Məktəbdəki dəhşətli qətlin təfərrüatı: Münasibətdə olublar - YENİLƏNİB

ÖLKƏ
16:19 / 11.02.2022
1016

Bu gün İsmayıllıda orta məktəbdə baş verən qətlin təfərrüatı məlum olub.

“Kriminalqafqaz” cinayəti törətməkdə şübhəli bilinən məktəbin gözətçisi, 25 yaşlı Bəxtiyar Əhmədlinin şəklini əldə edib.

Məlumata görə, B.Əhmədlinin iş yoldaşı olan xadimə, 40 yaşlı Gülarə Qəhrəmanova ilə münasibətləri olub. Buna görə dünən Gülarənin ailə üzvləri Bəxtiyarla danışaraq ona bu münasibətlərdən məlumatlı olduqlarını deyiblər. Onlar Bəxtiyara kənddə artıq söz-söhbətin yayıldığının və bunu aradan qaldırmaq üçün onun kənddən çıxmalı olduğunu deyiblər. Buna əsəbiləşən Bəxtiyar bu gün məktəbdə Gülarə ilə mübahisə edib və onu qətlə yetirib.

Qeyd edək ki, dörd uşaq anası olan Gülarə aldığı xəsarətlər nəticəsində qan itirib və hadisə yerində ölüb. B.Əhmədli qətli törətdikdən sonra hadisə yerindən qaçsa da, sonradan saxlanılıb.

Məlumata görə, Bəxtiyar Əhmədli Vətən müharibəsi iştirakçısı olub. O, müharibədə iştirakına görə 4 medalla mükafatlandırılıb. Onlardan ikisi Füzulinin və Şuşanın azad olunmasına görə verilib.

*** 15:08

İsmayıllıda məktəbdə texniki işçini öldürən gözətçi tutulub.

Rayon prokurorluğundan HİT.az-a bildirilib ki, fevralın 11-i rayonun Basqal qəsəbə tam orta məktəbin həyətində 1982-ci il təvəllüdlü Gülarə Qəhrəmanovanın öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin iş yoldaşı, 1997-ci il təvəllüdlü Bəxtiyar Əhmədli şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Gülarə Qəhrəmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bəxtiyar Əhmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

***13:45

İsmayıllı rayonunda məktəbdə gözətçi texniki işçini qətlə yetirib.

HİT.az xəbər verir ki, hadisə rayonun Basqal kənd tam orta məktəbində qeydə alınıb.

Belə ki, məktəbin gözətçisi olan kənd sakini Bəxtiyar Əhmədli məktəbin texniki işçisi Gülarə Qəhrəmanovanı aralarında baş verən mübahisə zəminində bıçaqlayaraq öldürüb.

Qeyd edək ki, G.Qəhrəmanova isə dörd uşaq anasıdır.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məclləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır. 

2