Sərdar Cəlaloğluya cavab: Şirin haçandan “fars qızı” oldu, Sərdar müəllim?

ÖLKƏ
14:14 / 15.09.2021
2704

Tanınmış jurnalist və şair Əvəz Qurbanlı ADP sədri Sərdar Cəlaloğlunun “Şirin fars qızıdır” iddiasına faktlarla cavab verib.

Hit.Az Ə.Qurbanlının fikirlərini olduğu kimi təqdim edirik:

“Sərdar müəllim inciməsin, belə təhrif olunmuş fikirlər, onu səsləndirən şəxsin kim olmasından asılı olmayaraq, müzakirə etdiyi məsələdən az məlumatlı olduğunu göstərməklə yanaşı, həm də bir məsuliyyətsizlik nümunəsi kimi ortaya çıxır. Belə fikirlərin tanınmış şəxs tərəfindən dilə gətirilməsi isə heç qəbuledilməzdir; çünki belə həssas məsələlər fərqinə varmadığımız ciddi təxribatlara yol aça bilər.

Ümumiyyətlə, belə mövzuları gündəmə gətirmək lazım deyil. Xüsusilə Nizami ilə bağlı. Çünki Nizami özündən sonra özü və əsərləri barədə demək olar ki, heç bir sual yeri qoymayıb; yetər ki, cavab axtaran şəxs onun yaradıcılığına və ümumilikdə Şərq ədəbiyyatına qismən də olsa, bələd olsun. Onda görəcəklər ki, istər Nizaminin öz milli mənsubiyyəti, istərsə də əsərlərindəki personajlarla bağlı mübahisə etmək mənasız işdir.

Böyük Nizami "Xosrov və Şirin" mənzuməsində Şirinin kim olduğunu dəqiq göstərir. Əsərdə Şirinin doğma bibisi olan Ərmən hökmdarı Məhinbanu bütün əlamətləri ilə bir azərbaycanlıdır. Xosrovun elçi düşdüyü qardaşı qızı Şirinə Məhinbanunun nəsihətindən isə onun milli mənsubiyyəti gün kimi aydın olur. Məhinbanu Şirinə öyüd verərkən deyir: “Özünü Xosrovun yanında ucuz tutma, əsil-nəsəbimizi onlarınkından aşağı hesab etmə. Çünki:

Gər u mahist, ma niz afitabim
Və gər Keyxosrovist, Əfrasiyabim.

Yəni, əgər o Aydırsa, biz Günəşik; və əgər o Keyxosrovdursa, biz də Əfrasiyabıq. Əfrasiyab, bildiyimiz kimi “Şahnamə”də Turan hökmdarı Alp Ər Tonqanın obrazıdır. Deməli, Ərmən hökmdarı özünü Alp Ər Tonqanın, Xosrovu isə fars Kəyanilərin xələfi hesab edir. Yəni Şirinin kim olduğunu Nizami bu qədər açıq və aydın göstərirsə, onda böyük şairə böhtan atmaq kimə gərəkdir?

Yaxud Sərdar müəllim iddia edir ki, guya “Şirin Xosrovun oğlu ilə sevişib, dədəsinə ərə gedib”. Bu, birmənalı olaraq təhrifdir. Halbuki əsərdə Xosrovun oğlu Şiruyə Şirinə aşiq olur, ancaq Şirin qətiyyən ona qarşılıq vermir; bununla belə, məsələnin çox da böyüməsindən ehtiyat edir. Şiruyənin Şirinə görə öz doğma atasını öldürməsindən sonra da Şirin Xosrova olan sevgisinə sadiq qalır. Taxtı ələ keçirmiş Şiruyəyə açıq etirazdan çəkindiyi üçün Şirinin onu aldatmaqdan başqa çarəsi qalmır: cənazə törənində gəlin kimi bəzənir və Xosrovun dəfn ediləcəyi türbədə gözlənilmədən xəncəri sinəsinə saplayaraq intihar edir... Bu ki əsl fədakarlıqdı! Belə bir yüksək eşq nümunəsi ortaya qoyan bir obraza necə böhtan atmaq olar? Yeri gəlmişkən, burada Şiruyə ilə Şirini müqayisə edin: analığına göz dikən və buna görə atasını öldürən əxlaqsız şahzadə hara, sevgisinə sadiq qalaraq çıxış yolunu intiharda görən Şirin hara? Bunlar tamamilə fərqli həyat tərzinin, fərqli düşüncə sistemlərinin təmsilçiləridir...

“Şirin” obrazının bəzi tanınmışların dili ilə “fars qızı”, yaxud “erməni qızı” kimi göstərilməsi təkcə Nizamiyə və onun ideallarına deyil, həm də milli-mədəni keçmişimizə qısqananların, hər fürsətdə tariximizi saxtalaşdırmağa cəhd edənlərin əlinə böyük bir kompromat verir. Bu, çox ciddi və həssas mövzudur. Ona görə də gərək hər kəs, xüsusilə, ictimai-siyasi fiqurlar belə məsələlərdə diqqətli olsunlar."

0