Bakının mərkəzində ticarət obyektlərində baş verən yanğın söndürüldü - YENİLƏNİB/FOTO/VİDEO

ÖLKƏ
11:00 / 16.10.2021
1624

Bakının Nərimanov rayonunda, “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın söndürülüb.

HİT.az xəbər verir ki, hazırda yanğınla əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır.

10.25

Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın lokallaşdırılıb.

HİT.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hazırda FHN əməkdaşları hadisə yerində yanğının tam söndürülməsi prosesini icra edir.

Yanğınla əlaqədar metronun "Nəriman Nərimanov" stansiyasının giriş-çıxışlarından biri bağlanıb. Stansiyanın yanğın baş verən əraziyə çıxan girişindən sərnişinlərin istifadəsinə məhdudiyyət qoyulub.

Hələlik yanğının qarşısını almaq mümkün olmayıb. Yanğın 300 kv ərazini əhatə edib.

09.58

Nərimanov rayonunda, Nərimanov metrostansiyası yaxınlığında “Metro-City” ticarət mərkəzində başlayan yanğın ətrafdakı ticarət obyektlərinə də keçib.

HİT.az xəbər verir ki, ticarət mərkəzinin yaxınlığındakı Mobil telefon satışı dükanlarında və aptekdə də yanğın başlayıb. Yanğının söndürülməsi üçün 10 yanğınsöndürmə maşını və 70 yanğınsöndürən cəlb olunub. Hazırda yanğınsöndürənlər əsas diqqəti yanğının yaxınlıqdakı çoxmərtəbəli yaşayış binasına keçməsinin qarşısını almağa yönəldib.

Yanğının söndürülməsi istiqamətində Qərargah yaradılıb. Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının rəsmiləri gəlib. 

Hazırda ətrafda yaşayan binaların sakinləri ərazidən təxliyyə edilir.

09.33

Bakının Nərimanov rayonunda yanğın davam edir. 

Qaynarinfo-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın “Metro City” ticarət mərkəzindədir. 

Ticarət mərkəzinin içinin mallarla dolu olduğu bildirilir. Hazırda yanğının lokallaşdırılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb edilib. 

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb: "FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub".

Bakı Nəqliyyat Agentliyi də məlumat yayıb. Bildirilib ki, Nərimanov rayonunda ticarət mərkəzində baş verən yanğınla əlaqədar Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir.

09.12

Nərimanov rayonu ərazisində güclü yanğın başlayıb.
 
Hadisə metronun yaxınlığında baş verib.
 
Qaynarinfo-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, dönərxanalarda başlayan yanğın artıq "Baku Electronics"in binasına keçmək üzrədir.

0