Şəhid xanımlarının ölkənin ictimai-iqtisadi həyatında yer alması... – Əsas hədəf budur  - (FOTO/VİDEO)

ÖLKƏ
12:14 / 07.04.2022
585
Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Şəhid xanımlarına psixoloji dəstək və təhsil imkanlarının yaradılması” layihəsi yekunlaşmaq üzrədir. 
 
Birlikdən verilən məlumata görə, icra müddəti 3 ay olan və Bakıda keçirilən layihənin əsas məqsədi şəhid xanımlarının həyata baxışını müsbətə yönəltmək, psixoloji dözüm və təhsil səviyyəsini yüksəltməklə sağlam və möhkəm duruşunu, eləcə də həyata adaptasiyalarını, ictimai aktivliyini təmin etməkdir. Birlik bununla layihə iştirakçılarını cəmiyyətə örnək və mübariz qəhrəman xanımları kimi təqdim etmək, onların həyatın ağır sınağı qarşısında yalnız olmadığını göstərmək niyyətindədir. 
 
Bu istiqamətdə ilk olaraq, "Yol varsa, ümid də var” adlı psixoloji təlim proqramı çərçvəsində şəhid xanımları üçün konsultasiya və terapiyalar təşkil edilib. 5 həftəlik təlim proqramı başa çatdıqdan sonra kompüter kurslarına start verilib. Əmək bazarının tələbləri nəzərə alınaraq, kompüter kurslarında şəhid xanımlarının Ofis Proqramları üzrə (Windows, Microsoft Word, Excel, PowerPoint) biliklərinin mükəmməlləşdirilməsinə nail olmaq üçün dərslər keçirilir. 
 
Layihəyə 15-dən çox şəhid xanımı qoşulub. Onların arasında Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Rəşad Abdullayevin, Xüsusi Təyinatlı Qüvvələrin Zabiti, şəhid kapitan Elçin İsmayılovun, şəhid mayor Emin Süleymanovun, şəhid polkovnik-leytenant Mehman Şirvanovun, şəhid leytenant Ayaz İmanzadə, şəhid, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin miçmanı Mirzə Axundovun, şəhid mayor Sənan Zamanovun, şəhid Xəqani Əskərovun, xüsusi təyinatlı şəhid Tural Qurbanovun, İbrahim Hüseynlinin, Həsən Həsənovun və digər Vətən Müharibəsi şəhidlərinin xanımları var. 
 
Qeyd edək ki, layihənin rəhbəri Birliyin sədri Sevinc Fədaidir. Layihədən gözlənilən nəticə şəhid xanımlarına həyata bağlılığın aşılanması və onların çətinliklərə qalib gələ bilməsi, təhsil imkanlarından faydalanaraq ölkənin sosial, ictimai, iqtisadi sahələrində yer almalarıdır. Layihə aprel ayının sonunda başa çatacaq və şəhid xanımlarına sertifikatlar təqdim olunacaq.
 
 
 
 
 
0