"Leykozlu Uşaqlara Dəstək" ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Mingəçevir şəhərində növbəti maarifləndirmə tədbirini keçirib.
Hit.az xəbər verir ki, “Regionlarda talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklər barədə maarifləndirmə” adlı layihəsi ilə bağlı Mingəçevir Gənclər Evində keçirilən tədbirdə 40-a yaxın gənc iştirak edib. Tədbirdə məruzəçi kimi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin uşaq hemotologiya şöbəsinin həkim hematoloqu Nailə Babayeva iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan təşkilatın sədr müavini Emin Nəbili "Leykozlu Uşalqara Dəstək" İB-nin həyata keçirdiyi layihələr barədə məlumat verib. Layihənin icrasında məqsəd gənclərin qan xəstəlikləri, xəstəliyin qarşısının alınması yolları, qan donorluğu ilə bağlı maarifləndirilməsi ilə dövlətin bu istiqamətdə gördüyü işlərə ictimai dəstək verməkdir. Daha sonra talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklərin yayılmasının qarşısının alınması, müalicə və müayinəsi ilə bağlı dövlətin gördüyü işlər barədə iştirakçılar məlumatlandırılıb.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin uşaq hemotologiya şöbəsinin həkim hematoloqu Nailə Babayeva talassemiya və digər irsi qan xəstəlikləri barədə gənclərə məlumatlar çatdırıb. Qohum nigahlarının irsi xəstəliklərin yayılması üçün başlıca amil olduğunu qeyd edən hematoloq, gəncləri ailə qurmazdan əvvəl tibbi müayinədən keçmənin vacibliyini vurğulayıb: "Çoxları talassemiyanın daşıyıcısı olduqlarını heç təsəvvürlərinə belə gətirmirlər. Onlar daşıyıcı olduqlarını yalnız böyük talassemiyalı xəstə uşaqları olduqdan sonra və ya təsadüfən xüsusi hematoloyi müayinədən keçəndən sonra bilirlər. Talassemiyalı xəstəyə qan köçürməklə onun vəziyyətini yüngülləşdirmək mümkündür. Problemin daha bir müalicə üsulu isə sümük iliyinin köçürülməsidir. Həmçinin ayda bir dəfə dəri altına dərman yeritməklə qanın laxtalanmasını normal vəziyyətə salmaq və xəstənin tam sağlam yaşamasını təmin etmək olur. Onların dövlət qayğısı ilə təmin edilməsi buna imkan verir".
Talassemiya xəstəliyinin səbəbləri, müalicəsi, qan donorluğu, donorların bilməli olduğu vacib məsələlər barədə danışan Nailə Babayeva tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.