Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin məktəblilərdə kitaba sevgi və maraq, həmçinin ziyalılar və uşaqlar arasında körpü yaratmaq məqsədiylə həyata keçirdiyi "Məktəblinin kitabı-2" layihəsi uğurla başa çatıb.
Layihənin yekunu olaraq mükafatlandırma mərasimi sentyabrın 10-da Azərbaycan Dillər Universitetinin (ADU) Akt zalında keçirilib.
Tədbirdə layihənin münsifləri olaraq ölkənin dəyərli ictimai xadimləri, təhsil və ədəbiyyat adamları ¬– millət vəkili Fazil Mustafa, "Hədəf" Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, şairə, pedaqoq Kamalə Abıyeva, jurnalist, Təhsil Televiziyasının əməkdaşı Gülnarə İlham, uşaq yazıçısı, rəssam Vüqar Haqverdiyev, layihəyə paytaxt və regiondan qoşulan məktəblilər və onların valideynləri, Birliyin əməkdaşları iştirak ediblər.
Tədbir öncəsi ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla da uşaqlarla görüşüb, onlarla maraqlı söhbət edib və tövsiyələrini verib.
Tədbiri Birliyin rəhbəri Sevinc Fədai açıq elan edib, münsiflər heyətini və qonaqları salamlayıb. Vətən müharibəsində və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi anılıb, ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştirakçıları Azərbaycanın himnini səsləndirib.
Ardınca layihənin qaydalarına uyğun olaraq, münsiflər heyəti ilk onluğa düşən şagirdlərə oxuduqları əsərlər barədə suallar vermək, müxtəlif məzmunlu müzakirələr aparmaqla iştirakçıları 10 ballıq sistemlə qiymətləndiriblər. Müzakirə zamanı uşaqların suallara cavabları, replikaları, oxuduqların əsərlərin janrları və rangarəngliyi münsiflərin marağına və heyrətinə səbəb olub. İştirakçılar arasında yaradıcı məktəblilər də olub ki, onlar da öz hekayə, şeir və rəsmlərini təşkilatçı və münsiflərə təqdim ediblər. Böyük coşqu ilə keçən tədbir və münsiflərin çıxışları bir daha göstərib ki, layihə öz məqsədinə çatıb və onun davamlı olması arzuolunandır. Daha əvvəl də baş tutan layihə çərçivəsində məktəblilərə hədiyyə edilən kitabların oxunması, ziyalıların məsləhətlərinin fayda verməsi, uşaqların mütaliəyə marağının artması, eyni zamanda, onların sosiallaşmasına, sağlam rəqabət aparmasına şərait yaradılması layihəni vacib edir. Bu münasibətlə münsiflər Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin rəhbəri və əməkdaşlarına, layihənin balaca iştirakçılarına və onların valideynlərinə təşəkkürlərini bildiriblər.
Münsiflərin çıxışından sonra layihəyə qoşulan Vətən müharibəsinin şəhidi, mayor Emin Süleymanovun oğlu Bəhrəm Süleymanov dinlənilib, ona tədbirdə iştirakı üçün təşəkkür edilib və mükafatlandırılıb.
Daha sonra müsabiqənin qalibləri Yusif Cəbili, Nəzrin Məmmədova və Xəzər Həsənliyə təltifnamə və maraqlı hədiyyələr təqdim edilib. Qaliblər və onluğa düşən uşaqlarla yanaşı, layihənin digər iştirakçıları da sertifikat, kitab, məktəb ləvazimatları hədiyyəsi ilə mükafatlandırılıb. Sonda məktəblilər layihənin və tədbirin təşkilatçılarına təşəkkür edib, xatirə şəkilləri çəkilib.
Birliyin rəhbəri Sevinc Fədai Azərbaycan Dillər Universitetinin rəhbərliyi və kollektivinə, “Altun” və “Hədəf” nəşrlər evinə layihəyə verilən dəstək üçün minnətdarlıq edib.