“Uşaqların dərs yükü ağırdır…” Son vaxtlar istənilən valideynin dilindən bu fikri eşitmək olar. Çiyinləri çantanın ağırlığından əyilən uşaqlar dərsdən evə gələndən sonra da müəllimlərin tapşırıqları üzərində çalışırlar. Proqramın ağırlığı məsələsində müəllimlər valideynləri, valideynlər də qarşı tərəfi ittiham edirlər - qızıl orta isə tapılmır.
Valideynlərin bu mövzuda narahatlığını isə Təhsil Nazirliyi haqlı hesab etmir: “Əslində, orta məktəblərdə tədris proqramı ağır deyil, sadəcə, bir qrup müəllim uşaqların akademik yüklənməsini onların daha yaxşı öyrənmələrinə vasitə kimi baxır. Ona görə də uşaqlara həddindən artıq ev tapşırığı yükləyirlər”- deyə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Təhsil masası”nda şagirdlərin dərs yükünün ağırlığı ilə bağlı qeyd edib. “Hesab edirəm ki, həmin müəllimlərlə iş aparılmalıdır. 45 dəqiqə dərsi tam öyrənmək üçün kifayət qədər uyğundur. Şagird hətta oynaya-oynaya qəliz tapşırığı qavraya bilər. Müəllim metodikanı yaxşı quranda, tapşırıqları düz seçəndə uşaq çox rahat, sevə-sevə öyrənir. Uşaqların dərs yükünün optimallaşdırılmasını həyata keçirmək üçün bəzi müəllimlərlə işləməliyik”, - o deyib.
“Keyfiyyətli təhsil” adı ilə
Bəs uşaqların dərs yükünü necə optimallaşdırmaq olar? Mövcud mənzərəni əks etdirmək baxımından məktəb müəllimlərinin və təhsil ekspertlərinin fikirlərində üst-üstə düşən məqamlarla yanaşı, əks arqumentlər də var.
Təhsil eksperti Nadir İsrafilov bildirir ki, məktəblərdə tədris proqramının və dərsliklərin yüklü olmasını nəinki valideynlər, psixoloqlar və təhsil mütəxəssisləri dəfələrlə dilə gətiriblər. Hətta nazirlik rəsmiləri də zaman-zaman bunu etiraf etmək zərurəti qarşısında qalıblar: “Bəzi müəllimlərin uşaqları akademik yükləməklə daha yaxşı öyrənəcəklərini zənn etmələri” fikri problemə kökündən yanlış mövqedən yanaşmadır. Uşaqların dərs yükünün optimallaşdırılması üçün müəllimlərlə işləməzdən əvvəl proqramları yüngülləşdirməli, dərslikləri 2-ci, 3-cü dərəcələri materiallardan azad etməliyik. Təhsil beyni inkişaf etdirməkdir, başı doldurmaq deyil. Məktəb öz yetirmələrinə lazımi bilik, bacarıq və vərdişlər aşılamaqla yanaşı, həm də cəmiyyət üçün fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirmək qayğısına qalmalıdır. Biz hələ də “keyfiyyətli təhsil” adı ilə uşaqlarımızı ifrat dərəcədə yükləməklə, onları bir növ istismar etmiş oluruq”.
Təhsilə baxışımız dəyişməlidir
N.İsrafilov qeyd edir ki, 2009-cu tədris ilindən ümumtəhsil məktəblərimiz yeni təhsil strategiyasına - kurikuluma keçid ediblər: “Kurikulumun konsepsiyası ondan ibarətdir ki, buna qədər fakt yönümlü tədris həyata keçirən təhsil müəssisələri, artıq şəxsiyyət yönümlü tədris üzərində iş qururlar. Bir halda ki, qarşıda duran əsas vəzifələrdən biri yenilikçi, yaradıcı, müstəqil düşüncəli, vətənpərvər şəxsiyyətin formalaşdırlmasıdır, deməli, bu baxımdan təhsilə baxışımız, yanaşma tərzimiz də dəyişməlidir”.
Valideyn və müəllimlərin “tandem”i
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Xalidə Həmidovanın fikrincə, problem proqramın yüklü olmasında deyil, valideyn və müəllimlərin qarşılıqlı münasibətindədir. Proqram standart, konkret tələblər qoyur və müəyyən bilik və bacarıqların uşaqlara aşılanmasını tələb edir. Bu standartlar müxtəlif mütəxəssislər tərəfindən yaş səviyyələri nəzərə alınaraq hazırlanır. Yəni bu məsələ üzərində həkim, sosioloq, psixoloq, fənn müəllimləri, metodistlər, valideynlər və məktəb idarə edənlərdən ibarət böyük işçi qrupları işləyir”. Pedaqoqun sözlərinə görə, burda valideynin və standartların tələbi məsələsi var: ”Əgər uşağın ev tapşırığı azdırsa, valideyn dərhal fikirləşir ki, həmin gün müəllim dərs keçməyib. Tədris proqramının tələbinə görə tədris prosesi və tapşırıqlar dərsin içərisində bitməlidir. Evə tapşırıq verilməlidir, ancaq bu, kitabdakı tapşırıqların hamısının və ya əlavə testlərin yerinə yetirilməsindən ibarət deyil. Daha çox yaradıcılığa, öyrənilən bilikyönümlü prosesin praktik yönümlüyə çevrilməsinə yönəlmiş tapşırıqlar olmalıdır”.
Valideynlərin tələbi?
X.Həmidovanın fikrincə, valideynlərin “uşağıma çox tapşırıq ver ki, evdə başı qarışsın, boş işlərlə məşğul olmasın” kimi tələbləri onların yükünü artırır: “Uşaqların yükü artdıqca, onların bilik bazası artır. Nəticədə növbəti il verilən tədris yükü onlar üçün ağır olmur. Müəllim keçən tədris ilində onların tapşırıq yükünü o qədər artırıb ki, tədris proqramındakı yük onlara artıq yüngül görünür. Buna görə də tələb-təklif dəyişməyə başlayıb. Proqram ağırlaşdıqca, yük artdıqca, qarşı tərəfdən gələn cavab da ağırlaşmağa məcbur olur. Yəni tədris proqramlarının ağır olmağı, həqiqətən, sinifdə və müəllimlərlə valideynlər arasında olan prosesdə əmələ gəlməyə başlayır”. Ekspertin fikrincə, tədris proqramları o qədər də ağır deyil, sadəcə, problem düzgün kommunikasiyanın və ya tədris yükünün valideynlər tərəfindən dəqiq qəbul olunmamasıdır.
Məktəbəqədər hazırlığın problemi
Pedaqoq qeyd edir ki, məktəbəqədər yaş dövründəki uşaqlar məktəbə artıq yazı və oxu bacarıqları hazır şəkildə gəlir, halbuki məktəbəqədər tədris proqramında belə tələb yoxdur. “Bizim valideynlər kütləvi şəkildə hələ 3 yaşı olmamış uşaqlarını müəllim yanına aparır və “bu məktəbəqədər proqramı deyil, yazı və oxunu öyrət ki, məktəbdə ona asan olsun”- deyə əlavə pul da verirlər. Elə burdan çətinləşmə mərhələsi başlayır. Düşünmürlər ki, uşaq sabah 1-ci sinfə gedəndə o sinfin proqramı ona maraqsız gələcək və müəllim uşağın bilmədiyi məsələləri ona öyrətməyə məcbur olacaq”.
Rəqabət mühiti
Xırdalan şəhəri, 9 saylı tam orta məktəbin sinif müəllimi Aynur Məmmədova problemin yaranmasında həm müəllimin, həm də valideynin rolunu qeyd edir: “Bəzən sinif müəllimləri öz siniflərinin inkişafına nail olmaq üçün uşağı yükləyirlər. Digər sinifdəki uşaqların valideynləri də “bizim uşağa bu mövzu verilməyib” - deyə müşahidə edir və onlar da rəqabət aparırlar. Valideynlər narazılıq etməsin deyə, müəllimlər də şagirdləri yükləyirlər. Digər tərəfdən, müəllim sinfin səviyyəsinə, uşağın qavramasına uyğun əlavə tapşırıqlar verir. Əgər sinif və ya uşağın qavrayışı zəifdirsə, müəllim onları yükləmir”.
Mənbə: "Kaspi" qəzeti