Sağlam qidalar dişlərə mənfi təsir edirmi?

ÖLKƏ
16:59 / 17.11.2021
1810

Dişlərimiz ərzağın ilkin mexaniki emalı üçün orqanizmin bir hissəsi olmaqla yanaşı, insanda danışıq instrumentlərindən biri və gülüş atributu kimi də istifadə edilir. Gözəl bir gülüş insanı daha səmimi və daha cazibədar göstərə bilər. Gözəl və ən əsası sağlam dişlərə sahib olmaq üçün ağız boşluğunun gigiyenasına xüsusi diqqət etmək lazımdır. Ağız boşluğunun gigiyenası dişlərin kariesinin, ginqvitinin, paradontozunun, ağızda pis iyin və digər stomatoloji xəstəliklərin qarşısını almağa kömək edir. Ağız boşluğunun gigiyenasına gündəlik dişlərin təmizlənməsi və həkim tərəfindən xüsusi təmizlənmə daxildir. Lakin sadəcə gigiyena qaydalarına riayət etmək dişlərimizi qorumağa kifayət etmir. Dişlərimiz çürüməyə məhkum olur.

Hit.az xəbər verir ki, hansı yaşda olmağınızdan asılı olmayaraq, diş çürüməsinin səbəbləri eynidir. Dişlərimizin üzərində gündəlik həyatda tez-tez istifadə edilən və çürüklərə səbəb olan şəkərlə qidalanan bakteriyalardan ibarət təbəqə meydana gəldikdə diş çürüməsi baş verir. Çürüklər, şəkəri metabolizə edən və diş quruluşumuzu həll edən turşuya çevirən bakteriyalardan qaynaqlanır. Bu gün biz də dişlərə qidaların təsirini sizlər üçün araşdırdıq.

Dişlərimizə zərər verən qidalar – yemək, müxtəlif qazlı sərinləşdirici içkilər və s. diş çürüməsinə səbəb olur. Bu yazıda, siz dəyərli oxucularımıza, mütəxəssislərimizin məsləhətlərini çatdırmağa çalışdıq. Dişlərimizi mümkün qədər sağlam saxlamaq üçün hansı qidalardan çəkinməli və ya ən azından məhdudlaşdırmalıyıq.

Sağlam qidalar dişləri çürüdə bilərmi?

Şübhəsiz ki, yüksək qida dəyəri olan qidalar bədənimiz üçün faydalıdır və maddələr mübadiləsini stimullaşdırır, zehnimizi təravətləndirir. Təəccüblüdür ki, orqanizmə xeyirli, dişlərimizə isə zərər verə biləcək qidalar da var. Araşdırmalar göstərir ki, bəzi qidalarda diş çürüməsi riskini artıran maddələr var. Bu qidalardan çox yemək diş sağlamlığı üçün arzuolunmaz mənfi təsirə və ya sağalması çətin olan diş xəstəliyinə səbəb olur. Sağlam qidalanmanı möhtəşəm bir təbəssümlə balanslaşdırmaq istəyirsinizsə sadaladığımız qidalara diqqət edin.

Dişlərinizə zərər verən qidalar

Əksər insanlar idmanın və pəhrizin sağlam olmalarında mühüm rol oynadığını başa düşürlər. Ancaq sağlam bir bədən üçün sağlam bir ağızın nə qədər əhəmiyyətli olduğunu anlayırıqmı? Zəif ağız sağlamlığı insanın zehni, fiziki və sosial sağlamlığına, eyni zamanda, həyat keyfiyyətinə mənfi təsir göstərə bilər. Dişlərin olmaması, ağız infeksiyaları və xarici ağrılar yemək, danışma və hətta sosiallaşma tərzimizə təsir edə bilər. Sağlamlığımıza təsir edə biləcək ağız problemlərinə səbəb ola biləcək bəzi sağlam qidalar bunlardır:

1. Çay

Xalq olaraq çay sevgimizi başqa heç nə ilə müqayisə etmək olmaz. Çay demək olar ki, bizim üçün bir mədəniyyətdir. Ancaq təəccüblənə bilərsiniz, çay kimi yumuşaq bir şey dişlərimizə necə zərər verə bilər? 2014-cü ildə edilən bir araşdırmaya görə, çay içmək dişləri qəhvə, qırmızı şərab və hətta koladan daha çox rəngsizləşdirə bilər. Bu araşdırma zamanı çox miqdarda çaya məruz qalan dişlərdə daha çox səth itkisi və emaye aşınması göründü.

2. Sitrus meyvələri

Sitrus meyvələri balanslı bir pəhrizin vacib bir hissəsi ola bilər. Ancaq həddindən artıq istehlak edildikdə, meyvənin tərkibindəki limon turşusu diş minasını aşındırır və dişlərimizi çürüklərə qarşı həssas edir. Limon, greyfurt və portağal kimi meyvələr orqanizm üçün faydalı antioksidantlarla dolu olsa da, bu meyvələrin tərkibi turşu ilə son dərəcə zəngindir. Bu səbəbdən bu meyvələrin həddindən artıq istehlakı dişlərimizin zəifləməsinə və çürüməsinə səbəb ola bilər. Digər tərəfdən, yaz ayları üçün vazkeçilməz olan meyvə şirələrini istehlak edərkən, bu içkilərin tərkibində olan turşuların dişlərimizi zədələməsinə icazə verməmək üçün pipet (meyvə şirəsi üçün çubuq) istifadə etmək daha faydalı olar.

3. Qəhvə

Kafein dişlərin rənginin dəyişməsinə səbəb olan əsas maddələrdən biridir. Yüksək miqdarda antioksidan və vitamin ehtiva etməsinə baxmayaraq, qəhvənin özü çox asidikdir. Şəkər əlavə edilən qəhvə içənlər daha çox ləkələnmə riski ilə üzləşə bilərlər. Qəhvəni gündəlik rasiondan çıxarmaq çətindir. Lakin yaxşı bir ağız gigiyenası qaydasına riayət edərək, eyni zamanda, səhərlər bol su içərək qəhvənin dişlərə mənfi təsirini minimuma endirə bilərik.

4. İdman içkiləri

İdman edib tərlədikdən sonra heç bir şey buz kimi soyuq bir idman içkisini əvəz etmir. Ancaq idman xaricində bu cür içkilərə davam etsək, bu elektrolit dolu içkilərin istifadəsi bizə heç bir fayda verməyəcək. Bunlar yalnız asidik deyil, eyni zamanda, tərkibindəki qatı maye uzun müddət dişlərimizə yapışır və bu da diş eroziyasına səbəb olur. Bunun qarşısını almaq üçün məşqdən sonra bədənimizə "yanacaq doldurmaq" istəyiriksə, onda idman içkimizi klassik bir stəkan soyuq su ilə balanslaşdırsaq daha sağlam dişlərə və bədənə sahib olarıq.

5. Şəkər

Qəhvəyi şəkər, təmizlənmiş ağ şəkər və ya bal olsun, fərqi yoxdur şəkər yenə də şəkərdir. Şəkər qəbul etdikdə ağız boşluğumuz bir neçə saat davam edən turş bir mühitə çevrilir. Bir neçə saatdan bir şəkər içiriksə və ya yeyiriksə, dişlərimizi daim turşu ilə yumuş kimi oluruq, bu da dişimizin mina qatını zədələyir.

Yemək zamanı ağzımızda daha çox tüpürcək istehsal etdiyimiz üçün çox şəkərli qidaları qəlyanaltılar ilə deyil, yeməklərimizlə birlikdə tükətməliyik ki, bu turşu istehsalını təsirsiz hala gətirsin. Yeməkdən təxminən 20 dəqiqə sonra gözləyib dişlərimizi fırçalamalıyıq. Bu, tüpürcəyimizə, turşunun həll olunduğu yerdə emalımızı yenidən minerallaşdırma şansı verəcək. Buna görə də stomatoloqlar pasientlərə həmişə deyir ki, ürəyiniz şirin bir şey yemək istəyirsə, ağzınızda tez əriyən bir şirniyyat yeyin. Əlbəttə ki, həddi aşmamaq şərti ilə.

6. Qurudulmuş meyvələr

Quru ərik, kişmiş və ananas kimi qurudulmuş meyvələrin dadlı olduğu danılmazdır, lakin onları müntəzəm olaraq istehlak etmək diş çürüməsinə səbəb ola bilər. Qurudulmuş meyvələrdə çox miqdarda şəkər var və onun yapışqan toxuması dişlərimizə yapışır. Bundan əlavə, tək başına istehlak edildikdə tüpürcək istehsalını o qədər də artırmırlar. Onları yeməklərə daxil etmək daha yaxşıdır, çünki yemək qəlyanaltı deyil və bu tüpürcək istehsalını artırır.

7. Alkoqolsuz içkilər

Şəkərsiz və ya alkoqolsuz içkilərin (şirələr və s.) turşusu var. Bu turşu isə dişlərə zərər verir və çürüklərin artmasına və diş eroziyasına səbəb olur. Dişlərimizin daha sağlam olması üçün sərinləşdirici içkilərdən uzaq durmalı və ya istifadəsini məhdudlaşdırmalıyıq. Sərinləşdirici içkilərin əvəzinə şəkərsiz çay və ya su içmək daha doğrudur. Yox əgər belə içkilər içmək məcburiyyətindəsinizsə, bu içkiləri içdikdən sonra çalışın dişlərinizi dərhal fırçalamayasınız. Çünki bu içkilərin tərkibində olan turşu dişlərinizin quruluşunu yumşaldır və onları aşınmaya qarşı daha həssas edir.

alkoqolsuz içkiDişlərimizin daha sağlam olmasını istəyiriksə tükətdiyimiz qidaların balansına diqqət etməliyik. Çünki, balans sağlamlığın açarıdır! Sevdiyimiz qəlyanaltılardan imtina etmək əvəzinə yediyimiz hər şeyin miqdara nəzarət edək. Kafein qəbulunu tənzimləyək, daha çox su içək. Eyni zamanda, dişlərimizi fırçalamağı və diş ipindən istifadə etməyi unutmayaq.

Aynur Yusifova/Hit.az

0