Yaşaya bilməyən azərbaycanlılar

ÖLKƏ
11:44 / 06.05.2022
1015

Orxan Saffari

Azərbaycanlılar hər fürsətdəcə öz həyatını çətinləşdirir. Ümumiyyətlə, biz heç vaxt bekar qala bilmirik, ən bekar anlarda belə. Nəsə axtarırıq, nəsə olmalıdır mütləq. Sükut bizlik deyil, səs-küy lazımdı. Jarqon dilimizdə nə əjdaha ifadələr var, hansı ki, bütün mahiyyətimizi ifadə edir. Üstü örtülü deyəcəm. Məsələn; Kimi "sevək" qabağa düşək? 

Fikir verin, qabağa getmək üçün mahiyyətimizə baxın. Baxın, görün, Azərbaycan insanı boş olanda nələr etmək istəyir. Bu və digər şeyləri heç təndiq kimi də demirəm bəzən. Hərdən özümə də ləzzət edir, deyirəm, harda var e, belə adamlar, belə söhbətlər? 

Nəysə. Bir az da danışsam, camaata yaltaqlanmış olacam. Bu da bəndənizlik deyil. Niyə öz həyatımızı yaşaya bilmirik? Bu suala da xüsusi nəsə açıqlama verə bilməyəcəm. Bircə onu deyə bilərəm ki, öz həyatımız yoxdu. Ümumiyyətlə, Azərbaycan yekə bir morqdu, biz isə çoxdan ölmüşük, amma dərd odur ki, xəbərimiz də var. Yerdən götürən də olsa, olar əla. 

Əsgərlikdə olanlar bilər. Belə ifadə var; " Boş əsgər dolu silahdı" 
Qoy elə bunu da deyim, ürəyim rahatlasın. Bir səydərəm çavuşumuz var idi. Nə vaxt boş əsgər görürdü, qayıdırdı ki, deyəsən, bizdən gəlirsiniz. Əsgər nədi, boş qaldı nədi? Sizə deyim, o çavuş da öz həyatını, işini yaşaya bilmirdi. Trammaları imkan vermirdi ki, adamları rahat buraxsın. 

Biz heç vaxt heç kimi rahat buraxa bilmirik. Xoş günündə də, pis günündə də. Hətta bəzən yaxşılıq edib, pis olan adamın yanında olmaq istəyirik, amma onu da bezdiririk. Azadlıq aydın məsələdir, yoxdur, olmayıb, olmayacaq da. Nə vaxtsa hamının yadından çıxsaq, hamı bizi unutsa, onda azad olarıq. Bu da ki, namümkün. 

Biz dedi-qodu adamıyıq, etiraf etmək çətin olsa da, bir-birimizin ayağını qazanlardanıq. Heç nə yox, ən adi, sıradan, daim olan məsələlərdə hər dəfə eyni mübahisələr, eyni söhbətlər eləməkdən bezmir, bezməyəcəyik də. 

Hər il olduğu kimi bu Ramazan ayının sonuncu günündə də qırğınlar başladı. Adamlar dəydi bir-birinə. Ay batması məsələsini yəqin, bilirsiniz. Həm də, bunun üstündə dindarların və ateistlərin bir-birini necə qırmasını. Mənim üçün Allahın varlığı ilə yoxluğunu sübut etmək istəyən arasınsa heç bir fərq yoxdur. İkisi də qəribə gəlir, ikisi də həyatını yaşaya bilmir. Əsir-yesir olub bu söhbətlərin əlində. Amma neyləyəsən? Eyni tas, eyni hamam, eyni də kisə. Kisəni də özüm əlavə elədim. 

Ölkə dərmanla yaşayır. Apteklər dolub-daşır. Adamlar get-gedə sistem şlankına oxşamağa başlayır. Hamı əsəb, strees. Çünki heç kim işə gedib gələndən sonra da öz həyatını yaşamağa çalışmır, bacarmır. Günorta olan davanı həyəcanla ərinə danışmaq üçün işdən gəlməyini dörd gözlə gözləyən gəlinin nə həyatı olacaq? 

Gözləyirik. Gözləyirik ki, bədbəxət bir hadisə baş versin, danışaq, çürüdək. Gözləyirik ki, kimsə yıxılsın, tapdalayaq. Kim kimi sevdi, kim kimlə harda sevişdi, kim kişidi, kim lezbidi, geydi, daxildə özü bilər desək də, üzdə bu deyil, qələt eliyir deyirik. Ağızdan ağıza sürüyürük adamları. 

Dəhşətdi. Hər şey eyforiyadır. İndi guya mən belə danışıram deyə elə bilirsiz babat həyat yaşayıram? Səd-əfsus. Heç mən də yaşaya bilmirəm, amma burda bir az sizi günahlandırıram. Sizin həyat yaşaya bilməməyiniz, bu cür olmağınız məni incidir, pis eliyir, ak eliyir, danışmasam, yazmasam dözə bilmirəm. Beləcə, öz balaca həyatım da zəhərə çevrilir, qalıram əlinizdə. Məsələn, bu yazıdan sonra mütləq həyat barədə heç bir təsəvvürü olmayan bir nəfər bu yazı həyatıma da qarışmayacaqmı? Deməyəcəkmi hamıya aid etmə, belə olmayanlar da var. Sözün varsa, başa salım. Bəli, həyatı başa salmağa çalışacaq. Yoxdu axı. Öz həyatı olsa, gedib yaşayar. 

Yaşaya bilmirik, sadəcə, ömürdü, öz-özünə gedir, biz də düşmüşük arxasınca. Nə uşaq ola bilirik, nə gənc, nə də qoca. 

İçimizdə yaşaya bilmədiyimiz uşaqlıq, doymadığımız gənclik, gəlməyəcək olan gələcək var. Təxminən, min ildir ki, ölüyük.

0