Məleykə Abbaszadə 3-cü qrupdakı dəyişiklikdən danışdı

ÖLKƏ
13:14 / 27.10.2021
986

“İkinci qrupda regionşünaslıq ixtisasını seçənlərin sayı az idi. Bu qrupa müraciət edən abituriyentlərin əksəriyyəti maliyyə və iqtisadiyyata aid ixtisasları yazırdılar. Bu qrupda yalnız 500 nəfər ilk yerdə beynəlxalq münasibətlər və regionşünaslığı göstərib. Bunları nəzərə alaraq həmin ixtisası ikinci qrupdan çıxararaq üçüncü qrupa daxil etmişik”.

Hit.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənlərinin dəyişdirilməsi ilə bağlı keçirdiyi onlayn mətbuat konfransında bildirib.

O qeyd edib ki, əsas məqsəd ədalətli imtahan keçirmək, həm də ali məktəblərin sifarişini yerinə yetirməkdir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 9 sentyabr tarixli 252 nömrəli Qərarına əsasən, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisasları II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupuna daxil edilib.

Bu dəyişiklikdən irəli gələrək, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı layihəsinə əsasən, 2022/2023-cü tədris ilindən başlayaraq III ixtisas qrupuna daxil olan ixtisasların dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqrupuna daxil edilən ixtisaslar olmaqla 2 altqrupa bölünməsi və TC altqrupuna daxil edilən “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin isə ədəbiyyat fənnindən imtahan verməsi nəzərdə tutulur.
Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər.

QƏBUL IMTAHANLARININ MƏZMUNUNDA DA DƏYİŞİKLİK OLACAQ

"Qəbul imtahanlarının məzmununa işğaldan azad edilən ərazilərin tarixi barədə yeniliklər olacaq".

DİM sədrinin sözlərinə görə, azad olunan ərazilərin tək işğal tarixi yox, azad olunması tarixləri də imtahan məzmununda əks olunacaq: “Bu sahədə abituriyentlərə kömək üçün yanvar ayına qədər elektron imtahan keçiriləcək. Noyabr ayında yeni blok imtahanları baş tutacaq. Yeni proqramlar müzakirə olunub, dərsliklər üzərində monitorinq aparılıb. Yeni proqram dərc edildikdən sonra bu il epidemioloji vəziyyət imkan verərsə, yanvar ayından sınaq imtahanları keçiriləcək”.

0