Bakıda səhər saatlarında yanğın baş verən evin sahibi ruhi əsəb xəstəsi olub.
Hit.Az Trend-ə istinadən xəbər verir ki, mənzildə yanan ev sahibi 1970-ci il təvəllüdlü Jukov Leonid Yuriyeviç uzun müddət Səhiyyə Nazirliyinin 1 saylı Ruhi Əsəb Dispanserində uzun müddət müalicə alıb.
Qonşuların dediyinə görə, ailəsindən ayrılan Leonid Jukov evdə anası ilə yaşayırmış: "8 ildən artıq idi ki dispanserdə müalicə alırdı. 5 ay əvvəl dispanserdən çıxdı. Həmin vaxta qədər evdə anası yaşayırdı. Leonid dispanserdən gələndən bir neçə gün sonra anası Hövsan qəsəbəsinə, nəvəsinin yanına köçdü. Həmin vaxtdan Leonid evdə tək yaşayırdı. Müalicələr nisbətən müsbət təsir etmişdi. Heç bir qonşu ilə münasibət qurmurdu. Sadəcə bilirdik ki, belə bir qonşumuz var, burda yaşayır".
Qonşular deyirlər ki, təxminən 10 gün əvvəl də həmin mənzildə yanğın olub.
10 gün əvvəl axşam saatları idi. Evdə yanğın başladı. Yanğınsöndürmə briqadalarının köməyi ilə yanğının qarşısı alındı. Həmin yanğından sonra onu heç kim görmürdü. Evdən çıxmırdı. Bu gün səhər saat 07 radələrində evdə yenidən yanğın başladı. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib yanğını söndürsə də məlum oldu ki, Leonid evdə yanıb ölüb",-deyə qonşular bildirib.
Qonşular iddia edir ki, Leonid Jukov əvvəllər narkotik aludəçiliyindən də əziyyət çəkirmiş. Bir müddətdən sonra isə ruhi əsəb xəstəliyinə tutulub.
Xatırladaq ki, yanğın hadisəsi bu gün səhər saatlarında Bakının Nəsimi rayonu, Nizami küçəsində yerləşən üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 32 kvadratmetr olan ikiotaqlı mənzilin 1 otağının, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 10 kvadratmetr sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1970-ci il təvəllüdlü Jukov Leonid Yuriyeviçin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.