"Müəllimə dövlət qulluqçusu statusu verilsə, yaxşı olar" - Misir Mərdanov

ÖLKƏ
17:42 / 11.03.2022
623

"Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi arzuolunandır".

Redaktor.az xəbər verir ki, bunu keçmiş təhsil naziri, professor Misir Mərdanov deyib.

“Vaxtı ilə müəllimlərə xüsusi dövlət qulluqçusu statusu verilməsilə bağlı Prezidentin Sərəncamı olmuşdu. Ancaq bu nədənsə həyata keçirilmədi. Mən də düşünürəm ki, müəllimə dövlət qulluqçusu statusunun verilməsi daha yaxşı olar. Belə olacağı təqdirdə onların bu istiqamətdə digər problemləri də öz həllini tapa bilərdi. Bu həll olunsa hər şey əla olar”, - deyə o, bildirib.

Digər keçmiş təhsil naziri, professor Firudin Cəlilov isə "azedu.az"a bu məsələnin dəqiq hesablanmalı olduğunu qeyd edərək, müəllimlərin sosial rifahının yaxşılaşdırılmasının vacibliyini diqqətə çatdırıb:

“Burada bəzi nüanslara diqqət etmək lazımdır. Həm məktəbdə, həm də digər təhsil müəssisələrində çalışan müəllimlərə bu status verilərsə, onların gəlirinə hər hansı bir müsbət təsiri olacaqmı? Bu addımın atılacağı təqdirdə müəllimlərin qazanacağı və itirəcəkləri nələr olacaq? Ümumi olaraq bütün bu suallar ətrafında dəqiq müzakirələr, hesablamalar aparmaq lazım gəlir. Bu barədə dəqiq bir şey deyə bilmərəm, məsələnin tam içində deyiləm. Hər halda məsələni müəllimlərin xeyrinə həll etmək vacibdir. Çünki bütün cəmiyyət müəllimlərin əlindən keçir. Onların ovqatı nə qədər yaxşı olarsa, sosial problemlərdən nisbətən azad olarlarsa, həmin müəllimlərin yetişdirdiyi şagirdlər də sağlam böyüyəcəklər”.

Sabiq nazir son olaraq bu mənada müəllimə qayğı lazım olduğunu qeyd edib.

0