Koronavirus pandemiyasının yayılması, evdə şəraitində aylarla təcridolma cəmiyyətdə psioloji problemlərə yol açıb.
Karantin müddətində insanların ev şəraitində olması isə bəzi hallarda münaqişəli ailələrdə anlaşmazlığa, gərginliyə səbəb olub. Bu da qadınlara qarşı zorakılıq halları ilə nəticələnib. BMT-nin baş katibi Antonio Quterreş “COVID və qadınlar” məqaləsində bildirib ki, qadınlar təcrid və karantinin ağır təsirlərindən artıq əziyyət çəkməkdədirlər:
“Yoluxma ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər labüddür, lakin bu vəziyyət şiddət nümayiş etdirən şəxslə bağlı qapı arxasında qalan qadınlara qarşı zorakılıq riskini artırır. Son həftələrdə qlobal səviyyədə məişət zorakılığının həyəcan doğuran sürətlə artımı müşahidə olunub".
Maraqlıdır sərt karantin rejimi müddətində Azərbaycanda nə qədər qadın zorakılıqla əlaqədar sığınacağa müraciət edib?
Bu barədə Cebhe.info-ya açıqlamasında "Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, bu dönəmdə müraciətlər əvvəlki ilə müqayisədə çox olmayıb:
"Martın sonundan aprelin sonunadək 11 nəfər sığınacağa müraciət edib. Bu da onu göstərir ki, əvvəlki zamanla müqayisədə karantin müddətində müraciətlərdə artım müşahidə edilməyib".