Təhsil ekspertindən rus bölməsi ilə bağlı qalmaqal yaradacaq fikirlər

ÖLKƏ
18:27 / 22.09.2021
688

"İndi rus dilində təhsilə dəb kimi yanaşanlar da var. Onların çoxu elə bilir ki, rus dilində oxumaqla uşaqlar öz intellektləri ilə seçiləcəklər. Ancaq belə deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, indi əvvəlki intellektli müəllim nəsli azalıb:

"Məncə, uşaqların rus dilində təhsil almalarındansa, ingilis dilinə üstünlük vermələri daha məqsədəuyğundur. Rus dilini əlavə dil bilmək xətrinə öyrənmək olar. Amma ümumi tədrisi rus dilində almağa can atmaq düzgün deyil. Xüsusən əgər uşaq Azərbaycanda yaşayıb işləyəcəksə, öz dilində təhsil almalıdır. Ancaq əlavə dilləri mənimsəsə, gələcəyi üçün perspektivli olar”.
 
 

Ekspert bildirib ki, hazırda ümumilikdə orta məktəblərin 7,6%-də təhsil rus dilindədir:

"4472 orta məktəbin 340-ı rus məktəbidir. Bu məktəblərdə 90 min şagird oxuyur. Bu isə o deməkdir ki, ümumilikdə təhsil alan uşaqların 6,3%-i rus dilində oxuyur. Doğrudur, orta məktəblərdə 450 min uşağa rus dili xarici dil kimi tədris edilir. Bu isə ümumi şagirdlərin 32%-i deməkdir. Rus dilində təhsilə meyil hər bir valideynin övladını layiqli mühitdə oxutdurmaq istəyi ilə əlaqəlidir”.

Əgər dərsliklərin keyfiyyəti düzəlməyibsə, müəllimlərin şagirdə primitiv münasibəti qalırsa, onda valideyn uşağını hansı bölməyə versin? 

Kamran Əsədovun fikirincə, valideyn elə bir mühit axtarır ki, uşağı bu cür mənfi hallarla qarşılaşmasın:

"Valideynlər istəmir ki, onların uşaqları keyfiyyətsiz kitablardan dərs alsın. Ruslarda həm illüstrasiya, həm də məna baxımından kitab məsələsinə daha ciddi yanaşma var. Məsələn, yaxşı yazılmayan tarix kitabını kim oxuyar? Tarix kitabı peşəkar yazılmalıdır ki, bədii ədəbiyyatdan aldığın zövqü ondan alasan. Təsadüfi insanlar, qohum-əqrəba kitab yazmamalıdır. Bu amillər tədrisin keyfiyyətinə mənfi təsir edir. Biz Azərbaycan dilinin tədrisinin keyfiyyətini yüksəltməliyik. Həmçinin rus sektorunda Azərbaycan dilinin tədrisinə fikir verməliyik. Yəni rus bölməsində oxuyan şagirdlər də Azərbaycan dilini mükəmməl bilməlidirlər. Rus bölməsinin sayının artmasını faciəyə çevirməyə ehtiyac yoxdur”.

Kamran Əsədov hesab edir ki, rus dilini bilmək şagirdə böyük imkanlardan istifadə etməyə imkan verir, heç bir xarici dil bilməyən isə sadəcə hansısa yarımçıq bilgilər üçün yarayır:

"Ona görə də tam vətəndaş yetişdirmək üçün rus bölməsinə, bu bölmədə təhsilə ehtiyac var”.

4