"İtkin düşən şəxs daşla özünə xəsarətlər yetirib" -RƏSMİ AÇIQLAMA (YENİLƏNİB)
ÖLKƏ
16:30 / 10.02.2022
1271

"İtkin düşən şəxs daşla özünə xəsarətlər yetirib".

HİT.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, paytaxtın Qaradağ rayonunda 2006-cı il təvəllüdlü məktəblinin quldurluğa məruz qalaraq, döyülüb mobil telefonun talanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar təsdiqini tapmayıb: "Araşdırmalarla məlum olub ki, məktəbli, atasının ona verdiyi 200 manat pulu aidiyyəti olmayan yerə xərclədiyinə görə "pulu və telefonu tanımadığım adamlar döyüb əlimdən aldı”, - deyə valideynlərini və polisi inandırmaq üçün belə yalan iddialar edib, əllərinə və üzünə daşla xəsarətlər yetirib".

"Polis tərəfindən bütün istiqamətlər üzrə iddialar tam və hərtərəfli olaraq yoxlanılıb, mobil telefon gizlətdiyi yerdən aşkarlanıb", - o vurğulayıb.

*** 15:08

Daxili İşlər Nazirliyi (DİN) Bakıda itkin düşən, sonradan tapılan yeniyetmə ilə bağlı araşdırma aparır.

Nazirliyin mətbuat xidmətindən HİT.az-a bildirilib ki, Qaradağ rayonunda baş verən hadisə ilə bağlı məlumatlıdırlar:

“Fakt nəzarətə götürülüb. Hazırda araşdırmalar davam etdirilir. 2006-cı il təvəllüdlü şəxsin kimin tərəfindən döyülüb xəsarət yetirilməsi araşdırmaların gedişində məlum olacaq”.

*** 13:26

Ötən gün Bakının Qaradağ rayonunda itkin düşən 15 yaşlı Qəhrəmanov Murad Azər oğlu tapılıb.

HİT.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Yeniyetmə al-qan içində tapılıb. O, məhləyə çatanda özündən gedib. Qohumu 15-30 yaş aralığında 3 kişi tərəfindən qəbistanlığa aparılan Muradın döyüldüyünü bildirib. Başından çoxsaylı zərbələr alan məktəblinin vəziyyəti orta ağırdır.   //bizimmedia

1