Qətlə yetirilən jurnalistlər - VİDEO

ÖLKƏ
15:26 / 16.03.2022
994

Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə fevralın 24-dən indiyədək 5 jurnalist ölüb, 3-ü yaralanıb.

Qaynar TV xəbər verir ki, Ukraynanın "Live" telekanalının operatoru Yevgeniy Sakun Kiyevdə Babi Yar abidəsi vurularkən həlak olub. Digər ukraynalı jurnalist Aleksandra Kuvşinova da Kiyev ətrafında, lvovlu Viktor Didor isə Nikolayevdə ölüb. Daha iki jurnalist - Brend Reno İrpen şəhərində, "Fox News"un əməkdaşı Pyer Zakrevski isə Qostomel yaxınlığında həlak olub.

Ötən 21 gün ərzində müxtəlif vaxtda Kiyev ətrafında yaralananlar isə "Fox News"un əməkdaşı Benjamin Holl, amerikalı fotomüxbirlər Huan Aredendo və Ueyn Codur.

Müharibədə həlak olan və ya yaralanan jurnalistlərin sayı son illərdə həyatını itirən media nümayəndələri barədə bilgiləri də gündəmə gətirir. Məlumat üçün qeyd edək ki, 2021-ci ildə dünyanın 20 ölkəsində 55 media işçisi peşə borcunu yerinə yetirərkən dünyasını dəyişib. Onlardan 33-ü hədəflənmiş hücumlarla qətlə yetirilib. Nəticədə 1991-ci ildən sonra qətlə yetirilən jurnalistlərin sayı 2721 nəfərə çatıb.

Ayrı-ayrı ölkələrlə bağlı rəqəmlərə diqqət edəndə isə bəlli olur ki, 2021-ci ildə Asiya-Sakit Okean zonasında 20, Qərb yarımkürəsində 10, Afrikada 8, Avropada 6 jurnalist qətlə yetirilib. Yaxın Şərq və Ərəb ölkələrində 1, Hindistanda 4, Pakistanda 3, Meksikada 8 KİV təmsilçisi qətl nəticəsində həyatını itirib. Əfqanıstanda isə 9 jurnalist öldürülüb. Bu da Əfqanıstanın jurnalistlər üçün "ən təhlükəli ölkə" elan edilməsi ilə sonuclanıb.

Xatırladaq ki, ötən il jurnalist ölümləri Azərbaycandan da yan keçmədi. Belə ki, 4 iyun 2021-ci il tarixdə Azərbaycan Televiziyasının teleoperatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov peşə borcunu yerinə yetirmək məqsədilə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedərkən ermənilərin yola yerləşdirdiyi minaya düşərək həlak oldular.

0