Bakıda mənşəyi bilinməyən 360 kiloqram ət aşkarlandı - FOTO/VİDEO

19:11 / 08.01.2022
664

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Bərdə rayon sakini Bəxtiyar Məmmədov saxlanılıb.

Onun üzərinə baxış zamanı külli miqdarda - 360 qram heroin və 170 qram metamfetamin aşkar edilib.

Həmin şəxslə birlikdə saxlanılan həmyerlisi Ramin Nəbiyevin idarə etdiyi “Opel” markalı avtomobilə baxış zamanı isə mənşəyi bilinməyən və  tibbi sənədləri olmayan 360 kiloqram ət aşkar olunub.

Ramin Nəbiyev ifadəsində ətin Anar Kərimov adlı tanışına məxsus olduğunu bildirib.

Qeyd edək ki, Bəxtiyar Məmmədovdan aşkar edilən narkotik maddələrlə bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb.

Aşkar olunan ətin mənşəyinin və insan orqanizminə zərərli olub-olmadığını müəyyən etmək üçün isə ekspertiza təyin edilib.

Faktlarla bağlı istintaq tədbirləri davam etdirilir.

0