Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərlik etdiyi komitə tərəfindən "8 Mart Beynəlxalq Qadınlar Günü" münasibətilə şəhid analarının və ailə üzvlərinin iştirakı ilə tədbir təşkil edilib.
Hit.az xəbər verir ki, tədbirdə 300-dən artıq şəhid anaları, bacıları, xanımları, ailə üzvləri, eləcə də qazilər, Milli Məclisin deputatları Jalə Əhmədova, Cavid Osmanov, ilahiyyatçı alim Hacı Şahin Həsənli, ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil edilmiş tədbirdə şəhidlərimizin müqəddəs ruhu ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilib, daha sonra dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan vitse-spiker Adil Əliyev şəhid ailələrinin xanım üzvlərini təbrik edərək, Uca Allahdan onlara uzun ömür, can sağlığı arzulayıb. Məhz qəhrəman analarımızın böyütdüyü igidlərimizin Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyində şanlı Azərbaycan ordusunun tərkibində döyüşərək, bizə tarixi Zəfər bəxş etməsini qeyd edərək, Vətənimizin bütövlüyü uğrunda öz canlarını düşünmədən qurban verən qəhrəmanlarımızın ailə üzvlərinə, qazilərə Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindənən yüksək diqqət və qayğının göstərilməsini bildirib. Vətən müharibəsində qazandığımız tarixi qələbənin nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa, suverenliyinin bərqərar olmasını qeyd edən Sədr müavini vurğulayıb ki, məhz qəhrəmanlarımızın döyüş meydanında göstərdiyi misli görünməmiş şücaət, dövlət başçısının hərbi və diplomatik sahədə atdığı addımların nəticəsində düşmən 30 ilə yaxın müddət ərzində işğalda saxladığı tarixi torpaqlarımızdan 44 gün kimi qısa müddət ərzində çıxarılıb.
Çıxışın sonunda şəhid analarını, xanımlarını, ailə üzvlərini bir daha səmimi qəlbdən təbrik edərək, onlara uzun ömür can sağlığı arzulayıb.
Daha sonra çıxış edən Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin üzvü Jalə Əhmədova çıxışında şəhid analarını, xanımlarını səmimi qəlbdən təbrik edərək, onlara uzun ömür, can sağlığı arzulayıb, Allahdan onlara səbr diləyib.
İlahiyyatçı alim Hacı Şahin Həsənli çıxışında şəhidlik mərtəbəsinin ucalığından danışaraq, qəhrəmanlarımızın göstərdiyi şücaətdən danışaraq, şəhidlərimizin analarını, qadın ailə üzvlərini bir daha təbrik edib.
Şəhid anaları, xanımları, ailə üzvləri öz çıxışlarında tədbirin təşkilinə görə minnətdarlıqlarını bildirərək, göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Tədbir şəhid övladlarının və mədəniyyət xadimlərinin şeir və ifaları ilə yekunlaşıb.