Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Xəzər Abbasov vəfat edib.
HİT.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, evində ikən qəfil ürək tutmasından dünyasını dəyişib.
Ehtiyatda olan polkovnik Fəxri Qarovul dəstəsinin iştirakı ilə "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Abbasov Xəzər Həmid oğlu 1968-ci ildə Bakıda anadan olub. O, Minsk Ali Hərbi və Siyasi Məktəbinin məzunudur. Döyüş bölgəsindəki fəaliyyəti ilə yanaşı, Müdafiə Nazirliyinin əks-kəşfiyyat idarəsində də müxtəlif vəzifələrdə çalışıb. Bundan başqa, Xəzər Abbasov əvvəllər Azərbaycanın Qazaxıstandakı və Gürcüstandakı səfirliklərinin hərbi ateşşesi vəzifəsində də işləyib. O, daha sonra xidmətini Müdafiə Nazirliyində davam etdirib. Polkovnik Abbasov xidmətdə ikən müxtəlif medal və ordenlərlə təltif edilib.
4 il öncə ehtiyata çıxan polkovnik Abbasovun bu gün 54 yaşı tamam olacaqdı.