Həbsxanada vəfat edən polkovniklə bağlı YENİ MƏLUMAT (YENİLƏNİB)

ÖLKƏ
15:59 / 09.12.2021
1442

Ədliyyə Nazirliyi Penitensiar xidmət məlumat yayıb.

Hit.az xəbər verir ki, məlumatda deyilir:

"Təhlükəsizlik xidmətinin sabiq əməkdaşı Zakir İsmayılovun cəzaçəkmə müəssisəsində vəfatı barədə yayılmış məlumatla bağlı kütləvi informasiya vasitələrinin sorğularına cavab olaraq Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, Naxçıvan MR-nın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi vəzifəsində işləmiş, polkovnik rütbəsində olan Z.İsmayılov xüsusilə ağır cinayət törətdiyinə görə ömürlük azadlıqdan, həmçinin polkovnik rütbəsindən məhrum edilmişdir.

Müxtəlif xroniki xəstəliklərdən, o cümlədən ağır formalı diabet, arterial hipertoniya, kəskin ürək və qan-damar çatışmazlığından əziyyət çəkən 1959-cu il təvəllüdlü Z.İsmayılov müalicə müəssisəsində uzun müddət zəruri müalicə almışdır.

Lakin aparılan tibbi tədbirlərə baxmayaraq, o, 25 noyabr 2021-ci il tarixdə trombemboliyadan qəflətən vəfat etmişdir".

*** 10:35

MTN polkovniki həbsxanada vəfat edib.

Hit.az Lent.az-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən bir neçə il əvvəl casusluqda ittiham olunaraq həbs edilən, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi Zakir Əlibala oğlu İsmayılov həbsxanada dünyasını dəyişib.

Onun hansı səbəbdən öldüyü hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi Z. İsmayılov 2018-ci ildə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilərək həbs edilib. Z. İsmayılovla birgə onun həyat yoldaşı Nəzakət İsmayılova da tutulub.

Z. İsmayılov məhkəmənin hökmü ilə 19 il azadlıqdan məhrum edilmişdi.

0