28 il sonra: ... Zəngilanlıyam, Zəngilanlayam- Zəngilandayam! (REPORTAJ/VİDEO)

ÖLKƏ
17:23 / 29.10.2021
35287

Ceyhun Musaoğlu

 
Real TV-nin dəyərli əməkdaşlarından biri Lalə xanımdan gələn zəng hisslərimi o dərəcədə silkələdi ki, bilmədim qışqırım, bilmədim qəhərlənim, bilmədim “dünyanın ən yaxşı adamı Sizsiniz” deyim. 

Gözümdən düşən damlaların telefonu islatdığını dodaqlarıma yayılan duzlu sudan anladım. Dəsmalı çıxarıb telefonu sildim, o cənnət ruhlu xəbəri bu telefondan eşitmişdim. Əzizim olmuşdu bu cansız aparat. 

Lalə xanım cavab gözləyirdi. “Mirşahin bəyə, Sizə, Real TV-nin bütün kollektivinə ömrüm boyu borcluyam” – təkcə bu cümləni deyə bildim. Saatı, zamanı, texniki işləri dəqiqləşdirdik. Yox, adamın ürəyi partlaya bilər bu xəbərdən. Ötən il Ali Baş Komandan İlham Əliyevin “Zəngilan şəhəri işğaldan azad edildi” xəbərini eşidəndə necə bağırmşdımsa, Lalə xanımla sağollaşıb telefonun “no” düyməsini sıxandan sonra da eləcə bağırdım, bu dəfə hönkürə-hönkürə. Xəbəri kiminləsə bölüşməliydim, yoxsa, ağırlığına tab gətirə bilməyəcəkdim. Öncə həyat yoldaşıma zəng etdim, onun üçün də ağır oldu dünyanın ən bahalı iki xəbərindən birini eşitmək. Özünü ələ almağa gücü çatmadı – hönkürdü. 

Elə indi də eynəyimin şüşələri dolmuş gözlərimdə ləngərləyən yaşın istiliyindən buxara bürünüb. Çıxarıb silməsəm hərfləri aydın görməyəcəm. 
Özümü ələ ala bilməyəcəyimin həyacanı sardı məni. “Doğulduğum viran qalmış ocağa qədəm qoyanda ürəyim dayanmaz ki?” – ilk ağlımdan keçən bu fikir oldu. ““Validol”un canı sağolsun” təsəllisi bizi yurdumuza sağ-salamat aparıb çıxardı. 

Havasına, daşına, torpağına, yarpağına qurban olduğum yurdumun ziyarətinə Zəngilan yazılan tanıtım löhvəsinin tozunu əlimlə silməklə başladım. Zəngilanı viran qoyublar, amma sındıra, qıra bilməyiblər. Yaralarından utanmadan həmin amiranə duruşu ilə şux dayanıb. Düşmənin dağıtdığı bütün tikililərin qaysaqlanmayan yaralarından axan qan ölkənin taleyinə “QALİBİYYƏT” nidasını həkk etdirdi. Yurdumun yaralarını barmaqlarımla sığalladım məlhəm qoyurmuşam kimi. 21 oktyabr 2021-ci ilin bütün saniyələri ömrümün ən əziz anlarıdır, eynən 20 oktyabr 2020-ci il tarixi kimi. Yeri-göyü silkələyən, mənəm-mənəm deyən dövlətlərin heyrətdən nitqini qurudan əbədi qələbəmizin bir illiyində müqəddəs yurdumu bağırma basmaq qirsmətim oldu. 

“Məscid düzündə” dayanmışıq, təkcə dairə qalıb, o da olmasaydı, yurdumun yanından tanımadan ötüb keçərdik. Mincivan qəsəbəsinə uzanan yolun sağında və solunda 10 mindən çox çinar sıralanardı bir vaxtlar. Həmin yola baxıram, sıx olmasa da gözümə çinarlar dəyir. Bədbəxtlərin hamısını qırmağa hər şeyləri çatmayıb. Real TV-nin əməkdaşı jurnalist həmkarım Simnarə Həmidqızı hansı hisslər keçirdiyimi soruşur. Adsız hisslərdir, dizlərim əsir, ayaq üstə dayana bilmirəm, nə edəcəyimi, özümü necə aparacağımı müəyyənləşdirməkdə çətinlik çəkirəm, nə gəldi, necə gəldi danışıram. Qeyri-ixtiyari çinar ağaclarından birinə yaxınlaşıb, yarpaqlarını ən əziz adamım kimi qoxlaya-qoxlaya öpürəm. Hələ başlanğıcdır, viran qoyulmuş cənnət məqamlı həyətimizə girməmişik. Harda olduğunu təxmin də edə bilmirəm, mənimlə yaşıd olan əmim Variz isə tanıyır.  Bir neçə dəfə müqəddəs obasının ziyarətinə gedib. Deyirdi, inanmırdım. Gözlərimlə gördüm, rayon elə balacalaşıb ki. Axı bizim evdən, “Məscid düzü”nə qədər məsafə çox idi, indi bir dəqiqəyə çatdıq. 

Lenin gorbagor olandan sonra Səməd Vurğun adını daşıyan mərkəzi küçə. Əksər inzibati binaların yerləşdiyi bu mərkəzi küçədə doğulmuşam. Asfalt örtüyü tam dağılmayıb, sadəcə küçə o qədər qısalıb, ensizləşib ki, sanki yumağa dönüb. Elə həyətimiz də eynən əlini, ayağını altına yığıb, özünü qucaqlayaraq görünməzliyə qərq olmaq istəyən adama bənzəyir. Neyləsin axı, 28 il yad təpiyinin zərbələrinə ancaq bükülmüş forma alsan bəlkə tab gətirərsən. Küçədə onlarla adamın hücumuna məruz qaldığı an başını qolları arasına soxmuş, ayaqlarını qarnında pərçimləmiş yumağa dönən adam təsəvvür edə bilirisiniz? Doğmasını görəndə həmin adam necə dirçələrsə, həyətimiz, dağıdılmış evimiz-eşiyimiz də bizi görəndə dirçəldi. Gözlərimiz qarşısında ikimərtəbəli həmin ev ucaldı, səliqəli həyətimiz cilvələndi, barlı-bərəkətli bağımız gül-çiçək açdı. 

Səslər eşidirəm: 

- Ay nənə, danalar gəldi.

- Ay bala, başına dönüm, tövlənin qapısını bağla qoy hövuzdan su içsinlər, yazıqdırlar, ciyərləri yanır.
- Ohooo, ay boz dana, bəsdir, qoy bir az da sarı düyə su içsin dana...

Günortadır, evin kiçik qızı – Mətanət bibim bizə gün düşməyən sərin otaqda yatmaq əmri verib. Günortalar yatmaq başımızın bəlasıdır. Gözləyirik, bir qədər sakitlik olsun, yatdığımızı zənn etsinlər, qaçaq çaya. Göydən od ələnir, yatdığımız otaqsa meşə sərinliyinə bürünüb sanki. Nə olsun, əmimlə ən azı gündə bir dəfə çayda çimməsək, yay gözümüzdən gələr. Aradan çıxırıq. Çimirik, geri dönəndə kötəklənirik. Düz 28 ildən sonra həmin çubuğu axtarıram otun-ələfin içində. Ayağıma yaba ilişir. İnanılmazdır, sanki yabanın üstündən yel də əsməyib. Dəstəyi uzundur, kəfşəndə biçilən otu maşının yük yerinə qaldırmaq üçün hazırlanıb. Yabanı dik qaldırıb ona söykənirəm. “Ögey Ana” filmində yabanı göstərən İsamayılın “bax mən böyümüşəm” deməyini eşidirəm. Obrazı Ceyhun Mirzəyev yaradıb. Elə onun adını qoyublar mənə. Doğulanda bax bu həyətdəki dağılmamış evdə əmilərim, bibilərim, nənəm, babam, anam hərəsi bir ad təklif edib. Qərara gəliblər ki, həmin adları kağızlara yazıb ortaya atsınlar, hərə birini götürsün, hansı ad çıxsa, onunla razılaşsınlar. Anamın Ceyhunu qalib gəlib. 

Bəli, Anam Vətənin Ceyhunu 28 il sonra növbəti dəfə və əbədi qalib gəldi. Budur həyətin ortasnda şəstlə, qürurlu ədayla dayanmışam. Yox, kimsənin sözündən sınmaram. Lap desələr ki, nə yekəxanalıq edirsən, ikimərtəbəli evinizdən bir parça daş pilləkən qalıb, lap desələr ki, baban, nənən yurduna geri dönmədən həsrət kəfəninə bükülüb doğulmadığı Bakıda dəfn olunublar, lap desələr ki, böyük bibin rayondan qaçqın düşüdüyü gün “Araz” çaynda qəza yaşayıb, nəticədə onurğa sütunu sındığına görə 19 il yataqxanada cəhənnəm əzabı yaşayandan sonra qəribçilikdə ölüb, lap desələr ki, kiçik əmin müharibədə başından güllə yarası alaraq, əlil olub... yenə qəddimi əyə bilməzlər, yenə qalibiyyət ədamdan bir damcı da azalda bilməzlər. Uzağı uşaqlığımı və gəncliyimi quduz itlər gəmirdiyinə görə xisin-xisin ağlayaram, uzağı bir vaxtlar yatmaq istəmədiyim çürümüş dəmir çarpayının qalığını qucaqlayıb, “icazə ver sənin dəmirlərinə sarılıb əbədi yatım burda” deyərək, onun pasını sığallayaram, uzağı başımı, üzümü, gözümü ağacların gövdəsinə, budaqlarına, yarpaqlarına, həsrətdən cırlaşan meyvələrinə, həyətimizin otuna, bir parçası qalan evimizin daşlarına sürtərəm, ancaq bu mənzərəni kimsənin “miskin” adlandırmasına imkan vermərəm. 

Budur, bir parça daş pilləkənin ən hündür yerinə qalxıb, ucadan qışqırıram: “Zəngilan, sən mənimsən, çox sağol ki, bu qədər zülmə dözüb, bizim geri dönəcəyimizi gözlədin, meşələrini qırdılar, çox sağol ki, yenə pöhrələdin. Armud ağacın da bar gətirib, heyvan da, narın da. Bəlkə də 2021-ci il oktyabrın 20-də - bir günün içində belə gözəlliyə, yaşıllığa bürünmüsən... Əziz qardaşım, dəyərli həmkarım Nicat Dağlar Şuşaya həsr etdiyi reportajında dediyi kimi, qonaqların gəlib, bəlkə ona görə belə bəzənmisən, füsünkar olmusan. 

Yox, sənin heç bir çınqılını da dağıda bilmədilər. Bu viran qalmış həyət, dağıdılımış ev mənim üçün mərmərə bürünmüş malikanədir. Çəkilişi bitirəndən sonra Real TV-nin əməkdaşları Qubadlıya doğru getdilər, biz həyətimizdə qaldıq. Operator Azər Qarayevə, sürücü Xaliq İmanova bağımızın narından, heyvasından, armudundan da yığıb pay qoydum. Bəs necə, evimizə qonaq gəlib. Bizim həyətdə heyva ağacı yox idi, toxumunu qonşu həyətlərdən ya külək gətirib, ya quş dimdiyindən salıb. Armudumuzsa nəhəng ağac idi və meyvəsinin biri azı 500 qram olurdu, adına daş armud deyirdilər. Oktaybrın son günlərndə dərilmə dərəcəsinə çatırdı. O ağacdan əsər-əlamət yox idi, yerindəsə cır armud bitmişdi, dibinə çöküb yerə tökülən meyvələrindən yeməyə başladım, eyni dad, fərqli forma. Gördün, ay bədbəxt erməni, necə ki, Birinci Qarabağ savaşında xəyanətin nəticəsində məğlub olan oğullarımızın övladları İkinci Qarabağ savaşında qalib gəldilər, eləcə kəsdiyiniz daş armudun törəməsi 28 ildən sonra bizi meyvələrinə qonaq edib eyni dadı yaşatdı. 

Mistikaya inanmayana lənət. Biz kainata “Zəngilan Azərbaycandır” kəməsini o qədər sidq ürəklə göndərdik ki, Allahın izniylə onun  yerdki bəndələri - İlham Əliyev və cəngavər xalqı Zəngilanın Azərbaycana qaytarılmasının möhrünü vurdu. 

Əmimə dedim, bu gün evimizdə qalaq, yerə, daşların üstünə sərilək, səhərə qədər uşaqlığımızdan – pilləkəndə sənin qarmon, mənim qazanda nağara çalmağımızdan, çaydan gələndən sonra cəza alacağımızdan qorxub, zirzəmidə gizlənməyimizdən, sənin səhər tezdən mənə ərik dərmək üçün ağaca çıxanda yıxılmağından, lobya çubuğnun üzünə çapıq salmağından, raykomun hovuzunda gizlin çimməyimizdən, qaravulçu Əmirxan babanın paltarlarımızı götürüb gizlətməsindən, pavliyonda mozadibi, çilingağac oynamağımızdan, təkər sürməyimizdən, məftildən araba düzəltməyimizdən, samokat sürməyimizdən, taxtadan hazırladığımız bilyardın daşlarını RTS-dəki yük maşınlarının detallarınin içindən gizlin sökməyimzidən, nobata getməyimzidən danışaq. Xoş günləri yada salaq. Uduzduğun müharibədə yaşadığın dəhşətlərdən, nənəmlə babamın rayonu tərk etmək istəməməsindən, sənin “getməsəz, özümü güllələyəcəm, axı düşmən rayona girib, sizi qoyub necə gedim?” deməyindən, 3 uşağı olan bibimin şikəst qalmağından, nənəmin qızınn dayəsi olmağından, illərlə yataqxana künclərində çürüməyinizdən, “Qaçqın” damğasını 28 il alnınızda daşımağınızdan, 82 yaşlı nənəmin – Simuzər nənəmin “bircə Zəngilanı görə bilsəydim” deyib, gözlərini zəngilanszlıqda yummağından, Əli babamın Bakının ortasında harda çinar ağacı gördü, onun ətrafına dolanmağından, arabada yaşayan şikəst bibimi – Zeynəb bibimi hər dəfə görəndə, ovuclarından dönə-dönə öpməyimdən, göz yaşımın barmaqlarından süzülüb onun ürəyinə dammağından, “dözümlü ol, Ceyhun, bu da bir həyatdır yaşamağa məhkumuymuşuq” deməyindən danışmayaq. 

Danışmayaq, Variz. Heç nə danışmayaq. Azərbaycanın Zəngilan rayonu, Lenin küçəsi, ev 31 ünvanındakı bu cənnət həyətin torpağına dizlərimizı qoyaraq əllərimizı göyə açıb səhərə qədər dua edək. Bizi xoşbəxt edən Allaha, dövlətə, xalqa, Ali Baş Komandana, Türkiyəmizə, Ordumuza, şəhidlərimizə, qazilərimizə, veteranlarımıza, daşımıza, kəsəyimizə, suymuza, çörəyimizə dua edək. 

Hə, əlbəttə eşidirəm, uşaqlar çağırır. Xaliddir, Zaurdur, Teymurdur, Sənandır, Rövşəndir, Nəsimidir, Anardır... Bu gün məktəbin stadionunda 1 May küçəsinin uşaqları ilə oyunumuz var. Dur gedək, birinci oyuna bizi udublar, gedək dərslərini verək. Necə yəni ketim yoxdur... Bəs axı o gün geyinmişdin. Bibim gizlədib? Niyə? Sonuncu oyunda ayağını əzmişdin, yəqin ona görə ketinə qırmızı kart göstəriblər. Eybi yox, dur gedək, sən ayaqyalın qapıçı dayanarsan. Qorxma, doğulduğu yurdun daşları adamın ayağını əzmir. Daşına, torpağına, suyuna qurban Zəngilan. 

 
Əmimlə həmin pilləkənin üstündə oturub baş-başa vermişdik. Qəhər bizi boğmuşdu. Qərara gəldik ki, gedib Oxçuçayda yuyunub, bir az özümüzə gələk, 410 kilometr yol gəlmişik. 28 illik həsrəti bir neçə saata ovutmağa görə 46 illik energi sərf etmişik, çayda yuyunmasaq, özümüzə gələ bilmyəcəyik. Geri – Bakya qayıtmağımız da var. Kaş qayıtmamağımız olaydı. 

Çaya düşən yolda qarşımıza çıxan bütün dağılmış tikililər canlanır. İradə bibimin işlədiyi idarədəki otağının pəncərəsinin yanından keçəndə ikimiz də əyildik ki, bizi gərməsin. Görsə, gedib evdə deyəcəkdi, nənəm də qolumuzu barmağı ilə cızıb şırım açacaq, lilin izindən həqiqətən çimdiyimizi bilib, bizi kötəkləyəcəkdi. Kaş ki... kaş ki... 

Yox, yox... “kaş ki” kəlməsini bir də işlətməyəcəm. Heyfislənməyə son. Nənəmi, babamı, bibimi, cəngavər əsgər və zabitlərimizi, bir də 28 ilimi itirmişdim, əlbəttə. Böyük və dəhşətli itkilər idi. İndisə onlar sağdırlar, Vətən uğurunda ölmürlər, Vətən uğurunda dirilirlər. Əbədi həyatınız mübarək olsun, Vətən uğurunda dirilən azərbaycanlılar.  

“Mən necə Zəngilanlıyam ki, Zəngilansızam” yazmışdım. Bilməmişdim, uşaq olmuşdum yəqin. İndisə belə deyirəm: MƏN ZƏNGİLANLIYAM Kİ, ZƏNGİLANLAYAM – ZƏNGİLANDAYAM! 

 

//Rupor.az

0