BOS Şelf Zəfər bayramı ilə bağlı tədbirlər keçirdi - FOTOLAR

ÖLKƏ
15:52 / 10.11.2021
1318

Azərbaycanda hər kəs kimi BOS Şelf MMC-nın çoxsaylı kollektivi də bu möhtəşəm Zəfər Bayramını təntənəli şəkildə qeyd edib.

Belə ki, Zəfər Bayramı günü Şirkət rəhbərliyi şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə ağacəkmə kompaniyasına başladı. Həmin kompaniya çərçivəsində Vətən müharibəsində şəhid olan igid övladlarımızın hər birinin xatirəsinə ağac əkilməsi nəzərdə tutulub. 

Noyabrın 8-də tarixi qələbəmizin memarı olan şəhidlərin əziz xatirəsi ehtiramla anıldı. Şirkətin Baş Direktor əvəzi Nazim Hüseynov Şirkət ərazisində hazırlanmış “Zəfər Parkı”nın açılış mərasimində çıxış etdi və 44 günlük zəfər döyüşləri barədə geniş məlumat verdi və açılışa toplanan hər kəsi təbrik etdi. Şirkətin qazi işçiləri öz ürək sözlərini söylədilər. Zəfər Parkında işlər davam edir və burada quraşdırılacaq xüsusi lövhələr üzərində 44 gün ərzində gedən döyüşlərdə şəhid olan 2904  hərbiçimiz və işğaldan azad edilən rayonlarımız barəsində  məlumatlar öz əksini tapacaq. 

BOS-Şelf-dən aldığımız məlumata görə Şirkətin 58 işçisi Vətən müharibəsində iştirak edib. Həmin qəhrəman Vətən övladlarından 4 nəfəri yaralanmış, 9 nəfər isə ciddi şəkildə xəstələnib. Onların hər birinin əməliyyat və müalicə xərcləri  Şirkət və onun Həmkarlar İttifaqı tərəfindən qarşılanıb. Müharibə dövründə döyüşçü-işçilərin əmək haqqı ikiqat ödənilmiş, onların ailələrinin ehtiyacları daim diqqət mərkəzində saxlanılmış  və döyüşlərdən qayıdandan dərhal sonra onların hər birinin maaş kartına 200 (iki yüz) manat və Zəfər Günü bayramı münasibəti ilə də hər bir qazinin hesabına 200 (iki yüz) Azn köçürülmuşdur. 

Mənbə bildirir ki, Şirkət rəhbərliyi müharibə veteranlarına daim xüsusi həssaslıqla yanaşır. Belə ki, adıçəkilən MMC-də işlə təmin olunmaq məqsədilə bu ilin yanvar – noyabr aylarında Vətən müharibəsi iştirakçısı olan  578  nəfərin siyahısı tutulub. Nəticədə növbəlilik əsasında onların müxtəlif peşələr üzrə təlimlərə cəlb edilməsi planlaşdırılıb. Artıq həmin nüharibə veteranlarından 48  nəfəri Şirkətin təlim mərkəzinə qəbul olunub,  9 nəfər veteran isə fəaliyyətə yararlı müxtəlif peşə sahibləri olduqları üçün birbaşa işə qəbul edilmişlər. 

Onu da qeyd etmək lazımdır ki, Şirkət rəhbərliyi və Həmkarlar İttifaqı şəhid ailələrinin və qazilərimizin sağlamlıqla bağlı və sosial xarakterli problemlərinin həllini də daim diqqət mərkəzində saxlayır. "Belə ki, kran operatoru olan şəhid atası Namiq Kəlbiyevin ailəsinə 11.000 AZN  maddi yardım göstərilib. Quraşdırıcı Mehman Məmmədovun oğlu olan Vətən müharibəsi veteranı, eyni zamanda döyüşlərdə göstərdiyi igidliyə görə bir çox medallara layiq görülən Hünər Məmmədovla Şirkət rəhbərliyinin görüşü keçirilib, həmçinin, qəhrəman qazimizə 2.000 AZN  mükafat verilib" – deyə BOS Şelf MMC-dən bildirilib. 
Eyni zamanda vurğulanıb ki, bəzən Şirkətə burada çalışmayan qazılər də kömək üçün müraciət edirlər. Təqdirəlayiqdir ki, onların müraciəti də diqqətdən kənarda qalmır. Məsələn, müalicəsinə və ailəsinin sosial durumunun ağır olmasına görə yardım məqsədi ilə müraciət etmiş Vətən müharibəsi qazisi Eyyub Famil oğlu Dadaşovun müalicəsi təşkil edilib, həmçinin, qazinin ailəsinə bir neçə dəfə maddi yardım göstərilmişdir.

Yeri gəlmişkən onu da qeyd edək ki, tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi ərzində Şirkətin həm rəhbər heyəti, həm  də sıravi işçiləri mütəmadi olaraq cəbhə bölgələrinə səfərlər etmiş, qəhrəman zabit və əsgərlərimizə istər maddi, istərsə də mənəvi dəstəklərini əsirgəməmişlər. Belə ki, Bos-Şelf tərəfindən Silahlı Qüvvələrimizə təxminən 100.000 (yüz min)  manatlıq ehtiyac duyulan ləvazimatlar çatdırılıb. Bununla da kifayətlənməyən Şirkət rəhbərliyi Silahlı Qüvvələrə Yardım Fonduna  1 000 000 (bir milyon) AZN, adıçəkilən müəssisənin Həmkarlar İttifaqı və işçiləri isə ayrılıqda  185 000 (yüz səksən beş min) AZN  pul vəsaiti köçürüblər.

Zəfər Günü ilə bağlı BOS-Şelfdən aldığımız sonuncu məlumat da çox maraqlıdır. Belə ki, Qadın və Uşaqların Təhsilinə Dəstək İB-nın Zəfər Günü şəhid övladları üçün təşkil etdiyi tədbirin maliyyə xərclərini BOS Şelf Şirkətinin kollektivi öz üzərinə götürmüşdür. 

BOS Şelf MMC-nin rəhbərliyi və kollektivi Zəfər Bayramı münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik  edir, bu tarixi qələbənin memarı olan şəhidlərimizin ruhuna sonsuz ehtiramını bildirir, qazilərimizə sağlamlıq arzulyır, Vətən müharibəsinin bütün iştirakçılarına sonsuz minnətdarlığını çatdırır.  

0