Müəllimlərin işə qəbulu prosesində müxtəlif oyunlardan çıxırlar - Təhsil eksperti

ÖLKƏ
17:59 / 13.09.2021
1212

"Müəllimlərin işə qəbulu üzrə imtahanlar il ərzində 4 dəfə keçirilməli və yalnız ixtisas bilikləri yoxlanılmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov müəllimlərin işə qəbulu prosedurunda nə kimi yeniliklərin olmasından danışarkən deyib.

Ekspertin fikrincə, hazırda orta təhsil müəssisələrində işə qəbul mərkəzləşmiş, şəffaf qaydada həyata keçirilsə də, bu, heç də keyfiyyətli və ədalətli olmaq mənasına gəlmir: 

"Azərbaycanda müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş şəkildə ilk dəfə 2009-cu ildə keçirilib. Təqdim edilən test tapşırıqları imtahan iştirakçılarının keyfiyyətini deyil, daha çox əzbərçiliyi yoxlayır. Müəllimlərin işə qəbulu imtahanlarında dəyişiklik zəruridir. İşə qəbul imtahanı bir neçə dəfə keçirilməlidir”. 

Ekspert düşünür ki, imtahan iştirakçılarının nəticəni yaxşılaşdırması üçün il ərzində 4 dəfə işə qəbul imtahanı keçirilməlidir: 

"Ölkədə 7 məktəbə müəllimləri seçmək hüququ verilib. Amma bunu kütləvi etmək olmaz. Belə olarsa, proses qeyri-şəffaf olacaq. Hətta Təhsil Nazirliyinin özünün işə qəbulunda belə problemlər var. İşə qəbul prosesində müxtəlif oyunlardan çıxırlar”. 

K. Əsədov bildirir ki, qəbul imtahanlarında iştirak edənlər yalnız ixtisas biliklərindən imtahan verməlidir: 

"Kurikulumla, test tapşırığı salmaqla heç nəyə nail ola bilmərik. İndiki mərhələdə əsas məsələ öz ixtisasını yaxşı bilən müəllim ordusunu artırmaqdan ibarətdir. Məhz ixtisas üzrə sualların salınması müəllimlərin işə qəbulu imtahanında həm keyfiyyətə, həm də obyektivliyə ciddi şəkildə müsbət təsir göstərəcək”.

0