Demokratiyanın və Milli Dəyərlərin Təbliği Zəngilanda disput təşkil etdi

ÖLKƏ
11:57 / 12.04.2022
966

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İB-nin fəaliyyət planına uyğun olaraq Zəngilan rayonu 13 nömrəli tam orta məktəbdə “Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili” layihəsi çərçivəsində “ Haqqım var ki, öyünüm Azərbaycan deyəndə!” adlı disputunu təşkil edib.

HİT.az xəbər verir ki, şagirdlər qeydiyyatdan keçdikdən sonra layihə rəhbəri, İB sədri Əli Cəfərov tədbiri açıq elan edib. Sonra tədbirdə Azərbaycan Respublikasının dövlət himni oxunub. Ardınca layihə rəhbəri 44 günlük Vətən savaşında, ümumiyyətlə Qarabağ və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad etmək məqsədilə hamını bir dəqiqəlik sayğı duruşuna dəvət edib. 

İlk çıxış edən Əli Cəfərov bildirib ki, layihə Azərbaycan Respublikası QHT Dövət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. O, bir daha Agentliyə öz təşəkkürünü bildirib.

Layihə rəhbəri disputun məqsəd və vəzifələri haqqında qısa məlumat verərək deyib: "Bu istiqamətdə tərbiyəvi tədbirlər şagirdlərdə başlıca olaraq yurdsevərlik, milli özünüdərk, kökünə bağlılıq, vətənpərvərlik hislərini aşılayır. Əsas məqsəd fəal vətəndaş mövqeyi formalaşdırmaq, sizləri vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, 44 günlük ana vətən müharibəsinin baş vermə səbəblərini, qələbə şuarımızı təbliğ etməkdir". 

Daha sonra Əli Cəfərov 1990-cı ildən bu günə kimi ermənilər və onların havadarlarının dövlətimizə və millətimizə qarşı apardıqları haqsız savaşdan söz açaraq bildirib ki, haqlı olmağımıza baxmayaraq dünya bizə, mədəniyyətimizə, təbiətimizə qarşı edilən soyqırıma göz yumurdular: "Əziz şagirdlər biz bu gün sizinlə Zəfər Tariximizlə bağlı "Haqqım var kı, öyünüm Azərbaycan deyəndə” mövzusunda disput keçirəcəyik. Disput, yəni mövzu ilə bağlı açıq mübahisə, fikir mübadiləsi, sual-cavab edəcəyik. Disputu elm təhsil müəssisələrində və eləcə də orta məktəblərdə sagirdlərin asudə vaxtlarını səmərəli keçirtmək məqsədi ilə təşkil olunur. Disputların təlim-tərbiyədə rolu əvəzsizdir. Əslində təşkil etdiyimiz disput bizim mövzunun, təşkil etdiyimiz təlimlərin davamıdır. Keçirəcəyimiz disput sizin həm dünyagörüşünüzə, həm də şifahi nitqinizin inkişafına müsbət təsir edəcək. Əziz şagirdlər istəyirəm ki, mövzu ilə bağlı ədiblərimizin yaradıcılığına müraciət edim. Vətənlə, vətən sevgisi ilə bağlı Tofiq Bayramın "Azərbaycan deyəndə" şeirindən bir misra demək istəyirəm:

Vətən mənim bu günüm,
Sabahkı toy düyünüm.
Haqqım var kı, öyünüm
Azərbaycan deyəndə.

Uşaqlar, vətənlə bağlı dahi şairimiz Məmməd Arazın da gözəl şeirləri var. Onun "Vətən mənə oğul desə...” şeirindən bir misra deyəcəyəm:

Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.

Ədəbiyatımızda belə nümunələr çoxdur. R. Rzanın “Çinar” şeirində belə bir misra var: 

Belə məğrur dayanmağa haqlıyam,
Çünki gövdəmlə torpağa bağlıyam.

Şairimiz R.Rza obrazlı şəkildə bildirir ki, mənim bu torpaq üzərində durmağa haqqım var, çünki ruhumla, qanımla torpağa, vətənə bağlı insanam". 

Daha sonra söz təlimçi Həqiqət müəlliməyə verilib. Təlimçi dağıdılmış mədəni abidələr haqqında bir daha qısa məlumat verərək deyib ki, uşaqlar, erməni barbarları 30 ilə yaxın bir zamanda bizim mədəni irsimizə soyqırım törədiblər: "Şuşada 8 muzey dağıdılıb, məhv edilib. Bunlardan Üzeyir Hacıbəyovun, Bülbülün, Natəvanın ev muzeyləri, Şuşa və Xankəndindəki diyarşünaslıq muzeyləri və s. adlarını çəkmək olar. Eyni zamanda Ağdamın “Çörək və Tarix Ölkəşünaslıq” muzeyləri məhv edilib. Bundan əlavə olaraq erməni vandalları Zəngilan və Qubadlı diyarşünaslıq muzeylərini dağıdıb talan ediblər". 

Təlimçi 44 günlük vətən şavaşı haqqında məlumat verərək bildirib: "Uşaqlar, siz bilirsiniz ki, o torpaqların hər qarışı bizimdir. İndi isə disputda müzakirə və fikir mübadiləsi üçün aşağıdakı sualları sizə ünvanlayıram". 

"Sizin üçün vətən nədir?” sualına Zəhra Həsənova cavab verib: "Vətən doğulduğumuz yer, boya-başa çatdığımız torpaqdır”.

Ömər Hüseynli isə bildirib ki, vətən bizim üçün əziz torpaqdıe, vətəni heç bir şeyə dəyişmək mümkün deyil.

Mövzu ətrafında VİTD-İB sədri, ekspert, istefada olan kapitan Taleh Əliyev və məktəbin direktor müavini Səmədova Aynur çıxış edərək fikir bildiriblər. Nigar Quluzadə isə deyib ki, vətən doğulduğumuz yer, tariximiz və keçmişimizdir.

Şagirdlərə "İşğaldan azad olunmuş ərazilərin mədəni tarixi abidəri deyəndə nə düşünürsünüz?”, “Nəyə görə tarixi abidələr müqəddəsdir?”, “Fauna və flora nədir?”,  “Vətən haradan başlanır?”, “Qəhrəmanlıq nə deməkdir?” sualları da verilib. Quluzadə Nigar, Dəmirzadə Fidan, Əhmədov Ziyaddin , Abbaszadə Yusif , Əhmədov Akif və Məmmədli Leyla  suallara dolğun cavablar veriblər.

Tədbirdə məktəbin direktoru Şəhla Həsənova, müavin Aynur Səmədova və metodist Rəsulova Aytən iştirak edib.

0