20 Yanvar şəhidi İsmayıl Mursaqulovun doğum günüdür - FOTO

ÖLKƏ
00:51 / 13.11.2021
1209

İsmayıl Həsən oğlu Mursaqulov 13 noyabr 1939-cu ildə Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində anadan olub.

Professor İsmayıl Mursaqulov Sumqayıt Polimer Materialları İnstitutunun ən potensialı və perspektivli şöbə müdirlərindən biri idi.

O, 1939-cu il noyabrın 13-də Gürcüstan Respublikası, Marneuli şəhərində qulluqçu ailəsində anadan olub. 1947-ci ildə Marneuli orta məktəbinin birinci sinfinə daxil olmuş, oranı 1958-ci ildə qızıl medalla bitirib. Həmin ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuş və oranı 1963-cü ildə fərqlənmə diplomu ilə qurtarıb. Universiteti bitirdikdən sonra təyinatla Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutuna göndərilib və orada bir neçə ay müddətində laborant vəzifəsində işləyib. 1963-cü ilin sonunda SSRİ Elmlər Akademiyası Ümumi Kimya İnstitutunun (Moskva) aspiranturasına daxil olub və oranı 1966-cı ildə başa vurub. 1967-ci ilin əvvəlində həmin institutun elmi Şurasında namizədlik dissertasiya işini müdafiə edib. 1966-1967-ci illərdə Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi, 1967-74-cü illərdə isə Azərbaycan EA Aşqarlar Kimyası İnstitutunda böyük elmi işçi vəzifəsində işləyib.

İ.H.Mursaqulov 1974-1978-ci illərdə Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutunda Sumqayıt Filialında, 1977-ci ildən Azərbaycan EA Xlor-üzvi Sintez İnstitutunda böyük elni işçi, 1978-ci ildən ömrünün sonuna qədər laboratoriya və şöbə müdiri vəzifəsində işləyib. O, 1984-cü ildə “1,2,3-Üçəvəzedilmiş tsikloheksanların konformasiya analizi və dinamik stereokimyada qoş-qarşılıqlı təsir problemi” mövzusunda doktorluq dissertasiyasını M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin İxtisaslaşmış Elmi Şurasında müdafiə edib. 1987-ci ildə isə ona professor adı verilib.

Professor müasir üzvi kimya elminin mürəkkəb və və maraqlı bir sahəsi sayılan üzvi birləşmələrin fəza kimyası və konformasiya analizi sahəsində tanınmış görkəmli alim idi. Onun tərəfindən ilk dəfə olaraq tərkibində öz təbiəti ilə müxtəlif heminal fraqmentlər və visinal vəziyyətdə əvəzediciləri olan 1,2,3-üçəvəzli tsikloheksanların məntiqi seçilmiş sıralarının konformasiya xassələri sistematik tədqiq edilib. Öyrənilən sistemlərdə qoş-qarşılıqlı təsir miqdarı olaraq qiymətləndirilib. Müəyyən edib ki, mono və 1,2-diəvəzli tsikloheksanlardan 1,1,2-üçəvəzli analoqlara keçdikçə konformasiya enerjilərində additivlik prinsipi saxlanılmır. 1,1,2-üç-əvəzli tsikloheksanların konformasiyasını infraqırmızı, nüvə-maqnit rezonansı və molekulyar mexanika üsulları ilə tədqiq etdikdə bir sıra xarakterik molekuldaxili qarşılıqlı təsirlərin qanunauyğunluqları aşkar edilib.

Onun tərəfindən praktiki cəhətdən çətinliklə əldə edilə bilən 1,3-vəziyyətdə doymamış rabitə saxlayan 1,4-sulfidlərin, 2-mono- və 2,3-diəvəzli 1,4-ditienlərin və mono- və ditiolların alfa-halogenketonların qarşılıqlı təsirindən 1,4-oksatienlərin sintez üsulları işlənib hazırlanıb. O, həmçinin müxtəlif əvəzli fenol və tiofenolun siannorbornenləşməsi reaksiyalarında alınan bitsiklik məhsulların, eləcə də izoprenoidlərin fəza kimyasını tədqiq edib. Professor İ.H.Mursaqulov fəza kimyasına dair 130-dan çox elmi əsərin, o cümlədən 15 ixtiranın müəllifidir. Onun konformasiya analizinə dair əsərləri ABŞ-ın və stereokimya sahəsində çalışan görkəmli kimyaçıların (İliel və s.) marağına səbəb olub. O, keçmiş İttifaqın və dünyanın məşhur kimyaçı alimləri ilə səmərəli əməkdaşlıq edirdi. Bu sahədə elmi kadrların hazırlanmasında da onun xidmətləri böyükdür.

                    

Onun rəhbərliyi altında 12 namizədlik dissertasiyası işi müdafiə edilib. 1990-cı il yanvarın 20-də Sovet İmperiyasının Bakı şəhərinə qoşun yeridərək xalqımızın başına gətirdiyi vəhşi cinayət qurbanlarından biri də professor İsmayıl Həsən oğlu Mursaqulovdur. O, 1990-cı il yanvarın 24-də qanlı yanvar hadisələri zamanı Bakıdan Sumqayıta həmkarları ilə birlikdə işə gedərkən Sovet hərbiçilərinin vəhşiliyi nəticəsində ağır zədə alıb və fevralın 3-də, ömrünün çiçəkləndiyi, yaradıcılığının bulaq kimi qaynadığı bir vaxtda həyatdan vaxtsız gedib.

Professor İsmayıl Mursaqulov Şəhidlər Xiyabanında dəfn olunub. 

"20 Yanvar Şəhidi" fəxri adı verilib.

Yaşadığı binaya xatirə lövhəsi vurulub. Adına küçə var.

19 yanvar 2016-cı ildə haqqında İTV-də "Yadigarlar" verilişi efirə gedib.

Xəyal Abdullayev/ Hit.az saytının Baş redaktoru

0