərbaycanlı, həm də Türkiyə Cümhuriyyəti şəhidlərimizi burada rəhmətlə yad edirəm və qazilərimizə Allahdan şəfa diləyirəm” deyib.

Konqresin açılışındakı çıxışında rəqəmsallaşma və internet dövrünün bir tərəfdən üstünlükləri olduğunu, digər tərəfdən də təhlükə yaratdığını, saxta xəbərlərin doğru xəbərləri üstələdiyi bir dövrdə yaşadıqlarını ifadə edən Türkiyənin Mətbuat Reklam Agentliyinin (BİK) rəhbəri Rıdvan Duran “Xəbərin məzmununun əhəmiyyəti yoxdur, ancaq baxış sayının böyük əhəmiyyəti var, çünki reklamların payı baxış sayı ilə artır və təəssüf ki, xəbəri oxuyarkən heç maraqlanmadığınız, əxlaqa zidd və zorakılıq ehtiva edən reklamlarla qarşılaşa bilərsiz. Bu, sizin istəyiniz xaricində baş verir. RTÜK və BİK-in dəstəkləyici rolu qədər nəzarət rolu da çox vacibdir. Biz heç vaxt sanksiya tətbiq edən bir qurum olmaq istəmirik. Ancaq hansısa formada uşaqlarımıza və ailələrimizə çatan bəzi səhv nəşrləri sanksiyalarla xəbərdar etməliyik”, - deyə qeyd edib.

Duran internetdə şiddətə və əxlaqsızlığa həddindən artıq meyilli məzmunlar ola biləcəyinə diqqət çəkib: “Bu mənada biz dövlət idarəçilərinin üzərinə böyük bir məsuliyyət düşür. Biz bunun fərqindəyik. Ancaq qeyri-hökumət təşkilatlarının bu mövzunu gündəmə gətirməsi daha vacibdir. Bu mövzunu gündəmə gətirin. Vətəndaş cəmiyyətinin dövlətin önündə qabaqcıl olması demokratiyanın ən yaxşı nümunəsidir”.

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli isə Azərbaycan və Türkiyə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu və hər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın olduğunu bildirib. O, Tibb Universiteti ilə Türkiyənin 30-a yaxın universiteti arasında əməkdaşlıq protokolları imzalandığını və bu protokollara uyğun olaraq təcrübə mübadiləsinin aparıldığını və hazırda universitetdə 800-ə yaxın Türkiyə vətəndaşının təhsil aldığını qeyd edib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ölkələrimiz arasındakı münasibətlərdən və iyunun 15-də Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinin əlaqələrin hər sahədə daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətindən bəhs edib. Səfir konqresin mövzusuna diqqət çəkərək vətəndaş cəmiyyətlərdə belə halların yaşandığı üçün təəssüfləndiyini və hər cür şiddətə qarşı olduğunu diqqətə çatdırıb.

0