Bəxtsizlik və məğlubiyyətə dair -  Şəhriyar Del Gerani yazır...

ÖLKƏ
18:27 / 07.05.2022
1936

Çox adama elə gəlir, məğlubiyyət həyatın sonudur. Amma elə deyil. Deyəsən keçən il idi, Azərbaycanda bir abituriyent imtahanda aşağı nəticə göstərmiş, universitetə qəbul ola bilməmiş və gedib intihar etmişdi. Hadisə əlbəttə faciəvi, sarsıdıcıdır. Di gəl, ümumilikdə acılı gülməli tərəfləri daha çox. İstehza deyil, üzülərək gülümsəməkdən gedir söhbət. Guya Azərbaycanda normal bir universitet varmış, həmin universitetə qəbul olunmaq səadət, həyat sığortası, qəbul olunmamaq isə intihar ediləcək qədər tragikmiş. Nə deyim?

Əvvəla, bu fani dünyada elə bir hadisə yoxdur insanı intihara aparsın. Onsuz da nə yaxşı ki, əvvəl-axır hamı ölür. Əgər insan ölümsüz olsaydı, şəxsən mən bunu anladığım gün nəinki intihar edər, ən azı ağlımı itirər, heç olmasa dəli olardım. İkincisi, bu fani dünyadan az-çox xəbərdar olan, həqiqi təhsilin və gerçək tədrisin nə olduğunu başa düşən, ümumiyyətlə, elmin həndəvərində dolaşan istənilən adam çox yaxşı bilir ki, Azərbaycanda universitet yoxdur. Bəlkə də nə vaxtsa olub, deyə bilmərəm. Hər halda, mənim yadıma düşmür. Bəs, nə üçün o biçarə uşaq olmayan bir yerə qəbul olunmadı deyə intihar etmiş? Çünki, reallıq hissini itirmiş. Təkcə o uşaq deyil, onun ətrafındakı toplum da, valideynləri, qohum-əqrəbası, hətta müəllimləri də reallıq hissini itirmiş adamlardır.

Uşaqların tərbiyəsində ən önəmli məsələ onlara nağıllardan ayrılandan sonra reallıq hissini aşılamaqdır. Hər bir valideyn övladına ilkin olaraq hansı ölkədə və hansı şərtlər altında doğulduğunu, yaşadığını izah etməli. İzah etmək üçün də hər bir valideyn öncə özü bir fərd olaraq başa düşməlidir bu həqiqəti. Azərbaycanda doğulmaq təxminən 0:7 hesablı məğlubiyyətlə həyata başlamaqdır onsuz da. Bu boyda uğursuzluğun içində hansı qalibiyyətdən danışmaq olar? Ən yaxşı halda 40 yaşına qədər heç-heçə edə bilərsən gerçək həyatla. Onu da hələ bilmək olmaz. Bir də gördün hakim durar-tutmaz on bir metrlik cərimə zərbələri təyin etdi dalbadal, qaldın girinc giriftar. Nə edəcəksən? Məğlubiyyət kompleksinə düşüb, uğursuzluq duyğusuna qapılıb ömrünü hədərmi edəcəksən?

Üstəlik, məğlub olmaq nədir axı insanları depressiyaya salır? Zənnimcə, məhz bu suala cavab axtarmalıyıq. Sizə bir gerçəyi deyim: hər bir insan bu suala öz cavabını tapmalıdır. Başqa variant yox. Hər bir insan özü gəlməlidir bu qənaətə ki, məğlubiyyət insana aiddir və həyata daxildir. Öz cavabından yola çıxmalısan. Başqalarının cavabları səni yarı yolda qoyacaq. Özün başa düşməlisən bu reallığı.

Sözün düzü, məğlubiyyətdən qorxmaq lazım deyil. Çox adam məğlub olmaqdan qorxur. Tanıdığım adamların təxminən hamısı məğlub olmaqdan qorxur. Amma dedik, məğlub olmaq da insana aid və həyata daxildir. İnsan gerçəkdən o zaman məğlub olur ki, məğlub olmaqdan qorxur. Məğlub olmaqdan qorxdunsa, vəssalam, məsələ bitib. Məğlubiyyəti qürurla qarşılamağı öyrənməlisən necəsə. Nə qədər qorxsan da, bircə dəfə məğlub olduğunu özünə etiraf et, hər şey düzələcək. İnsan ən çox qorxduğu şeyi etdiyi zaman güclənir. Güclənir və reallıq hissini duyur, dərk edir. O zaman görəcəksən yaşamaq nə qədər xoşdur. Bir də, ölümün gerçək olduğu bir dünyada daha qüssəli nə ola bilər ki? Nə qədər gec deyil qəbul et, sən bir heçsən və puçsan. Ömür gedir. Həm də amansızca. Zaman keçdikcə qocalırsan, sahib olduğun göstəriciləri bir-bir, iki-iki, üç-üç itirirsən və 300 il sonra səndən geriyə heç nə, heç kim qalmır, qalmayacaq. Yerli-dibli yox olacaqsan bu yer üzündən. Kimsə səni xatırlamayacaq. Hətta qarğalar da.

Fikir vermişəm, məğlubiyyətdən qorxanlar özləri haqqında yüksək fikirdə olan adamlardır. İnsan qədər aciz və möhtac bir varlıq özü haqqında niyə yüksək fikirdə olsun? Bilmirəm. Heç nə yox, dünyaya necə gəldiyini proses olaraq düşün, ətin töküləcək. Sevmədiyim yazıçı Herman Melvillin yaxşı bir təsbiti var. Deyir, ˝Cahillik qorxunun atasıdır˝. Haqlıdır. Cahillik həm də məğlubiyyətdən qorxmağın banisi. Adətən özü haqqında yüksək fikirdə olanlar, reallıq hissini itirənlər qorxar məğlub olmaqdan. Belələri öz mənfur cəhalətini başa düşməyənlərdir. Cəhalət insanın əzrailidir, onu hər gün öldürər, ölümlə hədələyər. Məğlub olmaqdan qorxan adamlar Allahı unudanlardır həm də. İnsan reallıq hissini nə qədər itirməlidir ki, Allahı unutsun, görməsin? Hər gün çoxlu sayda bəxtini qınayan, taleyini söyən adamlar görürük. Onlara elə gəlir ki, bütün dünya bunların ətrafında dönür. Onlara elə gəlir ki, Allah heç nəyi bilmir və heç nəyi görmür. Amma elə deyil.

Bir dostum var, deyir, ˝Biznes qurmuşdum Ukraynada, sabah axşama biletim vardı, uçurdum Kiyevə, bütün həyatım dəyişirdi, tezdən oyandım ki, müharibə başlayıb, bütün relslər ləğv olunub. Şirkətlərlə müqavilələrimiz də pozuldu, məhv oldu hər şey˝. Bura qədəri normaldır. İnsanlıq halı, gileylənir. Mən də gileylənirəm bəzən, sən də. Olsun. Nə etməli? İnsanıq, bölüşürük əhvalımızı. Faciə bundan sonradır. Dərindən nəfəs alıb dediklərinə son dərəcə inanaraq belə əlavə edir: ˝Bu bəxt ki məndə var, nə desən olar, elə hadisələr olar müharibə onun yanında boş şeydir˝. Heyrət ey büt. Dəhşətdir. Düşünəndə belə adamı vahimə basır. Deməli, o gözəlim Ukraynada neçə-neçə şəhərlər, kəndlər darmadağın olur, yüzlərlə sivil, minlərlə hərbçi ölür, öldürülür, milyonlarla insan qaçqın düşür, büsbütün həyatları, ömürləri sökülür, başlarına uçulur, bütün bunlar bir yana, bircə bunun bəxti gətirmir bu məşum müharibəyə görə. Səbəb? Biznes planı ləğv olub. Söhbətin dərin məzmunu bundan ibarətdir ki, dostum buna səmimi qəlbdən inanır, bəxtini söyür, taleyini yamanlayır və depressiyaya düşür.

Çox adam düşünəcək ki, bunun mətləbə nə dəxli var? Var! Bütün həyatımız belə hadisələrlə doludur. Biz çalışıb bu hadisələrə ad verməli, məntiqi əlaqə yaratmalıyıq. Məgər sizin ətrafınızda belə insanlar yoxdur? Məgər elə siz özünüz belə birisi deyilsiniz? Kimdən gizlədirik özümüzü? İnsanı ən yaxşı özü tanıyır. Özümüzdən ki qaça bilmərik. Çalışıb bir-birimizə dəstək olmalı, həyata səsləməli, reallıq hissini aşılamalıyıq. Heç kəs yaxasını kənara çəkməsin həyatdan. Yaşayırsansa, borclusan. İnsanın insandan başqa heç kimi, kimsəsi yoxdur. Bütün məqamlarda insanın yanında dayanmaq lazım. Adamlara reallıq hissini duydurmaq gərək.

Adamlar çox vaxt həyatı yanlış başa düşür. Adamlar məsləhətə əməl etməsələr də, məsləhətə qulaq asmağı sevirlər. Ona görə də, məsləhət verməkdən qorxmayın. Ağıllı adamlar yolunu sapan yoldaşları, dostları, qohumları doğru yola yönləndirməlidirlər. Bu işi sevərək etməli, usanmamalı, dönməməli bu İlahi tapşırıqdan. İnsanı insana Allah əmanət etdi. Dünyanı da insana Allah əmanət etdi. Gərək bu əmanətə xəyanət etməyək. İnsan yolunu azmağa, özünü itirməyə meyllidir. Sadə həqiqətlərlə izah etməli, yaşamağı öyrətməliyik həm özümüzə, həm də başqalarına. Əksəriyyət elə bilir dahidir, bütün məsələləri həll edib, dünyanı çözüb, həyatı dərk edib. Amma elə deyil. Adicə həyat situasiyasında tir-tir titrəyən gördük neçələrini. Mübahisə etmirəm. Ola bilər əksəriyyət bu və ya bu qəbil məsələləri həll edib özlüyündə. Ancaq və lakin, elə görünmür. Qədim Türk tayfası olan Lullubilərin yaxşı bir ata sözü varmış. Deyirmişlər, ˝Arılar milçəklərlə heç vaxt mübahisə etməzlər. Ki, çiçəklərmi dadlıdır, yoxsa nəcislərmi?˝ İstənilən halda hərə özünə uyğun bir həyat tərzi seçər, elə yaşayar, elə başa düşər həyatı. Nə deyim?

˝Şüəra˝ surəsinin 78-ci ayəsini xatırlayıram: ˝Məni yaradan, əlbət, yolumu göstərər˝. Bunu biz demirik, Allah deyir. Hər bəndənin bir yolu vardır ən çıxılmaz həyati dalanlarda belə. Sadəcə, səbr edib düşünməli, o yolu, o işığı görməli. Əvvəla, özlüyündə ayırd etməlisən nəyə, kimə tapındığını. Kim nəyə tapınarsa, onun quludur: insana tapınan insanın quludur, pula tapınan pulun, şöhrətə tapınan şöhrətin. Allahdan başqa nəyə tapınar, kimə baş əyər isən, səni alçaldar, ucuzlaşdırar. Üzün varsa, istəyə bilirsənsə, Allahdan istə. Verərsə, arzuna çatarsan, verməzsə, bəladan qoruyar. Ən əsası, alçaltmaz, kiçiltməz. Allaha məğlub olan insan heç kimsəyə məğlub olmağı düşünməz və kimsəyə məğlub olmaqdan qorxmaz.

Unutma, heç bir dünyəvi şeyə görə peşman olmayacaqsan. Peşmanlıq maddi olanda deyil, ruhani, əxlaqi olanda faydalıdır yalnız. Məğlubiyyətdən qorxan adamlar adətən keçmişə çox bağlı olur, keçmişlə yaşayır. Onlara elə gəlir, keçmişdə etdikləri hansısa səhvə görə uğursuzluğa düçar olublar. Amma elə deyil. Heç kəs keçmişə qayıdıb nəyisə düzəldə bilməz. Keçmişə qayıdıb hansısa səhvləri düzəltmək istəsən, əmin ol, ondan daha dəhşətli, daha betər səhvlər edərsən. Nədən ki, insan təkcə öz ömrünü yaşamır, həm də başqalarının taleyində yaşayır. Məğlubiyyətdən qorxmamaq üçün insana eşq lazımdır. Eşq ruhu qüvvətləndirər. Eşqsiz insan məğlubiyyətdən, ölümdən qorxduğu qədər həyatdan da qorxar. Yaşamaqdan qorxan onlarla adamlar tanıyırıq ətrafımızda. Əksəriyyət düşünür, ˝Əşşi, yaşa getsin necə gəldi, insan dünyaya bir dəfə gəlir˝. Elədir, insan dünyaya bir dəfə gəlir. Amma bu, o demək deyil ağlına və ağzına gələn kimi yaşamalısan. İnsan axirətə də bir dəfə gedir, unutma...

Diqqətli oxucular yuxarıda verdiyimiz bir suala öz cavabını axtarmaqda. Bəli, biz nə üçün məğlub olmaqdan qorxuruq? Diqqətsiz oxuculara xatırlatdıq, sual belə idi. Allah şahiddir, heç bir oxucunun əziyyət çəkməsini istəmirik.

Bunu da xatırladaq ki, insanın ən böyük qazancı azadlığıdır. Çox adam azadlıqla azğınlığı səhv salır. Necə ki, özünəhörmətlə yekəbaşlığı, təvazökarlıqla əzilmişliyi, minnətdarlıqla yaltaqlığı, qənaətlə xəsisliyi, sadəliklə düşüklüyü və s. Eləcə də azadlıqla özbaşınalığı çox adam səhv salır. Söhbət gerçək azad ruhdan gedirsə, deməliyik, qorxularına qalib gələn insanlar, məğlubiyyətdən qorxmayanlar, məğlub olmağı həyatın bir parçası sayanlar, onlar, yalnız onlar dadacaq həqiqi azadlığı.

Bəxtini söyməyə cəhd etmə, məğlub olmaqdan qorxma. Hər kəsin atının alnında bir gündoğan yeri vardır əlbət.

Belə rəvayət olunur ki, uzaq bir məmləkətdə bir şah varmış. Şahın da gözünün ağı-qarası bircəcik qızı. Qız çox gözəl imiş. Günəşə sən çıxma, mən çıxım, çaylara sən axma, mən axım deyərmiş. Şahın qızı günü-gündən parlaqlaşar, heykəllərcə təmkinli, mələklərcə ədəbli, vəzirlərcə ağıllı, kamallı olarmış. Qızın gözəlliyinin, ədəbinin namı bütün ətraf mahalları, kəndləri, şəhərləri fəth etmiş, aləmi bir-birinə vurmuş, gənc oğlanları sıraya düzmüşdür. Şah bir gün qərara gəlir, qızını ərə versin. Saray əyanlarından biri – olduqca müdrik, dünyanın gəlişini, gedişini, dünənini, indisini, sabahını çox yaxşı duyan, gərdişi-dövranı əlinin içi kimi bilən, yaşı yüz otuzu haqlamış bir biləndər şahın qulağına xəlvətcə pıçıldamış ki, ˝Gözəl qadınlar vaxtında ailə qurmayanda səydəşləşir˝. Bu da şahın ağlına batmış, vəziri çağırmış və buyurmuş:

˝Hamıya bəyan eylə, gələn ayın bu günü, dan yeri sökülər-sökülməz şəhərin böyük meydanında at yarışı keçiriləcək. Yarışda ən güclü olan kimdirsə, qızımı onunla evləndirəcəm˝. Vəzir demiş, ˝Şah sağ olsun, əmriniz anlaşıldı, hər işin sizə və sarayımıza layiq olması üçün əlimdən gələni əsirgəməyəcəm˝. Daha sonra vəzir şahın qızını məsələdən agah eyləmiş, qızın da çox könlüycən olmuş. Vaxt ötür, vədə yetişir, şahın dediyi gün dan yeri sökülər-sökülməz şəhərin böyük meydanı yarış iştirakçıları ilə dolub daşır. Bu xəbəri eşidər-eşitməz şahın qızına elçi düşən bütün cavanlar ətraf mahallardan, kəndlərdən, şəhərlərdən atlanıb yarış gününü gözləmiş, meydana axışmışlar. Şah və qızı bütün saray əyanları ilə birlikdə şəxsi tribunada yerlərini rahatlamış, səbirsizliklə yarışın başlamasını gözləyir. Bu dəmdə vəzir şahın bəyanını yarış iştirakçılarına və tamaşaçılara xatırladır:

˝Əzize-mənlər, möhtərəm qonaqlar və igid iştirakçılar. Əlahəzrət şahımız bəyan edir ki, qızını bu yarışda ən güclü olan yarışmaçıyla evləndirəcək˝. Alqışlar qopur, atlar şahə qalxır, kişnərti sədaları ərşə ucalır. Xülasə, yarış başlayır. Toz-duman hər yanı bürüyür, şimşəklər təki çaxan atlar, dolmuş buludlar təki guruldayan atlılar meydanı lərzəyə gətirir. Dövrə bitir, finiş xəttini iki-üç yarışmaçı birdən keçir, hakimlərlə atlılar mübahisəyə qalxır, ara qarışır, məzhəb itir. Toz-duman ortalıqdan çəkiləndə bir də baxırlar, meydanın o başında axsaq atıyla bir nəfər hələ də hərəkətdədir. Şah vəziri çağırıb əmr edir: ˝O atlını yanıma gətir!˝ Vəzir qorxa-qorxa, min bir təlaş içində axsaq atıyla finişə doğru irəliləyən yarışmaçını şahın hüzuruna gətirir. Yaxınlaşanda məlum olur ki, iştirakçının bir qolu da şikəstdir. Hamının diqqəti şaha və axsaq atıyla yarışın nüfuzuna, ciddiyyətinə xələl gətirən şikəst iştirakçıya yönəlir. Şah soruşur:

- Sən hansı cürətlə bu yarışa qatıldın? Sənin atın axsaq, özün də fiziki qüsurlusan...

İştirakçı udqunur, özünü toparlayıb boğazını arıtlayır və cavab verir:

- Şah sağ olsun, cürətim yersizdirsə, əfvinizə sığınıram. Bəli, gördüyünüz kimi şikəstəm, sol qolum anadangəlmə işləmir. Nə etməli? Allahın iradəsi budur. Bəxtimdən qətiyyən şikayətçi deyiləm. Üstəlik, kasıbam, atım da mənə və külfətimizə xidmət etməkdən əldən düşüb. Ayağı sınmışdı keçən il, o vaxtdan bəri axsayır. Yarış olacağını mən də eşitdim, sizin qızınıza layiq olmasam da, özümü sınamaq istədim, elçi düşənlərdən oldum. Doğrudur, bilirdim qalib gələ bilməyəcəm. Amma məğlub olmaqdan da qəti şəkildə qorxmuram.

Bu sözlər şahı bir xeyli düşündürdü. Vəzirə işarə edib belə buyurdu: ˝Hamıya elan et, qızımı bu yarışmaçıya verirəm!˝ Vəzir tutuldu, nə deyəcəyini bilmədi. Əyanlardan həmin o müdrik qoca ərk ilə dilləndi:

- Şah sağ olsun, bayaqdan o yanda mübahisə gedir, finiş xəttini bir neçə igid keçmiş, qalib də onlardan biridir hər halda.

Şah özünəxas təmkinlə buyurdu:

- Ey müdrik qoca, mən bəyan etmişdim ki, qızımı yarışda iştirak edən Ən Güclü adama verəcəm. Deməmişdim qalib kim olsa, onunla evləndirəcəm qızımı. Bu yarışda da ən güclü adam məhz bu iştirakçıdır. Qızımı onunla evləndirirəm...

Əlbəttə, bu rəvayətdə bir hikmət xəzinəsi vardır. Kim o hikməti başa düşdüsə, qıfıllı həyat səadətlərinin bütün açarları onun əlindədir. Çalışın bu fani dünyada bəxtinizi söyməkdən çəkinin, məğlubiyyətdən qorxmayın və mükəmməlliyə can atmayın. Nədən ki, ona heç vaxt nail olmayacaqsınız...

Oxu.az

0