Jurnalistin həyat yoldaşını şikəst edən həkim hələ də cəzasız qalıb - Keçmiş hakim niyə əl çəkmir?

ÖLKƏ
15:41 / 31.01.2022
1857

Tanınmış telejurnalist Günel Gözəlovanın həyat yoldaşının həkim səhlənkarlığı ucbatından ölümlə üzləşməsi məsələsi aktual olaraq qalır. 1 ilə yaxındır ölkənin aparıcı dövlət qurumlarına və məhkəmə instansiyalarına müraciət edən telejurnalistin səsinə səs verən tapılmır. Günel Gözəlova isə həyat yoldaşını şikəst və ölümə tərk edən “Buta” klinikasının həkimi, cərrah uroloq-androloq Araz Bayramovun cinayət məsuliyyətinə cəlb olunması üçün sonadək gedəcəyinə qərarlıdır. 

Xatırladaq ki, jurnalistin həyat yoldaşı Anar Gözəlov 2021-cil il fevralın 18-də 6 saata yaxın davam edən böyrək daşı əməliyyatından sonra cərrahiyyə otağından beyinin ikitərəfli insultu ilə çıxarılıb.

Anar Gözəlovun nümayəndəsi qismində çıxış edən Günel Gözəlovanın qaldırdığı iddia əsasında 6 aydan çox davam edən məhkəmə işi ilkin instansiyada tamamlanıb.

Nərimanov Rayon Məhkəməsinin hakimi Vüqar Quliyev iddiaçı tərəfin iştirakı olmadan həkim-uroloq Araz Bayramovun günahsız olması barədə qərar çıxarıb.

İddiaçı tərəfin üzrlü səbəbdən məhkəmə prosesində iştirak edə bilməməsi ilə bağlı müraciətinə baxılmaması, üstəlik məhkəmənin keçirilməsi məsələni daha da qəlizləşdirib. 

Günel Gözəlova ədalətsiz və qərəzli hesab etdiyi qərardan yenidən məhkəməyə müraciət edib.

“Vüqar Quliyev hakimlikdən alınsa da, məsələyə mane olur”

Bizim.Media-ya şikayəti ilə bağlı müraciət edən Günel Gözəlovanın sözlərinə görə hazırda iş Nərimanov Rayon Məhkəməsinin hakimi Səbinə Nuriyevanın icraatında olsa da, məsələ bilərəkdən uzadılır: 

“2021-ci ilin noyabrın 3-də Nərimanov Rayon Məhkəməsi sonuncu qərardadımızı Apelyasiya Məhkəməsinə göndərdi. Vəkilim Elçin Sadıqov elektron sənədi düzgün doldurmadığına görə Apelyasiya Məhkəməsi sənədi geri göndərdi. Nərimanov Rayon Məhkəməsi o gündən işə baxılması üçün sənədləri Apelyasiya Məhkəməsinə təqdim etmir. Nərimanov Rayon Məhkəməsinin keçmiş hakimi Vüqar Quliyev vəzifəsindən alınsa da, məsələyə mane olur. Necə ki, sentyabr ayında bizsiz qərardad qəbul etmişdi və qərarı Apelyasiya Məhkəməsinə göndərməyək deyə uzun zaman elektron sistemə yerləşdirmədi.

Bununla bağlı mütəmadi müvafiq qurumlara məktub yazdım. Məhz təzyiqlərdən sonra qərar elektron sistemə yerləşdirildi. Indi də sənəd gecikdirilir və Apelyasiya Məhkəməsinə göndərilmir”.  

“Dövlət qurumlarının 90 faizi prezidenti aldadır”

Günel Gözəlovanın sözlərinə görə dəfələrlə Vüqar Quliyevin qanunsuz hərəkətləri ilə bağlı Ədliyyə Nazirliyinə rəsmi müraciətlər etsə də, qurum xanım telejurnalistin şikayətlərinə nəinki baxmayıb, heç bir reaksiya bildirmıyib:

“Azərbaycanda qəribə strategiya formalaşıb. Bəzən müraciət etdiyin nazirliklər “bu bizim səlahiyyətimizdə deyil” cavabını verir.  Amma unutmurlar ki, bunun hakiminə də, vəkilinə də, məhkəməsinə də cavabdehdirlər. Dövlət qurumlarının 90 faizi prezidenti aldadır. Səhiyyə Nazirliyi məlum məsələ ilə bağlı absurd və anormal cavab verir.
 
Deyir ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov nə qərar versə odur.  4 məhkəmə olub, amma bir şahid dindirilməyib. Hansı ki, yoldaşımın müalicəsi ilə bağlı 43 gün “Buta” klinikasında olmuşuq”. 

İddiaçı tərəf Nərimanov Rayon məhkəməsinin qərəzli qərarını belə əsaslandırıb:

“Yoldaşım uzun illərdir ki, iqtisadçı və şöbə müdiri kimi çalışıb. Hansı şirkət nitq qüsurlu adamı şöbə müdiri kimi vəzifədə saxlayar? Həyat yoldaşım sağlam və əməliyyata girməmişdən bir gün öncəyə qədər işdə olub. Bir dəfə də olsun Nərimanov Rayon Məhkəməsi Anarın çalışdığı yerə rəsmi müraciət etmədi. Amma Araz Bayramovun vəkili məhkəmədə guya yoldaşımın əməliyyatdan öncə də qüsurlu olduğunu iddia etdi. Adamlar gör necə gerizəkalıdır. Hakimlikdən alınmış Vüqar Quliyev bir cümlə demədi ki, sən nə danışırsan? Halbuki istəsəydi Anarın işlədiyi yerə rəsmi məktub yollayardı”. 

“Araz Bayramov cinayətkardır və o, cəzasına çatmalıdır”

Şikayətçi növbəti dəfə ölkə başçısı İlham Əliyevə və digər aidiyyəti qurumlara rəsmi məktub ünvanladığını deyib:

“Araz Bayramov orada-burada arxasında guya çox pullu, biznesmen və tanınmış müğənni dayandığını, ona heç kəs, heç nə edə bilməz deyir. Görün biz hansı cəmiyyətdə yaşayırıq? O həkim tanıdığımız 3 jurnalistin də həyatında çox ciddi fəsadlar buraxıb. Heç kəs bu həkimi çağırıb bir söz demir. Nərimanov Rayon Prokurorluğunda heç bir şahid dindirilmədən məsələ bağlanıldı. Əminəm ki, Araz Bayramov özünü ən yüksək səviyyədə tapşırtdırıb. Yoldaşımın əməliyyatından 1 il keçib və mən hələ də xəstəxanalardayam. Təkcə deffektoloqla loqoped xərci 3 ay üçün 5400 manatdır.
 
Anar bitki kimi idi. Şükür bu günkü günə, xeyli irəliləmişik. Düzdü, həyatı təhlükəsi həmişə var. Çünki adam subaraxnoidal qanaxma keçirib. Dünyada bu qanaxmanı 50 faiz keçirən şəxs yerindəcə ölür.

Digər 50 faiz isə 3-10 il arasında həyatını risklə yaşayır. Anar əməliyyatdan dərhal sonra MRT olunsaydı, müayinəyə uyğun ona oksigen və ya lazımi müalicələr aparılsaydı bu gün o, bu durumda olmazdı. Araz Bayramov ikitərəfli beyin insultu keçirmiş xəstəni tam 10 gün sonra öz ayağı ilə başqa bir klinikaya MRT müayinəsinə yola salır. Bizə isə “beynində heç bir problem çıxmadı” deyib, aldadaraq Anarı xəstəxanadan çıxardır. Bu işin sonuna qədər, hətta Avropa Məhkəməsinə qədər gedəcəyəm. Həyat yoldaşımı ölümlə üz-üzə qoyan Araz Bayramov cinayətkardır və o, cəzasına çatmalıdır”.

Qeyd edək ki, məsələ ilə bağlı Araz Bayramov mətbuata açıqlamalarında Günel Gözəlovanın ona qarşı irəli sürdüyü ittihamları əsassız sayıb. 

Telejurnalistin rəsmi müraciət etdiyi Respublika Baş prokurorluğu və  Səhiyyə Nazirliyindən isə araşdırma yekunlaşandan sonra nəticəsi barədə ictimaiyyətə məlumat açıqlanacağı bildirilib. 

Məsələ ilə bağlı Bizim.Media Ədliyyə Nazirliyindən cavab ala bilməyib. Qurumun mətbuat katibliyi məlum məsələyə susqunluqla yanaşıb.

0