Çörəklə sınağa çəkilənlər - Orxan Cuvarlı yazır

ÖLKƏ
11:57 / 08.01.2022
1912

Son günlər bəlkə də ən çox eşitdiyimiz sözdür çörək. 

Yeni ilin ilk günlərində, insanların bayram əhval-ruhiyyəsində olduğu bir vaxtda unun bahalaşması, çörəyin qiymətindəki artım xəbərləri tirajlandı, müzakirə olundu.

Bu xəbəri ilk oxuyanda həm yaxın, həm də uzaq keçmişə qayıtdım.

İki il əvvəl sərt karantin rejiminin hökm sürdüyü zamanlarda insanların həyəcanla marketlərə, dükanlara axışıb çörək piştaxtalarına hücum çəkdiyi kadrlar gözlərimin önünə gəldi. 

Apokalipsis vəziyyəti, əndişəli kütlə, qorxunc naməlumluq, müəmmalı gələcək… 

O dövrdə aidiyyəti qurumların üst-üstə verdiyi amansız səhv qərarların ardından bir qorxu filmində baş verə biləcək bütün hadisələrin canlı şahidi olduq.

Həmin anlarda çörəyin, qidanın insanlarımız üçün qırmızı xətt olduğunu dərk etdim. İnsanlarımız aclıqdan qorxduğu qədər heç nədən qorxmur, yoxluğa dözümsüzdür, yoxsulluqdan çəkinir. 

İnsanlarımız hər çətin şəraitdə keçid dövründəki çörək növbələrini, ərzaq talonlarını, qıtlığı xatırlayır, həmin ərəfələrin ağrı-acılarını yenidən iliklərinə qədər hiss edirlər.

Çörəyin bahalaşması ilə bağlı xəbərləri oxuduqca həm də uşaqlığıma qayıtdım.

Biz onda dükandan çörək almağın nə olduğunu bilməzdik. Uşaqlığım bir neçə dadla yadımda qalıb. Kiçik yaşlarımdan nənəmin bişirdiyi, iştahla yediyim, öyrəşdiyim çörəyin ləzzəti hələ də damağımdadır. 

Bütün bu tədarüklərin əvvəli bir yay gününə söykənirdi.

Bürkülü iyul axşamlarında evin bir küncünə çəkilib kitab oxuyanda gecənin səssizliyini uzaqdakı zəmilərdən gələn taxılbiçən kombayn səsi pozurdu. 

Bu səsi eşidəndə kilometrlərlə uzaqdakı həmin kombaynın yanında, zəminin tən ortasında dayandığımı zənn edirdim. Mənim təsəvvürümdə o zəmi limon kimi sapsarı idi. Mənim xəyalımda həmin qırmızı kombaynın sürücüsü təmtək oturduğu sükan arxasında darıxırdı. Kombaynın bir cüt gur işığı gecənin zülmət qaranlığında itib-batan zəmini aydınlandırırdı. O, gecə-gündüz işləyirdi.

Mən onu nədənsə tənha hiss edirdim. Heç güman edə bilmirdim ki, onun yanında bir qulaq yoldaşı ola bilər.

Şayəd orda başqa biri var idisə, mən əmin idim ki, onlar müxtəlif şeylərdən danışırlar. Məsələn, məhsulun bolluğundan. Və ya bu il keçən bərk istilərdən, quraqlıqdan…

Sonra biz kisələri maşına yükləyib bir kənd aşağıdakı dəyirmana gedirdik. Dəyirmandan üz-gözümüz, əynimiz ağappaq, kisələrlə unla qayıdardıq.

Arabir uşaqlığıma aid qoxular burnumu çalır. Bu qoxuları hiss edəndə beynimin bir hissəsində nələrsə hərəkətə gəlir, aramla o tanış qoxunun içindən keçib gəldiyi minlərlə qoxunu ələk-vələk edir, bu iyin aid olduğu yeri, başlanğıc nöqtəsini müəyyənləşdirməyə çalışır.

Belə anlarda yaddaşımı iri kitab rəfinə bənzədirəm. Həmin qoxular o tozlu rəfin hansısa hissəsindən çıxıb gəlir. Bəzən rahat, bəzən də çətinliklə bu qoxunun rəfin hansı gözündən gəldiyini aydınlaşdırıram.

Çörək qoxusu məni uşaqlığıma, həmin o zəmiyə, dəyirmana, darısqal otağın bir küncündəki sobanın yanına, həyətimizdəki təndirəsərə, saca qaytarır. 

Həmin şüşəsində iri hərflərlə "ARI" yazılmış qırmızı soba, uçuq təndirəsər, iri sac hələ də xatirimdədir.

Nənəm o undan müxtəlif çörəklər bişirirdi: qızmar günlərdə təndirəsərdə çörək yapır, sacda yuxa bişirir, sərt qışda sobada bir neçə günlük çörək ehtiyatımızı hazır edirdi.

Yazını yaza-yaza süfrə üzlüyünə bənzər bir parçaya bükülüb stolun üstünə düzülmüş çörəklərin, üst-üstə yığılmış yuxaların ətrini duydum. 

Biz o çörəklərin kənarlarından bir çimdik qopara-qopara yeyir, xoşbəxt olurduq.

Yerdə görəndə üç dəfə öpüb gözümüzün üstünə toxundurduğumuz, təmizləyib uca bir yerə qoyduğumuz həmin çörək bizim üçün müqəddəsdir.

Bahalaşma xəbərlərinin ardından start vəziyyətində duran millət vəkillərinin məsələyə əndrabadi münasibətləri də çox gecikmədi.

Artım xəbərlərindən sonda Milli Məclisin deputatı Eldar Quliyevin açıqlaması hədəfə çevrildi:

“Vətəndaşlar bəzən lazım olmadığı halda 2-3 çörək alır, amma istifadə etmirlər. Yəqin ki, hər kəs şahidi olub: səhərlər qapılardan yarım və yaxud da bütöv dünəndən, sırağagündən qalmış çörək qurusu asılır. Yəni, ehtiyac olan qədər çörək almaq lazımdır, israfçılıqdan qaçmalıyıq”.

Millət vəkili ağsaqqal ədasıyla xalqı uşaq kimi qabağına qoyub danlayır, ağıl verir.

Hərdən bu insanların o kürsülərdə niyə oturduğunu başa düşməkdə çətinlik çəkirəm.

Ölkədə gündəmin dəyişməli olduğu anlarda onlar kamikadzelər kimi bir-birilə yarışır, ciddi-cəhdlə ilk mövqe bildirən olmaq istəyir, canfəşanlıqla məsələylə bağlı qıcıq yaradan fikirlər səsləndirir və birmənalı şəkildə söyülməyə başlayırlar.

Bu qanunauyğunluq halını almış vərdiş illərdir qapalı dövrə kimi təkrarlanır. Onlar məni təəccübləndirən cürətlə hər mövzuda xalqı danlamağa özlərində haqq görürlər.

Hərdən xalqımıza yazığım gəlir. Yetim əlində qoğal əcaib…

Çıxış yolu görünməyən vəziyyətlərdə aclıq qorxusuyla ərzaq piştaxtalarını boşaldan insanları bir daha xatırlayıram.

İndi həmin insanlar bir parça çörəklə sınağa çəkilirlər.

0