Cəbrayıldan 63 kq narkotik keçirən şəxslər tutuldu

ÖLKƏ
16:34 / 11.03.2022
641

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşlarının sayıqlığı nəticəsində 63 kq 305 qram narkotik vasitəyə və 1970 ədəd psixotrophəblərə bənzər maddələrin İran İslam Respublikasından Azərbaycana qanunsuz keçirilməsinin qarşısı alınıb.

DSX-nin Mətbuat Mərkəzindən HİT.az-a verilən məlumata görə, mart ayının 9-da saat 22:40 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Marallı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 4 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində hərəkəti sərhəd naryadı tərəfindən aşkar olunub.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazinin kolluq və sıx qamışlıq olmasından istifadə edərək sərhəd pozucularından 1 nəfərin geriyə İİR istiqamətinə, digər 3 nəfərin isə Azərbaycan tərəfə qaçmaları müşahidə olun­ub.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, ərazi qapadılmış, sərhəd pozucularının axtarışı üzrə əməliyyat-qoşun tədbirləri həyata keçirilib.

Mart ayının 10-da saat 12:35 radələrində nəzarət altında saxlanılan hadisənin baş verdiyi əraziyə gələn 1 nəfər şübhəli şəxs geri qayıdarkən saxlanılıb. Onun Beyləqan rayonu 1-ci Şahsevən kənd sakini 1982-ci il təvəllüdlü Abdullayev Mehman Əli oğlu olması müəyyən­ləşdirilib.

Saxlanılan şəxsin əlindəki 3 kisəyə baxış zamanı içərisində təxmini çəkisi 63 kq 305 qram narkotik vasitəyə (35 kq 450 qram “heroin”, 14 kq 140 qram “metamfetamin”, 13 kq 66 qram “marixuana”, 55 qram “tiryək” və 1970 ədəd psixotrop həblərə bənzər maddələr, eləcə də 6 şüşədə 10,5 litr “Çaykovski” markalı spirtli içki aşkar oluna­raq götürülüb.

Azərbaycan ərazisinə qaçmağa nail olmuş 3 nəfər sərhəd pozucularının saxlanılması məqsədilə axtarış ərazisi müəyyən edilib, pilotsuz uçuş aparatlarının tətbiqi, xidməti itlərin cəlb edilməsi ilə xüsusi axtarış qruplarının həyata keçirdiyi intensiv tədbirlər nəticəsində martın 11-də sərhəd pozucularının sərhəd­boyu zolaqda qamışlıq sahədə gizləndiyi yer aşkarlanaraq saxlanılıb.

Qaçaqmalçıların İran İslam Respublikasının vətəndaşları - 1977-ci il təvəl­lüdlü Quluzadə Əkbər Hüseyn, 1980-ci il təvəllüdlü Bagiri Malik Bəhrəm və 1998-ci il təvəllüdlü Əsədi Əli Əhsən olmaları müəyyənləşdirilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

0