11 ayda 15 min ailə dağılıb, bu, hələ rəsmi statistikadır - Sosioloq

ÖLKƏ
16:30 / 19.01.2022
1237

"Əgər 11 ayda 15 min ailə dağılıbsa, bundan iki dəfə artıq, yəni 30 min ailədə də gərginlik hökm sürür, vuruşurlar”.

Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu ötən ilin 11 ayı ərzində 15 min ailənin dağılmasına aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, bu gün ailə institutlarının qorunması üçün vacib, lazım olan işlər görmürlər:

"Biz ailə institutunu qorumaq üçün 50-30 il bundan əvvəlki metodlardan istifadə edirik. İndiki vaxtda cəmiyyət xeyli mürəkkəbləşib, dəyişib. İndi ailə instututunu qorumaq üçün əsas yanaşma belə olmalıdır: ailənin əsas vacib, müqddəs funksiyaları hansılardır? Dəyişən şəraitdə bu funksiyaları hansı yolla qorumaq olacaq? Yalnız belə olanda biz ailə institutunu qoruya biləcəyik. Bu barədə mən dəfələrlə demişəm, amma sanki heç kəs eşitmək istəmir. Azərbaycan tarixi, mədəniyyəti əsasən ailə institutu üzərində dayanır. Ailə dağılanda Azərbaycanda xeyli xoş olmayan hadislər baş verir”.

Əhməd Qəşəmoğlu hesab edir ki, dağılan təkcə 15 min ailələr deyil:

"Bunun 15 mini hələ üzə çıxandır, bundan ikiqat da artıq ailədə dava gedir, vuruşurlar. Bu gərginlikdə və belə ailələrdə Azərbaycanın yeni nəsli yetişir. Həyəcan təbili çalmaq lazımdır ki, indiki yeni nəslin böyüdüyü ailələrdə xoşagəlməz gərginlik var. Bu da ölkənin gələcəyi üçün təhlükəlidir. Ona görə təcili şəkidlə ailə institutlarının qorunması üçün işlər görülməlidir”. 

Qeyd edək ki, Dövlət Statistika Komitəsi 2021-ci ilin 11 ayı ərzində Azərbaycanda qeydiyyata alınan nikahların və boşanmaların sayını açıqlayıb. Məlumata görə, ötən ilin yanvar-noyabr aylarında qeydiyyat şöbələrində 50890 nikaha daxilolma və 15659 boşanma qeydə alınıb.

0