Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid xanımlarına psixoloji dəstək və təhsil imkanlarının yaradılması” layihəsinin yekun tədbiri keçirilib.
HİT.az xəbər verir ki, layihənin məqsədi şəhid xanımlarının psixoloji dözüm və təhsil səviyyəsini yüksəltmək, bu həyata adaptasiyalarını, ictimai aktivliyini təmin etmək ibarətdir.
Layihə çərçivəsində keçirilən tədbir vətən uğrunda canından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Daha sonra Azərbaycanın himni səsləndirilib.
Birliyin sədri Sevinc Fədai tədbiri açıq elan edərək, Vətən müharibəsinin və qazanılan Zəfərin vətəndaş cəmiyyəti institutunun qarşısına qoyduğu məsuliyyət və öhdəlikdən, layihənin ictimai əhəmiyyət və faydasından söz açıb.
Tədbirdə iştirak edən Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova, Vətən müharibəsinin şəhidləri Nurlan Həsənovun anası Həqiqət Həsənova, Davud Qurbanovun anası Qənirə Hacıyeva, Rövşən İsmayılovun anası Təranə İsmayılova çıxışlarında qəhrəman xanımlarına xeyir-dua verib, gələcək fəaliyyətlərində uğurlar diləyiblər.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini təmsil edən Vətən müharibəsinin şəhidi Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova çıxış edərək, “şəhid xanımı” adının ucalığından danışıb və şəhid ailələrinə mənəvi dəstək nümayiş etdirib.
Mərasimdə şəhid anaları, ailələri ilə yanaşı, layihənin təmsilçiləri, media və ictimaiyyət, incəsənət nümayəndələri də iştirak ediblər.
Tədbirdə həmçinin "Sən şəhid xanımısan" adlı sosial çarx nümayiş etdirilib və layihədə iştirak edən şəhid xanımlarına serifikat və mükafatlar təqdim olunub. Şəhid xanımları bu layihənin həyatlarında oynadığı önəmli roldan bəhs ediblər.
Sonda vətənpərvər şeir və musiqi parçaları ifa edilib.
* Qəhrəman şəhidlərimizə və xanımlarına özəl xatirə hədiyyələrin hazırlanmasında göstərdiyi dəstəyə görə "Alo hədiyyələr"ə təşəkkürlər!