Baş Prokurorluqdan polisin arvadını öldürməsi ilə bağlı məlumat - YENİLƏNİB

ÖLKƏ
11:45 / 30.09.2021
2490

Baş Prokurorluq polisin arvadını güllələyərək öldürməsi ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən HİT.az-a daxil olan məlumatda deyilir:

"Bu gün, yəni sentyabrın 30-da Xanım Məmmədovanın qəsdən öldürülməsi barədə məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri Nizami Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəmnində aralarında yaranan münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

10:16

Azərbaycanda polis şöbədə həyat yoldaşını xidməti silahla öldürüb.

Bu barədə HİT.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alır. O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.

İ.Məmmədov saxlanılıb. Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

0