Şəhid Rusif Quliyevin şəhadətinin birinci ildönümü qeyd olundu (FOTO)

10:51 / 06.11.2021
1213

Ağstafa rayonu Yenigün kəndindən olan Vətən müharibəsi şəhidimiz Rusif Asim oğlu Quliyevin şəhadətə ucalmasının birinci ildönümü qeyd olunub. 

Həmçinin  2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində sücaət göstərən Rusifin vətən, torpaq naminə göstərdiyi qəhrəmanlıq nümunəsindən geniş söz açılıb.

1989-cu ilin 9 sentyabr tarixində Yenigün kəndində dünyaya göz açan Rusif hər zaman vətənpərvərliyi və mərdliyi ilə seçilib. O, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ötən il sentyabrın 27-dən işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda başlanan Vətən müharibəsində iştirak edib. Hər bir azərbaycanlı üçün müqəddəs olan Şuşa şəhərinin azadlığı uğrunda gedən amansız döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. 

Ailəli olan şəhidimizin özündən sonra bir qız övladı yadigar qaldı. 

“Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan vətən oğlu Ağstafa rayon Şəhidlər Xiyabanında dəfn olunub. R.Quliyev həmçinin hərbi xidməti zamanında “Hərbi xidmətlərə görə” medalı və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medallarına da layiq görülüb.

0