Müharibənin günahsız - balaca qurbanları (VİDEO)
Müharibə qan-qadadı! Müharibə arzuolunmazdı! Müharibə qırğındı, qətliamdı, genosiddi! Müharibənin tərəfləri var! Günahlı, ya günahsız, ədalətli, ya ədalətsiz...
Uşaqlarsa tərəf deyil.. Uşaqlar müharibə istəmir... Uşaqlar müharibəni arzulamır da. Heç yuxularına da girməz ki, onlar kimisə öldürər və ya kim tərəfindənsə öldürülərlər.
Amma nə edəsən ki, müharibənin hədəfi həm də uşaqlardı. Məsum uşaqlar. Öldürüləndə də, sürgün olunanda da, düşərgələrə salınanda da, himayəçilərini, doğmalarını, ata-analarını itirəndə də!
Əslən suriyalı olan, ikinci dəfə Ukraynadan qaçqınlıq əzabını yaşayan Həsənin gözlərindəki dəhşət, müharibəyə bir uşaq kövrəkliyi ilə “YOX!” deyən baxışları vadar etdi bizləri bu süjeti hazırlamağa. Amma bizlərə tanış mənzərə idi bu dəhşət saçan baxışlar. Biz o baxışları Xocalı genosidi gecəsinin, lap elə ötən ilki Gəncənin bombalanması anlarının videolentlərindən yaxşı xatırlayırıq. Elə təkcə Xocalıda 63 uşaq yerindəcə məhv edilmişdi, cismən sağ qalmağa macal tapmış 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdi. 76 uşaqsa girov götürülmüşdü. Təcəvvür edirsinizmi: Uşaq və əsir! Üstəlik faşist xislətli qövmün əlində...
...Suriya müharibəsində dəryada boğulub üzü üstə qalan qırmızı köynəkli bu məsum körpəni də xatırlayırsınız yəqin. Ac-yalavac, sakitlik, nisbətən rahatlıq, bir tikə çörək və müharibəsiz dünya həsrətilə sərhədləri dolaşan suriyalı bu körpələri də.
Rusiya-Ukrayna müharibəsində də eyni vəziyyət yaşanır. Artıq rəsmən 70 azyaşlının öldürüldüyü açıqlanıb. Atəş nöqtələri doğum evlərinə qədər sirayət edib. Doğulan və ya doğulmaqda olan, qan-qadasız dünyamıza təşrif gətirmək istəyən körpələrin günahı nə?!.. Əvvəlcə Suriyadan, sonra Ukraynadan qaçqın düşmüş 11 yaşlı Həsənin suçu nədir görəsən?! 11 yaşlı uşağı anası bəladan qorumaq üçün təkbaşına qaçqınlara qoşub bu cəhənnəm əzabından, həm də ölümün caynağından xilas etmək istəyir. Dünya mediasının gündəmini zəbt edib Həsənin qeyd etdiyimiz narahat, ağlar, qorxu, dəhşət içindəki siması. Hətta doğma ananın 11 yaşlı uşağı təkbaşına uzaqlara yola salarkən keçirdiyi hisslər belə adiləşib müharibə dəhşətlərinin içərisində.
Həsənin günahı nədi?! Öldürülən uşaqların günahı nədi?! Kimlər səbəb olur müharibələrə?! Bəs Allahın cəzasını düşünmürmü bu insanlar? Allahın cəzası müharibə səbəbkarlarının cəzası kimi amansız olmur. Amma Allahın cəzası ağır olur!..
Nəzirməmməd Zöhrablı
Xüsusi olaraq Qaynar TV üçün