Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Şəhid xanımlarına psixoloji dəstək və təhsil imkanlarının yaradılması” layihəsi davam edir.
Birlikdən HİT.az-a verilən məlumata görə, layihənin ikinci mərhələsi çərçivəsində kompüter kurslarına start verilib. Kursda layihənin birinci mərhələsinə – psixoloji təlim proqramına qoşulan və digər şəhid xanımları iştirak edir.
Əmək bazarının tələbləri nəzərə alınaraq, kompüter kurslarında şəhid xanımlarının Ofis Proqramları üzrə (Windows, Microsoft Word, Excel, PowerPoint) biliklərinin mükəmməlləşdirilməsinə nail olmaq üçün dərslər keçirilir. Dərsləri JALAL-İ Tədris Mərkəzinin kompüter müəllimi, təlimçi Məhəmməd Babayev keçir.
Kursun 2 aylıq tədris proqramının həftədə bir dəfə olmaqla iki ayrı qrup üzrə keçilərək başa vurulması nəzərdə tutulub. İlk dərsdə xanımların kompüterlə ümumi tanışlığı (Windows əməliyyat sistemi haqqında ümumi məlumat; Qovluğun yaradılması; Adının dəyişdirilməs; 2 növ silinməs; Geri qaytarılması; Qovluğun işarəsinin dəyişdirilməsi; Kopyalanması; Yerinin dəyişdirilməsi; Kompüterin söndürülməsi baş tutub.
Xatırladaq ki, layihənin rəhbəri Birliyin sədri Sevinc Fədaidir. İcra müddəti 3 ay olan və Bakıda keçirilən layihənin məqsədi şəhid xanımlarının psixoloji durumunu yaxşılaşdırmaq və təhsil səviyyəsini yüksəltməklə sağlam və möhkəm duruşunu təmin, cəmiyyətə örnək və mübariz qəhrəman xanımları kimi təqdim etmək, onların həyatın ağır sınağı qarşısında yalnız olmadığını göstərməkdir. Layihədən gözlənilən nəticə isə şəhid xanımlarına həyata bağlılığın aşılanması, onların çətinliklərə qalib gələ bilməsi, təhsil imkanlarından faydalanaraq, ölkənin sosial, ictimai, iqtisadi sahələrində yer almalarıdır.