Ayna ayna, de görüm məndən gözəli varmı? Və ya Dorian Qrey Sindromu

11:55 / 22.01.2022
1718

Psixoloq, müəllim, pedaqoq Səxavət Qabiloğlunun xüsusi olaraq HİT.az üçün hazırladığı yazını təqdim edirik:

Özünə baxmaq istəyi, daima gümrah və sağlam olmaq istəyi müsbət qarşılansa da, bəzən elə olur ki, insanlar həddindən artıq zahiri görünüşlərinə önəm verirlər. Bəzi insanlar üçün, bu iş günün 60% vaxtını təşkil edə bilər. 

Hər iki cinsin nümayəndəsi bu işlə məşğul ola bilərlər, amma əksər hallarda qadınların bu xəstəliyə tutulma riski daha çoxdur. Bəzən onlar gözəllikdə, zahiri görünüşdə, övladlarından geri qalmaq istəmirlər. Və o zaman fəsadlar başlayır.

Bu gün Dorian Qrey sindromundan danışacayıq. Bəlkə də çoxumuz özümüzü görəcəyik. 

Tarixi: Bu sindromun adının mənasını məşhur  ingilis yazıçısı və şairi Oskar Uayldın “Dorian Qreyin Portreti” əsərini oxuyanlar başa düşəcək.  Tanımayanlar üçün isə, kiçik spoyler verməli olacam.

“Biri var idi biri yox idi, Dorian Qrey adlı bir oğlan var idi. Bu oğlan o qədər yaraşıqlı idi ki, xanımlar onu görəndə özlərindən gedərdilər, kişilər isə qısqanclıqdan partlayardılar. İstənilən məclisdə olarkən, Dorian daima diqqət əhatəsində olarmış. Şairlər şeir qoşardılar, manıslar nəğmə oxuyardılar, xanımlar ondan uşaq istəyərdilər ki, onun kimi yaraşıqlı olsun. Vəziyyət o yerə çatır ki, Qrey artıq özündən başqa heç kimi görməməyə başlayır. Özünə aşiq olur və daima həyəcan içində olur. Bir gün Qrey uzun  fikirlərdən sonra, belə qənaətə gəlir ki, qocalmasın. Qocalmaq qorxusu  ( Gerantofobiya) onun beynini yandırır. Güzgüdə qırışlar görən Qrey, aynanı sındırır. Hər gün oyanıb güzgüdə kaftar görə biləcəyi qorxusu onu dəhşətli şəkildə narahat edir. Və o arzulayır ki, öz cavanlıq portretinə dönsün. 

Onun bu arzusu gerçəkləşir. O ömürlük cavan qalır. Amma onun portreti əksinə qırışlarla dolur. Beləcə sanki Qreyin  həyata gerçək  qəzəbini əks etdirir. Qrey hətta qocalmış  portretinə də baxa bilmir və  bıcağı əlinə alaraq kətana hücum edir. Yəni ki beləcə özünü də intihar edir. 

Simptomlar: 

Ən tez gözəçarpan simptom kimi, ilk ağarmış saçı və ya üzdəki qırışları göstərmək olar. Əlbəttə bir tərəfdən özünə baxmaq istəyi normaldır. Lakin bəzən  bu fərqli davranışlara gətirir. 
Əsas etibarilə bu simptomlar 40 + yaşda kişilərdə baş verir. Bəzən bu 35 + yaşda da özünü göstərə bilər. Orta yaş krizisi dövründə kişilərdə anidən qocalma qorxusu özünü biruzə verir.  

Bunlar:

Tökülən saçları bərpa etmək istəyi 
Buraxdığı qarına qarşı kompleks 
Gənc geyim tərzində ( kişi yox oğlan kimi) geyinmək istəyi.
Uşağının gənc müəlliməsi ilə flirt etmə.
Ailə maşını yerinə İdman üslüblu maşın alma ( bəzən bu hətta motosiklet də ola bilər)
Uşağının velosipedini sürməyə meyillilik. 
20 + yaşın yediyi səhər yeməyinə keçid.
Yoldaşını özündən gənc insanlara qısqanma. 

Fəsadları:

Xarici görünüşlə bağlı çoxlu gileylənmələr. 

Depressiya.

İntihar etmək fikirləri ( çox olmasa da, istisna deyil) 
Narsisizmin pik dərəcəsinin nümayişi.
Ətrafın lağlağı münasibəti ( “Kazım, qarnın çıxıb a qocalırsan kələ”, “Ay qız mənim tanış kosmetoloqum var, gedək sənə botoks vursun”,  “Nə gündəsən Niyaməddin?” –kimi lağ etmələr)

Dünyadan təcrid olunaraq, ancaq öz zahiri görünüşünə fokuslanmaq ( Plastik cərrahiyyə əməliyyatına qaçış, müxtəlif forumlardan əldə edilən mənalı və mənasız məsləhətləri dinləmə,  hətta Tibetə getməyə qərar vermə və s. ) 

Qurbanlar: 

Əlbəttə səhər saat 9 dan axşam 10 kimi çörək zavodunda işləyən Nazlı xalanın belə sindroma düşməsi və ya orta statistik işgüzar bir kişinin bu sindroma düşməsi ehtimalı 1/100 –dir.   Lakin elə sənət adamları var ki, onlar üçün, onların zahiri görünüşü həm “çörək ağacıdır” həm həyatının mənası.

Misal üçün: 

Fotomodellər ( saatlarla ac qalma, N qədər zəhmət, fitness, hər kalorinin hesabatını verməli olan bu sənətin adamları müəyyən yaşda artıq tələbatdan düşəndən sonra bu sindroma düşürlər)

Daima diqqət mərkəzində olanlar ( aktyorlar, müğənnilər, teleaparıcılar)

Qarşı cinsin diqqətinə düşməyə alışmış və artıq bunsuz bacara bilməyən insanlar. 

Müalicəsi

Bu sindromdan azad olmağın metodları çoxdur, amma çox  faktor o adamın yaşından asılıdır. Əgər onun 50 yaşı varsa, onu dəyişmək şansı azdır. Çünki o zaman onun həyatında əskik olan boşluqları tamamlamaq gərək. Lakin sindrom ilk simptomlarla başlayırsa, onu boğmaq olar.  Bir neçə metodlardan deyəcəm. 

Yeni Hobbi tapmaq

Yeni hobbi diqqəti ənənəvi xəstəlikdən çəkib digər istiqamətə yönəltməyə kömək edəcək. Bir çox biznesmenlər və milyonerlər heç də bu qədər həyəcanla öz zahiri görünüşlərinə önəm vermirlər. Buna səbəb daxili  fərdi inkişafa sahib olmalarıdır. Onların 20 il öncə novator kimi, 20 il sonra isə dahi biznesmen kimi tanıyırlar. Onlar artıq xarizmatik lider kimi özlərini göstərirlər, və gözlərinin altındakı qırışlar buna mane olmur.

Digər insanlarla ünsiyyət

Bu bənddə cəmiyyətdə “tovuz quşu”  tək özünü göstərməyi deyil, cəmiyyətdəki fərdlərlə ünsiyyətə başlamaq nəzərdə tutulur. İnsanın həyati vacib problemləri olmayanda, çox mənasız addımlara əl atır. Hətta ən problemsiz ölkələrdə intihara meyillilik daha çoxdur. Heç bir dərdi səri olmayan insan əlbəttə ancaq öz simasını düşünməyə başlayacaq. Müxtəlif insanlarla ünsiyyət, onların dünyasını daha da genişləndirərək “Əşi camaatın gör nə qədər dərdi var, mən isə üzümdəki qırışları dərd edirəm” fikirlərinə gətirəcək. 

Alış-verişləri limitləşdirmək

Kosmetika və gözəllik vasitələri dünyası tam olaraq insanları “Dorian Qrey sindromu” ilə şüüraltı idarə etməyi bacarır. Televiziya reklamlarında hər gün bir yeni məhsulun nümayiş edərək “qocalmaya son! Qırışlar daha sizi narahat etməyəcək! Keçəlləşmənin dərmanı tapıldı! “40 + yaşında 25 yaş kimi görün!” şüarlarına fikir verməz, sizi bu sindromun qurbanına çevirirlər” Bu səbəbdən, bu kimi alış verişləri limitləşdirmək vacibdir ki, həm cibiniz zərər çəkməsin, həm beyniniz.  
İdman

Burada qeyri adi bir şey yoxdur. İdman edərək biz özümüzə düzgün motivasiya verərək, avtomatik olaraq sağlam həyat tərzinə sahib olmağı üstün tuturuq.  Bundan başqa, idman həm də beyini qidalandırır, və oksigen gəbuluna kömək edir. Beləcə daha düzgün və rasional  qərarlar verməyə başlayırıq. 

Psixoloq köməyi

Əgər yuxarıdakı müalicə metodları sizlik deyilsə, o zaman peşəkar psixoloqla bir iki həftəlik seanslar sizə bu fikirlərdən qaçmağa kömək edə bilər. Şəxsən mənim 3 günə bu vəziyyətdən çıxardığım pasientim olub. Pasientin istəyindən və meyilindən çox şey asılıdır. Psixoloq sehirbaz deyil ki, İo Kio baba kimi “abra kadabra” deyib adamı qaydasına salsın. Bunun üçün qarşı tərəfin əzmkarlığı və məqsədyönlüyü olmalıdır.
 
Səyahət

Dünyada o qədər gözəl gəzməli görməli yerlər, mədəniyyətlər var ki, dünyaviliyi artırmağa kömək edər. Səyahət bütün digər mənasız, lazımsız fikirləri beyindən atmaq üçün çox müsbət təsir göstərir. 

Fərdi inkişaf 

Fərdi inkişaf hər bir sahədə önəmlidir. Nəzərə alsaq ki, axmaq fikirlər bekarçılıqdan və savadsızlıqdan irəli gəlir, o zaman savadlı olmaq üçün ciddi səbəb var. 

Nəticə: Ümumi götürsək, cavan, gümrah qalmaq istəyində heç bir neqativ faktor yoxdur. Lakin, necə deyərlər, gərək ağını çıxarmayasan. Əgər 60 yaşlı baba 20 yaşlı oğlan kimi geyinib skeytbord sürməyə başlayırsa, bu sonrada daha böyük fəsadlara gətirə bilər. Əlbəttə ürəyi istəyirsə, dadmaq istəyirsə bu da normaldır. Hətta əladır! Amma məsələ tamam ayrı tərəfə gedə bilər. Ona görə də bu sindrom halı alır. Mənim özümdə belə bəzi xüsusiyyətlər var. Və bu istəklər 80% insanda var. Sadəcə gərək həddi aşmayaq. Məsələ sadəcə bundadır. Həyatı doya doya yaşamağı bacarmaq lazımdır. Daha geniş arzular məqsədlərə doğru addımlayarkən gərəksiz şeyləri önəmsəmirsən. Yaşımızdan asılı olmayaraq daima gümrah, sağlam olaq

0