Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının və onun digər müavinin xidməti avtomobilləri rayonun mərkəzində ağır yol qəzası törədib.
Hit.az bu barədə Azinforum.az-a istinadən xəbər verir.
Saytın məlumatına görə, İcra başçısının Hüseyn adlı sürücüsü və digər iki müavinin sürücüləri toyda yeyib-içdikdən sonra, rayonun mərkəzində yüksək sürətlə yarışmağa başlayıblar. Nəticədə icra başçısının xidməti avtomobili səkiyə çırpılaraq, onunla yarışan başçının müavinin avtomobili ilə toqquşub. Hadisə nəticəsində VAZ-07 markalı başqa bir avtomobilə də ziyan dəyib. Qəza zamanı icra başçısının Yeganə adlı xanım müavinin də sürücüsü başçının xidməti avtomobilində olub. Qəza nəticəsində icra hakimiyyətinin üç xidməti sürücüsü yaralanıb. Avtomobillərə ciddi ziyan dəyib. İcra başçısının sürücüsünün vəziyyətinin çox ağır olduğu bildirilir. Hər üç sürücü hazırda Beyləqan Rayon Mərkəzi Xəstəxanasındadır.
Sözügedən sayt hadisə ilə bağlı Beyləqan İcra Hakimiyyətindən münasibət öyrənmək istəyib, lakin alınmayıb. Məlumata görə, icra başçısı hazırda rayonda deyil. Onun məhz bu hadisəyə görə Bakıya çağrıldığı bildirilir.
Hadisə yerindən çəkilən fotoları təqdim edirik: