Jurnalist, teleaparıcı Kseniya Sobçak Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov da daxil olmaqla bir çox blogeri tənqid edib.
Axşam.az xəbər verir ki, aparıcı "Осторожно: Собчак" "Youtube" layihəsinin növbəti buraxılışında blogerləri "informasiya-qaraçıları" adlandırıb. O, sosial şəbəkələr vasitəsiylə özlərini ultra-milyoner göstərərək buna necə nail olduqlarını insanlara öyrətməyə çalışanların videolarını müzakirəyə qoyub.
Buraxılışda Hüseynin ötən ildən etibarən fəaliyyət göstərən "Мышление миллионера" kursu hədəf alınıb. 3 bilbord və sensorlu ekranla gündəmə oturan kursda əslində yeni bir şeyin təqdim olunmadığı bildirilib. O, auditoriyasını tanıyan və reklamlar müqabilində çəkilişlər aparan Hüseyn və onun kimi blogerlərin adi insan psixologiyasından öz xeyrlərinə istifadə etdiklərini vurğulayıb.
Buraxılışda müzakirələrə səbəb olan yeganə mövzu blogerlərin tənqid edilməsi olmayıb. Aparıcının "informasiya-qaraçıları" ifadəsi də etnik qrupun aşağılanması kimi qiymətləndirilib. Hətta Sobçak investor Serqey Briz tərəfindən sözügedən ifadəyə görə məhkəməyə verilib. O, jurnalisti irqçilikdə və ksenofobiyada ittiham edib. Brizin tələbi Sobçakın çəkdiyi videoya görə üzr istəməsi, onu silməsi və rus qaraçılarının fonduna 100 milyon rubl ianə etsindən ibarətdir.
Qeyd edək ki, Sobçakın tənqid etdiyi məşhur blogerlər arasında Yelena Blinovskaya, Mila Levçuk, Mariya Kapşukova, Katya Petersil və başqaları yer alıb.