Səsli dünyanın səssiz fenomeni - Azərbaycanlı fenomen (FOTO)

ÖLKƏ
11:23 / 06.11.2021
4037

Mahmud Səfərov: Özüm eşidə və danışa bilməsəm də, çevrəmdəki insanlara pozitiv enerji ötürürəm
 
O bir fenomendir. Mümkünsüzü mümkün etmək üçün var gücü ilə çalışır. Eşitmə və danışma imkanlarından məhrum olsa da, insanların üzündə təbəssüm yaratmağı bacarır. "Səssiz dünya” ictimai birliyinin baş katibidir. Söhbət Azərbaycanda jestika - işarət dili ilə ilk "Vine" çəkən şəxs Mahmud Səfərovdan gedir.

Futbol oynamağı çox sevir. 16 yaşında AFFA-nın dəstəyi ilə eşitmə və danışma problemli şəxslər arasında keçirilən yarışda Azərbaycanı Avropada təmsil edib. Elə təkcə "Instagram” səhifəsində 190 minə yaxın izləyicisi var.
 
- Sosial şəbəkə fenomeni olmaq necə bir hissdir? 
- Fenomen olmaq çox gözəl hissdir. Tanınmaq insanın həyatına xüsusi bir ləzzət qatır. Hər hansı bir məkana gedəndə, istər-istəməz məni tanıyır, yaxınlaşıb şəkil çəkdirmək istəyirlər. Gündəlik həyatımda tez-tez belə hallarla qarşılaşıram. Bu da göstərir ki, mən doğru yoldayam. İnsanlardan müsbət emosiya və enerji alıram, sevildiyini hiss etməkdən gözəl nə ola bilər? 
  
- Potensialınızı daha necə istifadə etmək istərdiniz?
- 16 yaşımda AFFA-nın dəstəyi ilə eşitmə və danışma problemli şəxslər arasında keçirilən yarışda Azərbaycanı Avropada təmsil etmişəm. Slovakiya, Vyanadan medal və təşəkkürnamələrlə vətənə qayıtdım. Azərbaycanda keçirilən payız turnirlərində yarışlara qatıldım. Futbolda özümü sınadım və bu məndə yaxşı alındı. Ən böyük istəyim aktyor olmaqdır. Bu sahədə özümü təqdim etməyə və tanıtmağa çalışıram. Potensialımı həm vine və həm də film sahəsində göstərməyə çalışıram. Özümü daha geniş şəkildə filmlərdə göstərmək istəyirəm. 
 
- Vine çəkməyə başlayanda gözləyirdinizmi ki, bu qədər izləyici toplaya bilərsiniz?
- İlk dəfə 14 yaşımdan vine çəkməyə başlamışam. O zaman telefonların funksiyaları indiki kimi güclü deyildi. Ssenarini yazıb, çəkiliş edib, hər şeyi sıfırdan hazırlayırdım. Telefonun funksiyası güclü olmasa da, çəkib montaj edirdim. İlk videomu çəkib paylaşdım və insanların reaksiyasını gözlədim. Bu videom çox bəyənildi, izlənildi. Gördüm ki, bu video insanların marağına səbəb olur. Bu məni daha da həvəsləndirdi. Həmin dövrlər Azərbaycanda jest dilində çəkilən vine-lar  yox idi. Bu, bir ilk idi. Bununla da tarixə düşdüm və bir ilkə imza atdım. Normal danışıq qabiliyyəti olan insanlar vine-lar çəksə də, jestika ilə vine-larımız yox idi. 

- İzləyiciləriniz hansı yaş kateqoriyasını əhatə edir?
- Dünyanın hər bir ölkəsindən izləyicilərim var, istər "İnstagram” olsun, istər "Facebook”, istərsə də "Youtube”dan. Əslində bütün yaş kateqoriyaları var, ancaq videolarımı daha çox gənclər paylaşır. Hətta bir dəfə moda ilə bağlı bir video çəkmişdim və bunu 70 milyona yaxın insan izləmişdi. Hər yaş kateqoriyasından izləyicilər rəylər yazır, xoş münasibət bildirirlər. İzləyicilərlə canlı ünsiyyətimiz olur, rəylərinə cavab yazıram. Onlar öz sevgilərini bildirirlər, canlı bağlantılara qatılıram. 
 
- Cəmiyyət sizi necə qarşılayır? 
- Həm Azərbaycanda, həm də xarici ölkələrdə çox müsbət qarşılayırlar. Hətta xaricdən dəvət alarkən böyük izdiham yaşanır. Bir neçə dəfə xaricdə səfərdə olanda, şəkil çəkdirmək üçün böyük növbə yarandığının şahidi oldum. Bu da sevgidən irəli gəlir. Hətta gömrükdən keçəndə məni tanıyır, sevgilərini bildirirlər. 
 
- Ümidsizliyə qapıldığınız anlar olubmu?
- Uşaq yaşlarımda çox vaxt ümidsizliyə qapanırdım. Yəni, eşitmə və danışma məhdudiyyətli olduğum üçün bunu özümə kompleks edirdim. Kimsənin məni danışdırmasını istəmirdim. Bir müddət qapalı həyat yaşamışam. Ailəmin də dəstəyi və sevgisi ilə bu düşüncələrdən azad oldum. Ümidsizliyə qapandığım o anlar artıq geridə qalıb. Bu gün o komplekslərin heç birini yaşamıram. Əksinə, bu gün çevrəmdəki insanlara pozitiv enerji ötürürəm. Həm fiziki məhdudiyyətli, həm də bu məhdudiyyəti olmayan insanların üzünün gülməsinə səbəb oluram. Bacardığım qədər videolarımda da bu pozitivliyi nümayiş etdirməyə çalışıram.
 
- Vine-larınızın həm sosial, həm də komedik yükü var. Özünüzü ifadə etmək üçün bu sizə kifayət edirmi?
- Bəli, sosial yönümlü videolarım var ki, burda mən ailə münasibətlərinə yumor qataraq cəmiyyətimizə ötürürəm. Pis vərdişlərin acı tərəflərini göstərirəm və bunu daha çox qabartmağa çalışaram. Düşünürəm ki, özümü kifayət qədər ifadə etməyi bacarmışam. Həm komedik, həm də digər janrda özümü aktyor kimi təqdim etməyi bacarıram.
 
- Biri var, təqdim etməyi bacarmaq, biri də var, təqdim etmək. Bunlar tamamilə fərqli anlayışlardır. O duyğunu dadmısınızmı?
- Azərbaycanda ilk dəfə eşitmə və nitq məhdudiyyətli aktyorların çəkildiyi tammetrajlı bədii film olan "Mənim hekayəm”in baş qəhrəmanı idim və filmin təqdimatı "Nizami” Kino Mərkəzində keçirilirdi. İlk dəfə onda səhnəyə çıxdım və səhnənin yaratdığı o həyəcanı yaşadım. Ötən il noyabrda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə Gənc Tamaşaçılar Teatrında "Yenilməzlər” adlı beynəlxalq qala tədbir keçirildi. Fiziki məhdudiyyətli bir insan kimi həmin ssenaridə mən də yer almışdım. Bir çox ölkələrin səfirliklərinin nümayəndələri təqdimatda iştirak edirdi. Mehriban xanım Əliyeva da orada idi. Mən bu layihədə Çarli Çaplin obrazında səhnəyə çıxdım. O gündən sonra mənə "Əsrimizin Çarlisi” deməyə başladılar. Çarli də insanları danışmadan güldürürdü. Onun obrazını səhnədə canlandırmaq mənim üçün önəmli idi. Bu obrazım çox izdihamla qarşılandı. Mən səhnəyə çıxanda insanların üzündə təbəssüm yaratmağı bacardım. Düşünürəm ki, bütün bu uğurlara zəhmətimlə nail olub, kifayət qədər özümü təqdim edə bilmişəm. 
 
- Mesajınızın hədəfini tuta bilirsinizmi?
- Düşünürəm ki, insanlara ötürdüyüm mesaj yetərincə ünvanına çatıb. Bacardığımı, əlimdən gələni etmişəm.

- İzləyiciləriniz işarət dilindən anlayırmı?
- Bəli, anlayırlar. Hətta məndən işarət dilində kurslar təşkil etməyimi xahiş edirlər, onlara jest dili öyrətməm üçün mənə müraciət edirlər. Mən təlimçi olaraq bir çox ali təhsil ocaqlarında işarət dili təlimləri keçmişəm. Karantinə görə bu dayandırıldı. Karantin bitəndən sonra biz bu işi yenidən davam etdirəcəyik. İnsanların işarət dilini öyrənməsinə mən də həvəsliyəm. İşarət dilindən dərs dediyim insanlar içərisində məni izləyərək öyrənənlər də var. Çəkdiyim vine-larda alt yazıdan istifadə edirəm ki, oradakı jestin mənası açıqlansın, həm də tamaşaçılar izləyərək də jest dilini öyrənsinlər. 
 
- Sizi ən çox nə təsirləndirir?
- Eşitmə və danışma məhdudiyyətli insanların işsiz olması məni daha çox təsirləndirir. Bəzən fiziki məhdudiyyətli insanları ələ salırlar və bu məni hədsiz dərəcədə əsəbiləşdirir. Ümumilikdə, onların problemindən bir çıxış yolu axtarıram. Eşitmə və digər əngəlləri olduğu üçün heç bir müəssisə onlarla işləmək istəmir. Ümid edirəm ki, bu insanlar üçün gələcəkdə iş yerləri açılar və onlar işə cəlb olunar. 
 
- Cəmiyyətə ismarıcınız nədir?
- Fiziki məhdudiyyətli insanlara dəstək olun, onları ələ salmayın. Bəzən sosial şəbəkədə fiziki məhdudiyyətli insanları ələ salan videolar yayımlanır və bu da mənə çox pis təsir edir. Bu videolar yumor şəklində təqdim olunur. Ancaq ailəsində fiziki məhdudiyyəti olan insanlara çox pis təsir göstərir. Yəni, onlara dəstək olmaq əvəzinə, ələ salınmaları mənə pis təsir edir. Onlar da insandır, içlərindəki potensialı üzə çıxarmaqda dəstək olmaq əvəzinə, belə videoların çəkilməsi qəbulolunmaz haldır. Mən özüm kimi eşitmə və danışma məhdudiyyəti olan şəxslərə dəstək məqsədi ilə ictimai birlik yaratdım. Hazırda "Səssiz dünya” işarət dili ilə danışan əlillərə və idmançılara dəstək ictimai birliyinin təsisçiyəm. Bu təşkilatı bacımla birlikdə yaratmışam. İctimai birliyimiz Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Təşkilatı yaratmağımızda məqsəd özüm kimi eşitmə və danışma məhdudiyyəti olan şəxslərə dəstək olmaq və onların potensialının üzə çıxmasına, bacardıqları idman növləri üzrə yarışlara qatılmalarına kömək etməkdir. Bizim bir çox layihələrimiz var ki, karantinə görə müvəqqəti təxirə salmışıq. Əsas məqsədlərimizdən biri də odur ki, beynəlxalq və yerli qurumlarla əməkdaşlıq edək. İşarət dilinin daha çox mənimsənilməsinə, eyni zamanda idmanın inkişafına fiziki məhdudiyyətli insanları cəlb etməyə çalışırıq. Düşünürəm ki, gələcəkdə daha böyük nailiyyətlərimiz olacaq. "Səssiz dünya” ictimai birliyi olaraq 6 sosial çarx çəkmişik. Baxmayaraq ki, təşkilatımızın bir yaşı hələ tamam olmayıb. 
 
Xəyalə Rəis / Kaspi.az

0