Başdan yaşama şansım olsaydı daha çox istirahət edərdim.
Həyat yolculuğumu bir yetkin ciddiyətində deyil, bir uşaq biganəliyi içində yaşayardım. Daha çox dağa çıxar, daha çox günbatımını izlərdim. Paltarımın batmağını fikirləşmədən otların üzərində oturardım. Sevdiklərimə daha çox "səni sevirəm" deyərdim Sevdiklərimi hər gördüyümdə daha çox qucaqlayardım. Övladım məni qucaqlamaq istədiyində "öncə əllərini yu sonra..." demədən, vaxt itirmədən öpüb, qucaqlayardım. Başqalarının uğurunu görüb məndə niyə alınmır? Uğursuzluq-paxıllıq hissi keçirərək o günümü zəhərləməzdim.
"Sevgilim & həyat yoldaşəm məni niyə sevmir" düşünməkdənsə özümə vaxt ayırıb daha çox sevərdim özümü. Evim, masa örtüyüm çirklənsə də daha çox dostlarımı dəvət edərdim, şam yeməyinə. Gələcəyimi çox fikirləşməkdənsə bu anımı, bu günümü necə yadda qalan edə bilərəm? deyə düşünərdim. Xəstə olanda "işə getməliyəm" əvəzinə xəstəliyimin dadını çıxarardım.
Əslində hər kəs bir yerə tələsər, amma həmişə nəyəsə gec qalar...
18 yaşımızdan işləyib pul qazanmaq, işimizi daha yaxşı yüksəltmək üçün dəridən-qabıqdan çıxarıq, maşın almaq, ev almaq daha sonra ailə həyatı qurmaq, ailənin problemlərini həll etmək, övlad böyütmək, təhsil vermək, onun üçün həyat qurmaq deyərkən.... Filmin "SON"u gəlir...
Özünə sual ver:
Hara tələsirsən?
Bu gününün dadını çıxarmağı bacarırsan?
Ən son nə zaman xəstələnəndə xəstəliyini işdə yox, evdə yaşamısan?
Ən son nə zaman özünü sevdiyini özünə etiraf etmisən?
Nə zaman problemə yox, günündə baş verən gözəlliyə fokuslanmısan?
Hər birimiz davamlı olaraq bir təlaş içərisindəyik.
Hara tələsirik? Filmin sonunu tezmi yaşamaq istəyirik?
Əslində yox...Kimdən soruşsaq 100 il ömür yaşamaq istəyər...O zaman niyə bu istəyimizə uyğun günümüzdən dad ala-ala yox, addımlarımızı yavaşlatmadan hərəkət edərik?
Günəşli, yağışlı, küləkli havanı hiss etmədən, o anı yaşamadan...
Günəşi sevirəm deyənlər günəşli havada "kölgə", yağışı sevirəm deyənlər yağışlı havada "çətir" axtarar, mehli havanı sevənlər "evdən" çıxmaq istəməzlər...
Sadəcə tələsirik...Tələskənliyimiz bizi istədiyimiz yerə tez çatdırmır, üstəlik istirahət etmədikcə çatmaq istədiyimiz yerə daha çox gecikirik. Həyat bizim yansımamızdır. Uşaqlar varlıqları ilə əslində bizə necə çox şey öyrədirlər. Kiçik bir otağın içində, bir neçə oyuncaqla necə gözəl xoşbəxt olurlar. Villam niyə yoxdur? niyə böyük maşınlara sahib deyiləm? demədən...
Birinə çox qırılıb küssə də, beş dəqiqə sonra küslükləri unudub, sanki heçnə olmamış kimi barışıb yenidən qəh-qəhə atarlar, hər şeyə rəğmən gülməkdən vaz keçməzlər. Yetişkinlər isə dünya sonsuzmuş kimi kin tutar, pislik edər, ən əsası gülməyi unudarlar.
Gülmək ucuzluq, yüngüllük kimi, ciddiyyət isə güvən verər sanki. Halbuki tam tərsidir. Gülmək yaradıcı, huzur, ilham verici, ruhu bəsləyən və insandan insana keçici bir duyğudur. Xəstəlik ciddiyyətdədir. Kölələşdirir, yalnızlaşdırır, yorur.
Həyatınızı kontrol altında tutmaqdan vaz keçin. Ətrafınızda baş verən hər şey sizdən asılı deyil. Hadisə olması gərəkdiyi üçün olur. Bundan sonrakı həyatınızın hər anından zövq almağı sınayın, çiyninizdəki sizə aid olan-olmayan yüklərdən qurtulun.
Həyatınızı, gələcək qayğınızı gözünüzdə böyüdərək yox, bu gününüzə rəng qataraq keçirin. Davamlı olaraq, gələcəyi düşünərək bu gününüzü yaşamadığınız üçün sizin üçün artıq yaşamanın zamanı gələndə yaşayacaq siz olmursunuz...
İnsan həyatının hər sahəsinə tez, yalnız özünə gec qalan tək varlıqdır.
Zəhra Zahidova
Gənc psixoloq, yaşam koçu Türkiyənin Azərbaycandakı nümayəndəsi, ZZ Group Academynin təsisçi və rəhbəri
Hit.az